Əli Kərimlinin tifaqını dağıtdılar
08:07 30-10-2014
İQTİSADİYYAT
Əli Kərimlinin tifaqını dağıtdılar
AXCP sədrinə istefa şoku yaşatdılar, 52 nəfər partiyadan getdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sıraları seyrəlməkdədir. Bu dəfə isə AXCP sədri Əli Kərimliyə şok yaşadıblar. Belə ki, indiyə kimi görünməyən səviyyədə kütləvi istefa olub.
"Unikal"ın məlumatına görə, AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb. Qəzetimizə daxil olan bəyanatda istefa səbəbi kimi şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniya göstərilib. Şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə sabiq sədr arasında narazılığın yarandığı deyilir. Şöbənin Kəmaləddin Rəhimovdan əvvəlki sədri Mahir Qulubəyli partiya daxilində qarşıdurma yaratmaqda ittiham olunur.
"Maddi maraqlarına görə bəzi gənclər Kəmaləddin Rəhimov barəsində şərəfsizcəsinə şayiələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. AXCP rəhbərliyinə nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, "süni" konfrans keçirildi, hakimiyyətin "yaxın dostu" İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Bu hadisələr zamanı baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə savadsızlıqları ilə şəhərdə ad qazanmış 5-6 nəfər bizi bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara "dur" deyən olmadı. Ona görə də, aşağıda adı qeyd olunan AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik", - deyə rayon şöbəsinin bəyanatında bildirilir.
"Unikal"ın məlumatına görə, AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli isə deyilənlərlə razılaşmayıb. O, K.Rəhimovun 2013-cü il 9 iyun tarixində vəzifəsindən uzaqlaşdırıldığını yazıb: "Kəmaləddin Rəhimovun hakimiyyətə yaxın şəxslərlə əlaqəsi olub. Həmin şəxslərdən biri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır. Akif Nağının hakimiyyətə bağlılığı hər kəsə bəllidir. Sumqayıt cəbhəçiləri də Kəmaləddin Rəhimovun Akif Nağı ilə isti münasibətdə olduğunu biləndən sonra toplaşıb onu partiyadan çıxarıblar". AXCP rəsmisi Akif Nağı ilə Kəmaləddin Rəhimovun birgə fotosunu da paylaşıb.
Məsələylə bağlı araşdırmamızın nəticəsi olaraq, qeyd edək ki, AXCP sədri Əli Kərimlinin yürütdüyü siyasət partiyada çoxlarını narazı salıb. Elə son bir il ərzində onlarla cəbhəçi ondan üz döndərərək partiyanı tərk ediblər. Bu barədə "Unikal"a açıqlama verən AXCP fəallarından biri baş verənlərdə Əli Kərimlinin günahı var: "Əli Kərimli neçə vaxtdır yalnız öz maraqlarını güdür. Məhz bu səbəbdən də partiyada daha heç kim qalmayıb. Sumqayıt təşkilatına gəlincə, partiya rəhbərliyi bunu təkzib etsə də, ciddi narazılıq var idi. Axırda da bomba kimi partladı. Bildiyiniz kimi, qarşıdakı dövrdə qurultay keçirilməlidir. Ona görə də Əli Kərimli etibar elədiyi adamları rayon təşkilatlarına gətirməyə çalışır. Son illər onun yürütdüyü yarıtmaz siyasət nəticəsində rayon təşkilatlarında narazılıq var. Qurultay nümayəndələri də rayon təşkilatlarından seçildiyi üçün Əli Kərimli işini bəri başdan həll etmək istəyir. O yaxşı bilir ki, Sumqayıt təşkilatında ona qarşı müxaliflik var. Bu səbəbdən də müxtəlif vasitələrlə onları bezdirib istefaya məcbur etdirdi. İndi isə öz yandaşları vasitəsiylə yalan təbliğat aparır. Guya həmin adamların partiyaya aidiyyatları yoxdur".
Maraqlısı odur ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Publika.az-a açıqlamasında ittihamlara cavab verib. Öz növbəsində o, AXCP sədri Əli Kərimlini hakimiyyətə işləməkdə ittiham edib: "Hakimiyyətə işləyən, ona yaxın olan siyasətçilərin önündə Əli Kərimli durur. 1995 və 2000-ci illərdə parlamentə gedən Əli Kərimli olub. Əgər parlamenti bəyənmirdisə, seçkilərin nəticələrinə etiraz edirdisə, niyə gedib orda otururdu? Yalandan hay-küy salmalarına baxmayın, onlar satılmağa meyllidirlər. Akif Nağı üçün hakimiyyət-müxalifət fərqi yoxdur. Mən Qarabağ Azadlıq Təşkilatının rəhbəriyəm. Bütün tərəflərlə münasibətim var. Kəmaləddin Rəhimov QAT-ın Sumqayıt şöbəsinə üzv olmaq üçün müraciət etmişdi. O, bizə müraciət edəndə dedi ki, AXCP Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsindən çıxıb. Onun partiyadan bizimlə əlaqəsi olduğuna görə çıxarılması ağ yalandır".
Bütün bunlar Əli Kərimli və onun ətrafının iç üzünü göstərir. Ancaq bu yanaşma ilə uzun müddət davam etmək olmaz. Ona görə də Əli Kərimlinin onsuz da dağılmış tifaqının daha pis vəziyyətə düşəcəyi qaçılmazdır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53