Ukraynada inqilabı qanuniləşdirən və parçalanmanı dərinləşdirən seçkilər
Ukraynada inqilabı qanuniləşdirən və parçalanmanı dərinləşdirən seçkilər

Fransa nəşrindən ilginc iddialar: "Moskvanın hədəfləri dəyişməz olaraq qalır: Kiyev "böyük qardaş"ının təsirindən azad olmamalıdır"

Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərin rəsmi nəticələri elan olunmasa da, seçkilərin indiyə kimi açıqlanan nəticələri belə bir fikir söyləməyə əsas verir: Ukraynada millətçi və qərbyönümlü güclər qalib gəldi. Müşahidəçilərin qiymətləndirməsinə görə, ukraynalılar ilin əvvəlində həyata keçirilən hakimiyyət dəyişikliyini tam qanuniləşdirdilər. Onların fikrincə, Rusiya bundan sonra Kiyev rəhbərliyini "xunta" adlandıra bilməyəcək. Eyni zamanda, ölkənin şərqindəki Rusiyapərəst qüvvələri onun maraqlarının Kiyev üçün əhəmiyyətli olduğuna inandırmaq daha çətin olacaq.

Ukrayna seçiciləri prezident Pyotr Poroşenko və baş nazir Arseniy Yasenyukun partiyalarına dəstək ifadə etdilər. Başqa sözlə, Maydan hadisələrinin nəticəsi olaraq hakimiyyətə gələn siyasi güclərə üstünlük verdilər. Bununla belə, Poroşenkonun Partiyası gözlənildiyindən daha az - 25 faizdən də aşağı səs aldı. Bu isə onun 25 may tarixində qələbə qazandığı prezident seçkilərindən sonra reytinqinin düşdüyünü göstərir.
"Affentreqer" nəşri hesab edir ki, bunun əsas səbəbi Ukrayna prezidentinin separatçı Şərq bölgəsinə xüsusi status verməsidir: "Amma Poroşenko üçün yaxşı nəticə odur ki, baş nazir Arseniy Yasenyukun partiyası qalib gəlir. Bu koalisya üçün faydalıdır. Eyni zamanda, Yasenyuk seçkiqabağı kampaniya zamanı radikal millətçilər kimi Moskva və Rusiyayönümlü separatçılarla bağlı sərt kursu dəstəkləyirdi. Bundan sonra Poroşenko onların tələblərinə məhəl qoymaya bilməyəcək".
"The New York Times" qəzeti yazır ki, qərbyönümlü partiyaların təsirinin güclənməsi Birləşmiş Ştatlar və onların Avropa müttəfiqləri tərəfindən müsbət qəbul ediləcək: "ABŞ ilə Avropa Birliyi 1990-cı illərin Balkan müharibələri və "soyuq müharibə" dövründən sonra Qərb və Rusiya arasında ən təhlükəli münaqişənin qan tökülmədən həllini istəyir. Amma bu Putin qədər Poroşenkodan da asılı olacaq. Eyni zamanda döyüşən şərq sakinlərini onların maraqlarının Kiyev üçün prioritet olduğuna inandırmaq Poroşenko üçün problemə çevrilə bilər".
Ali Radada yer alacaq partiyalardan biri olan "Mixalifət bloku" rusmeylli hesab edilir. "Müxalifət bloku"na Ukraynanın şərqində sıx əlaqələrə malik olan keçmiş prezident Viktor Yanukoviçin tərəfdarlarından bəziləri daxildir. "The New York Times" hesab edir ki, rusmeylli siyasi güc Putinlə gələcək danışıqlarda və münaqişənin həllində həlledici rol oynaya bilər: "Müxalifət bloku"na Yuri Boyko rəhbərlik edir. O, Yanukoviçin vaxtında baş nazirin müavini və energetika naziri işləyib. Boyko həmçinin 2002-2005-ci illərdə Ukraynanın enerji şirkəti "Naftoqaz"a başçılıq edib".
"Time" jurnalının əməkdaşı Saymon Şuster isə bu fikirdədir ki, Ukrayna parlament seçkiləri milli parçalanmanın qarşısını almağa kömək etməyəcək.
Ultramillətçi "Azov" batalyonunun komandiri Andrey Beletski Ukraynanı barışıqdan imtina etməyə və müharibəyə davam etməyə çağırıb. S.Şüster həmçinin qeyd edir ki, 20 illik müstəqillik dönəmində Ukrayna xəritəsinin təxminən ortasından keçən siyasi xətt son aylar aradan qalxıb: "İyirmi ildən artıqdır ki, seçkilər Ukrayna cəmiyyətinin hər iki yarısını parlamentdə geniş əks etdirir. Bu balans mart ayında Krımın Rusiya tərəfindən tutulmasından sonra pozulmuşdu. Mayda keçirilən ictimai rəy sorğusuna əsasən respondentlərin 76 faizi Şərqi Ukraynanın simpatiya bəslədiyi Putinə mənfi münasibətini açıqlamışdı. Bir il əvvəl isə bu fikirdə olanlar 40 faiz təşkil edirdi".

