Güllə altında dərs - Ermənilərin Tovuzda güllələdiyi məktəbdən REPORTAJ

Məktəbin direktoru yazı lövhəsindəki güllə yerlərini göstərir

"Salam!
Mən Tovuzun Hacıallı kənd tam orta məktəbiyəm. Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin adını daşıyıram. O Qasım Rzayevin ki, hələ də heç bir yerdə büstü qoyulmayıb. Gözləyirəm, bəlkə adını daşıdığım qəhrəmanın büstünü daxilimdə bir yerdə ucaldarlar. Amma hələ ki, mənim köksümə düşmən güllələri saplanır. Özünüz də gördünüz, sinif otağımdaki lövhəmdə, divarımda, pəncərəmdə güllə izləri var. Hələ həyətimdə şagirdlərin topladığı güllələrdən danışsam dastan olar. Neçə nəfəriniz pəncərəsi düşmən postuna baxan sinifdə oturub dərs dinləyə və ya dinlədə bilərsiniz? Baxın mənim bütün bunları bacaran şagid və müəllimlərim var. Sizi necə gülər üzlə qarşıladılar. Bəlkə də içinizdə olan qorxu və tərəddüdü onlar yuyub apardı. Hələ adını daşıdığım Milli Qəhrəmanın qardaşını demirəm. Gəldiyinizi eşidən kimi, işini-gücünü qoyub sizi görməyə gəldi. Nə dedi sizə? Nədən danışdı?".

"Qardaşım 3 ay idi
evlənmişdi..."
Valeh Rzayev, Milli Qəhrəmanın qardaşı:
- Bizim kənd bədnam qonşularımızla təmas xəttində yerləşir. Bu qədər atəşkəs pozulur, amma bir gün olsun ki, kənd camaatı kəndi tərk edib getmir. Biz düşmənlə 17 km təmas xəttindəyik. Ermənilər gəlib bizim toylara qulaq asırlar. Qardaşım 1970-ci il may ayının 5-də anadan olub. Ailənin sonbeşiyi idi. 1988-ci ildə Ukraynanın Nikopol şəhərinə hərbi-xidmətə gedib və artilleriya alayında topçu olub. 1991-ci ilin fevralın 1-də Milli Orduya könüllü yazıldı. Ondan 3 ay qabaq ailə qurmuşdu. Biz ona dedik ki, getmə. Dedi ki, yox, bəs, kim getməlidir, Vətəni kim qorumalıdır!? Könüllü olaraq 812 saylı hərbi hissənin ilk əsgəri oldu. Erməni kəşfiyyatı tərəfindən izlənilən və heç kimin idarə etmək istəmədiyi maşını idarə etməyə başladı. 1992-ci il may ayının 14-də Quş dağına elə həmin maşını ermənilər vurdu. Qardaşım o zaman çox ağır yaralandı. Mayın 15-də də vəfat etdi. Övladı da olmadı ki, ondan bir nişanə qalsın. Amma mən və ya qardaşım, Allah qismət etsə nəvəmizə onun adını verəcəyik.
"Bəli, yeni Qasımlar doğulacaq. Adı Qasım olmayan, amma onun kimi mərd olan nə qədər şagird oturur partalarımın arxasında bilirsiniz? Baxın onlar nə deyir?".
Onuncu sinif şagirdi Etibar:
- Güllə səsləri gələndə biz bir az qorxuruq, amma yenə də dərsimizə davam edirik. Heç vaxt güllədən qorxub qaçmamışıq. Müəllimlərimiz də, valideynlərimiz də həmişə bizə dəstək olurlar. Gözümün qabağında kimisə vurmayıblar, amma kiminsə vurulması xəbərini tez-tez alırıq. Hərbi-hissələrə də tez-tez gedirik. Mən özüm də ali hərbi məktəbə hazırlaşıram. Bu ixtisası qəhrəmanlarımıza və torpağımıza görə seçmişəm.
Digər 10-cu sinif şagirdi Xanım Mürsəlova:
- Müharibə şəraitində olmağımıza baxmayaraq davamiyyətimiz yüz faizdir. III qrupa hazırlaşıram, hüquqşünas olmaq istəyirəm. Güllədən qorxmuram, onun səsinə öyrəşmişəm. Bilirsiniz, oxumaq istəyən hər yerdə oxuyar. Bunun cəbhə bölgəsinə aidiyyatı yoxdur. Atışma olur səhəri gün bütün şagirdlər və müəllimlər yerində olur. Valideynlərimiz təhsilimizə mane olmur.
"Oxumaq istəyən hər yerdə oxuyar. Ağıllı qızım yaxşı dedi. Amma yaxşı şagird yetişdirmək üçün yaxşı müəllim də lazımdır. 40 ildən çox mənim sinif otaqlarımda külüng çalan müəllimlərim var".
Məktəbdə 52 müəllim çalışır ki, onların da çoxunu qadınlar təkil edir.
"Güllə də atılıb, daladalanmışıq da, uşaqları qucağımızda da gizlətmişik"
Məktəbin direktoru Mehriban Rüstəmova:
- Səkkiz ildir ki, bu məktəbdə direktoram. Məktəbdə hazırda 437 şagird var və məktəb 350 yerlikdir. Heç bir çətinliyimiz yoxdur. Kadr problemimiz də yoxdur və hər kəs öz sahəsi üzrə çalışır. Amma dərs zamanı atışma səsləri eşidilir. Həmin an uşaqları dəhlizə aparırıq. Atışma vaxtı uşaqları evə buraxmırıq. Atışma davam edir, amma biz də tədrisimizə davam edirik. Bu, bizim həyat tərzimizə çevrilir. Ali məktəbi bitirib gəlib yenidən bizimlə işləyən məzunlarımız var.
Hacıallı kənd orta məktəbinin təşkilatçı müavini:
- Bu güllələr atışma vaxtı bizim məktəbimizin həyətinə tökülən güllələrdir. İndi vəziyyət yaxşıdır, tək-tək güllə səsləri eşidilir. Belə hallar baş versə belə təhsildən yayınan, dərsdən qalan şagirdlər olmur.
Kəmalə Mayılova, müəllimə:
- Üç ildir ki, burada işləyirəm. Biz özümüz bu məktəbin şagirdləri olmuşuq, burda oxumuşuq, burda böyümüşük. Gecələr bu məktəbin zirzəmisində gizlənmişik və gündüzlər oxumuşuq. İndi şagirdlərimiz güllə səsi gələndə bizə ürək dirək verir ki, müəllimə qorxmayın. Onlar artıq bu şəraitə öyrəşiblər.
Rüfanə GÜNƏŞ