İcra başçılarını gözləyən böyük şok
15:15 25-10-2014
İQTİSADİYYAT
İcra başçılarını gözləyən böyük şok
Onların əsas gəlir qaynaqlarından biri əllərindən çıxa bilər
Azərbaycanda sənədləşdirilməmiş evlərlə bağlı problem günbəgün böyüyür. Araşdırmalar göstərir ki, yerli icra orqanlarının bəzi məmurların ev tikdirən vətəndaşlara süni maneələr yaradaraq ölkə üzrə sənədsiz evlərin sayını artırır.
Əslində, belə evləri heç də sənədsiz saymaq olmaz, əksəriyyətinin tikilməsinə icazə barədə yerli icra orqanından və ya bələdiyyələrdən sənədi var. Amma icra hakimiyyətlərinin (İH) nisbətən yuxarı səviyyələrində onlara maneçilik törədilib və onlar sənədləşməni tam başa çatdıra bilməyiblər, icra hakimiyyəti orqanlarına qədər apar-gətir oyununda hansısa növbəti maneəni keçə bilməyiblər. Bakı və ətrafında tikilmiş evlərin sənədləşməsində əsas problem rayon İH-ləri tərəfindən verilən sərəncamın nisbətən yuxarı instansiyada təsdiqi ilə bağlı olub. Yəni Bakı şəhər İH özbaşına qərar verərək həmin sərəncamların təsdiqini öz səlahiyyətinə götürmüşdü. Amma sərəncamların təsdiqi əhali üçün həll edilməz problemə çevrilmişdi. Araya "maklerlər" girmişdi və bəzi hallarda sərəncamın üzərindəki bir imzanın qiyməti 20 min manata qədər yüksəlirdi.
On ilə qədər davam etmiş belə fəaliyyətin nəticəsidir ki, müxtəlif mənbələrə görə Bakı ətrafında 300 minə qədər sənədləşməsi başa çatmamış ev var. Ölkə üzrə isə sənədləşməsi yarımçıq qalan evlərin sayı 500 minə çatır.
Bu məsələyə son illərdə artan diqqət də məsələdə ciddi dönüşə səbəb olmayıb. İcra hakimiyyətləri yenə də yuxarıda sadalanan problemləri yaradaraq ölkə üzrə sənədsiz sayılan evlərin sayını artırmaqla məşğuldurlar. Ölkə üzrə sənədləşməsi yarımçıq qalmış evlərin sayı 500 min olduğu halda 2010-cu ildə cəmi 11,6 min fərdi evə sənəd verilib. Üç il qabaq məsələyə diqqət xeyli güclənsə də, sənədləşdirilən fərdi evlərin sayında cüzi artım olub və 2011-ci ildə 13,4 min, 2012-ci ildə isə 15,2 min fərdi evə sənəd verilib.
Göründüyü kimi, bu sürətlə Bakıdakı mövcud fərdi evlərin tam sənədləşməsini 20 ilə başa çatdırmaq olar. Həmin müddətə bu evlərin sahiblərinin əksəriyyəti dünyasını dəyişmiş olacaq ki, yüz minlərlə Azərbaycan ailəsinin başçısı dünyasını narahatçılıqla, nigaranlıqla dəyişəcək. Bu sıraya Bakıda tikilmiş yeni binalardakı 6 minə yaxın mənzilin sahibini də aid etmək olar. Ümumiyyətlə, yeni tikilən Bakı binalarında qəribə oyunlar oynanır. On il qabaq pul verib ev tikdirmiş insanları zaman-zaman aldadan möhtəkirlər ortaya çıxır, onlardan elə də çox olmayan məbləğdə (məsələn 500 manat) pul yığırlar. Bir müddət sonra həmin adamların fırıldaqçı olduğu aşkarlanır. Elə bina var ki, üç dəfə bu cür pul yığılıb.
Məsələni araşdırdıqda əsas problemin məhz icra hakimiyyətlərindəki bürokratlardan qaynaqlandığını görmək olur. Əslində, Azərbaycanda İH-lərinin fərdi evləri sənədləşdirmə proseduru sovet qanunvericiliyindən qalıb. O vaxt hər şey, hətta əhalinin tikdirdiyi fərdi evlər də sosialist, yəni dövlət mülkiyyəti sayılırdı. Buna görə də istənilən tikilmiş ev dövlət qəbulundan keçilirdi. Hazırda isə heç bir mənası olmayan bu mexanizm sadəcə bir sıra İH məmurlarının cibini doldurmağa xidmət edir. Əksər ekspertlər bu praktikanı ləğv etməyə, İH-lərini bu prosesdən uzaqlaşdırmağa çağırır.
Bir müddət əvvəl iqtisadçı ekspert Vüqar Bayramov demişdi ki, dünyanın heç bir ölkəsində bir-iki mərtəbəli evlərin tikilməsində dövlət qəbulu, tikinti ekspertizası aparılmır. Onun fikrincə, Azərbaycanda bu prosesi başqa qurumların əlindən alaraq bütünlüklə ASAN xidmətə vermək olar. "Bunun üçün xidmətə ilk öncə ərizə və layihə elektron formada xidmətə təqdim edilməlidir. Daha sonra ASAN xidmət səyyar şəkildə evin ekspertizasını keçirib onu sənədləşdirə bilər. Yəni bu məsələdə də "bir pəncərə" sisteminə keçmək olar", - deyə ekspert qeyd etmişdi.
Həmçinin ölkədə sənədləşməsi yarımçıq qalmış 500 minə yaxın evin sənədləşdirilməsini də ASAN xidmətə tapşırmağı məsləhət görülür.
Artıq bu təkliflərin ucadan səslənməsi hökumət daxilində də müzakirələrə yol aça və müsbət rəy alaraq gerçəkləşə bilər. Belədə isə başda rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri olmaqla xeyli məmurun qanunsuz bir gəlir qaynağından məhrum olması qaçılmazdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53