"Rusiya Ukrayna planını gizlinə çəkir"

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukraynada keçirilən parlament seçkilərinə münasibət bildirib. V.Quluzadə hesab edir ki, Ukraynanın Avropa İttifaqı yönündə oriyentasiyasını təsdiq edən seçki keçirildi.
Keçmiş müşavirin sözlərinə görə, kommunistlərin Ali Radada yer almaması Ukrayna xalqının onlara olan münasibətinin göstəricisidir: "Radikallar da parlamentdə yer almadılar. Ukrayna Ali Radasını artıq Qərbyönlü qüvvələr təşkil edir. Yeni parlament Ukrayna adına uğurlu olacaq. Qarşıda duran problemlərin öhdəsindən gələcək".
Vəfa Quluzadə Avstriya Kansleri Verner Feyermannın Avropa İttifaqı və ölkəsinin Ukraynanın Rusiyaya olan borclarını ödəyəcəyi barədə açıqlamasına da toxunub. V.Quluzadə qeyd edib ki, Avropa İttifaqının belə bir addım atması Rusiyaya ağır zərbə olacaq. O, bununla Rusiyanın Ukraynaya təzyiqlərinin bir qədər də azalacağını düşünür.
Vəfa Quluzadə seçkilərin başa çatmasından dərhal sonra Rusiyanın Ukraynanın Şərqinə ordu birləşmələri göndərməsinə inanmadığını bildirib. Rusiyanın seçkilərin nəticələrini əvvəlcədən bildiyini deyən politoloqun sözlərinə görə, Moskvanın səylərinə baxmayaraq, Ukrayna Avropaya inteqrasiya siyasəti üzərində dayanacaq: "Ona görə də Rusiya əvvəldən seçkinin nəticələrini tanıyacağını bildirdi. Rusiya bunu nəzərə alaraq Ukrayna siyasətini gizlinə çəkəcək. Rusiyanın planı gizli şəkildə xüsusi xidmət orqanlarının vasitəsilə seperatçılara silah-sursat göndərməklə məhdudlaşacaq. Açıq meydan oxumaqdan geri çəkiləcək. Rusiya Ukraynadakı iştirakını tamamilə inkar edir. Şərqi Ukraynaya hərbi birləşmələr göndərməsi barədə yayılan məlumatları üzərindən atır. Ona görə də bölgəyə açıq şəkikdə ordu göndərə bilməz. Amma parlament seçkilərdindən sonra gizli olaraq, seperatçılara dəstək üçün silah, kiçik hərbi birləşmələr göndərə bilər".

Kremlin Avropada
"beşinci kolon"u və
ya Parisin
"qərbyönümlü"lüyü

Rusiya ötən bazar günü Ukrayna Ali Radasına keçirilən seçkilərdə özünü olduqca təmkinli göstərdi. Ukraynada qərbyönümlülər qələbə qazandı, amma Avropa ölkələrinin Rusiyaya qarşı vahid mövqe nümayiş etdirməməsi Moskvanı müəyyən qədər sakitləşdirir. Belə bir qənaətə Fransanın "Liberation" nəşri gəlib.
"Rusiya KİV-inin Ukrayna hakimiyyətinin ünvanına düşmən ritorikasına baxmayaraq, Moskva seçkilərin legitimliyini şübhə altına qoymadı. Kreml anlayır ki, yeni tərkibli Ali Rada olduqca qərbyönümlü olacaq. Hərçənd Moskvanın hədəfləri dəyişməz olaraq qalır: Ukrayna "böyük qardaş"ının təsirindən azad olmamalıdır", - deyə məqalədə deyilir.
Ukrayna Ali Radasına keçirilən seçkilərə Rusiyanın münasibətinə qısa şəkildə yer verən "Liberation" daha sonra gərginləşən Qərb-Rusiya münasibətləri fonunda bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın Moskva ilə yumşaq münasibətlərinə toxunub: "Məsələn, Macarıstan Putini açıq şəkildə dəstəkləyir, Rusiyanın əsas iqtisadi partnyoru olan Almaniya əsasən barışdırıcı tondan istifadə edir, Fransa isə "Rusiyanı alçaltmaq lazım deyil" tezisini irəli sürür. Fransanı Rusiya ilə ən müxtəlif maraqlar (neft, atom enerjisi, silahlanma və siyasi məsələlər) birləşdirir".
Yazı müəllifləri qeyd edir ki, Fransa baş nazirinin Parisdəki iqamətgahı yaxınlığında "qəribə" Demokratiya və Əməkdaşlıq İnstitutu (IDC) yerləşir. Burada təşkil olunan dəyirmi masalarda "insan hüquqları", Ukraynadakı hadisələr və ya "seksual inqilab" kimi mövzular müzakirə olunur. "Liberation"un jurnalistləri iddia edir ki, institut dəyirmi masalara fransız siyasətçiləri, biznesmenlər və digər nüfuzlu fiqurları daim dəvət edir və mənşəyi naməlum olan Rusiya mənbələrindən maliyyə alır.
"IDC 2008-ci ildə yaradılan, amma az bir zamanda tanınan çoxsaylı qurumlardan biridir. Məqsədi son illərdə Moskvanın Fransada daha tez-tez üzə çıxan sirli vasitəçiləri ilə əlaqə qurmaq və Putin hakimiyyətini dəstəkləyən ruspərəst əhvali-ruhiyyə nümayiş etdirməkdir", - deyə məqalədə bildirilir.
Jan-Pyer Şevenmanan 2012-ci ildə Rusiya ilə münasibətlərin inkişafı üzrə xüsusi nümayəndə təyin edilib və indiyə qədər bu vəzifəni tutur. O, sollar arasında Putinin ən məşhur pərəstişkarlarından biridir və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxıb. "Putin Rusiyası Fransada özünə xeyli tərəfdarı təmin edib. Onlar Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyir və separatçıların bölgədəki cinayətlərinə göz yumurlar. "Rusiya prezidentinin dostları" Putinin "güclü lider" imici ilə ovsunlanıb", - deyə fransız nəşri sonda qeyd edib.

