Lerik sakini kömək istəyir
Lerik sakini kömək istəyir
Vüqar İltifatoğlu daşqın nəticəsində uçmuş evinin təmir edilməsini rəsmi qurumlardan xahiş edir

Bu ilin aprelində Lerik rayonunun Çayurd kəndində suvarma üçün nəzərdə tutulmuş süni bəndin daşması nəticəsində daşqın baş verdiyi barədə məlumat vermişdik. Məlumata görə, hadisə aprelin 24-ü gkcə saat 4.00 radələrində qeydə alınıb.
Gölün suyu ətrafdakı evlərin həyətyanı sahələrini basıb. Mövcud vəziyyət barədə müvafiq qurumlara məlumat verilib. Hadisə yerinə təcili olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, kənddə 4 fərdi yaşayış evinin həyətini su basıb, bir evin içərisi isə tamamilə su ilə dolub və oradakı əşyalara ziyan dəyib.
Bu barədə məlumat verən kənd sakinlərinin bildirdiyinə görə, baş vermiş daşqın nəticəsində deyiləndən fərqli olaraq, 4 nəfərin deyil, daha çox adamın evinə zərər dəyib. Onlardan biri isə Çayurdun sakini Vüqar İltifatoğludur. Məlumatda deyilir ki, Vüqarın evi tamamilə yararsız hala düşüb. Bu barədə FHN-in yerli şöbəsi də məlumatlıdır və ona söz verilib ki, evi təmir olunacaq. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, nə onun problemi ilə maraqlanırlar, nə də yardım edirlər. "Dəfələrlə yerli İcra Hakimiyyətinə bununla bağlı müraciət etmişik. Lakin indiyə qədər kimsə bizə bu barədə yardımçı olmayıb".
Vüqar İltifatoğlunun verdiyi məlumata görə, xeyli müddətdir evinin təmir ediləcəyi və ya onu yeni evin veriləcəyini gözləyir. Lakin hələ də ona bu məsələdə köməklik göstərən yoxdur. "Evimin bir tərəfi tamamilə uçub. Orada yaşamaq mümkün deyil. Məcbur olub qohumların evinə sığınmışıq. Amma orda da uzunmüddət qalmaq mümkün deyil. Mənə vəd vermişdilər ki, tezliklə ya evim bərpa olunacaq, ya da yenisini tikib verəcəklər. Lakin indiyə qədər bu məsələdən heç bir xəbər yoxdur".
Lerik sakini deyir ki, bununla bağlı FHN və müvafiq dövlət qurumlarına üz tutaraq, onlardan yardım istəyir.
Namiq