Poroşenko "Vətən
müharibəsi-2014"-də
qələbə qazanacağına
söz verdi

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü münasibətilə xalqa müraciət edib. unian.net saytının verdiyi məlumata görə, dövlət başçısı 2014-cü ildə vətən müharibəsində də Ukraynanın qələbəsinə inandığını bildirib.
Ukrayna prezidenti 70 il bundan əvvəl babalarının Ukraynanı faşist işğalçılarından azad etdiyini qeyd edib: "Hələ 1939-cu ilin martında - İkinci Dünya müharibəsinin başlanmasına yarım il qalmış ölkəmiz qanlı faciənin nəfəsini hiss etdi. Biz Karpat Ukraynasının müdafiəsi üçün işğalçı qoşunlarla qeyri-bərabər döyüşə girdik. Həmin vaxtdan keçən altı il ərzində Ukrayna iki totalitar rejimin oyunlarının icra olunduğu, xüsusilə sərt və genişmiqyaslı döyüş əməliyyatların aparıldığı döyüş meydanına çevrildi".
P.Poroşenko bildirib ki, məhz Ukrayna torpağında dünyanın gələcək taleyi həll olunub: "Vuruşan tərəflər, demək olar ki, bütün strateji müdafiə və hücum əməliyyatlarının yarısını Ukrayna ərazisində həyata keçirib. Faşistlərin quru qoşununun altmış faizindən çoxu ölkəmizdə məhv edildi. Doqquz milyon insanımız Qırmızı Ordunun tərkibində düşmənlə döyüşdə iştirak etdi".
Ukrayna dövlət başçısı ölkənin 70 ildən sonra yenidən müharibə ilə üz-üzə olduğunu, ancaq hazırda müharibənin Qərbdən deyil, Şərqdən gəldiyini vurğulayıb: "Mən 2014-cü il Vətən müharibəsində qələbəmizə qətiyyətlə inanıram. Mənim siyasi-diplomatik planım Donbas hövzəsinə və bütün Ukraynaya sülh gətirəcək".

"Rusiyadan Krıma vəhabi axını başlayıb"

Rusiya Strateji Araşdırmalar İnstitutunun politoloqu Qalina Xızıryeva federasiyadan Krıma radikal terrorçu axınının olduğunu açıqlayıb. Ukrayna mətbuatının məlumatına görə, Q.Xızıryeva terrorçuların radikal İslam təşkilatı üzvləri olduqlarına diqqət çəkib: "Rusiya Müftilər Şurası nümayəndələri mütəmadi olaraq Krıma gəlirlər. Şura üzvlərinin Krımda müsbət yöndə fəaliyyətlərinin olduğunu düşünmürəm. Onların məqsədləri, qarşılarına qoyulmuş vəzifələri var". Qalina Xızıryeva eyni zamanda Rusiyadan Krıma vəhhabi axınının da güclü olduğunu bildirib. O, bu məsələyə münasibət bildirməyəcəyini deyib və Krım rəhbərliyini diqqətli olmağa çağırıb.
Kənan Rzaquliyev