Ramiz Mehdiyevdən həyacan siqnalı
Ramiz Mehdiyevdən həyacan siqnalı

Kadr islahatları qaçılmaz olacaq

Son günlər gündəmin diqqətin cəlb edən məqamlardan biri və birincisi PA rəhbəri Ramiz Mehdiyevin verdiyi açıqlamalar, keçirtdiyi tədbirlərdir. Akademik demək olar ki, açıq şəkildə həyacan təbili çalaraq ölkənin kadr potensialında ciddi boşluqların olduğunu, təhsil sisteminin yararsızlığını diqqətə çatdırdı. Gəlin öncəliklə açıqlamadakı bəzi nüanslara diqqət yetirək. Akademik bildirir:" - Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər.


Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir. Mənim yaxşı yadımdadır ki, sovet dövründə siz nadir tədqiqat mərkəzlərindən biri idiniz". Akademik orta məktəblərin də durumuna toxunaraq bildirir:"Burada mövcud problemlərə dair bir neçə konkret rəqəmi gətirmək istərdim. Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi. Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar". Gördüyünüz kimi akademik problemin kökünü belə araşdıraraq açıq şəkildə sübut edir ki, hazırda mövcud ictimai-siyasi durumda, texnologiyaların sürəkli inkişaf mərhələsində Azərbaycan təhsili normalara olduğu kimi cavab vermir. Digər tərəfdən bu açıqlamalar sübut edir ki, Azərbaycanda kadr hazırlığı prosesində də ciddi nöqsanlar var. Ekspertlər hesab edir ki, kadr məsələsində başqa məqamlara xüsusi önəm vermək lazımdır. Bunlar nədir? İlk növbədə hesab edilir ki, mövcud kadr bazasında ciddi çatlar var. Məsələn, müəyyən icra hakimiyyəti başçıları, çinovniklər xalqdan çox uzaqlaşıblar və tutduqları postların siyasi məsuliyyətini sona qədər dərk edə bilmirlər. Həqiqətən son bir neçə il ərzində dəfələrlə dövlət məmurları ilə bağlı həyacan siqnalları gəlmiş və ölkə prezidenti İlham Əliyev müşavirələr keçirərək bu tip məmurlara xəbərdarlıq etmiş, bəzilərini isə tutduqları vəzifələrdən uzaqlaşdırmışdı. Amma problem kökündən həll olunmayaraq qalır. Buna görə əksər analitiklər hesab edir ki, bu gün Azərbaycandakı durum nəzərə alınmaqla mühüm postlara daha çox siyasi hazırlığı olan şəxslər cəlb edilməlidir. Akademik Ramiz Mehdiyevin verdiyi açıqlamalar da bunun təsdiqidir. Qeyd edək ki, Ramiz Mehdiyev bu gün həmçinin ölkənin ideoloji-fəlsəfi dünyasının sistemləşdirilməsində aparıcı rol oynayan simadır və o, daha aydın şəkildə görür ki, əksər dövlət məmurları ideoloji hazırlıqdan çox uzaqdırlar və bu məmurlar üçün kapital, biznes dövlət siyasətindən öndə durur. Məhz biznesə olan marağın nəticəsi idi ki, Qubada, İsmayıllıda ciddi qarşıdurmalar yarandı və harınlamış məmurlar görəvlərindən alındılar. Ekspertlər hesab edir ki, bu gün dünyada gedən inkişaf, texnoloji inteqrasiya o həddə çatıb ki, artıq köhnə təfəkkürlü və kapitalı həyat kriteriyasına çevirən məmurlarla ayaqlaşmaq mümkün deyil. Hətta iddia olunur ki, elə icra başçıları, dövlət məmurları var ki, elektron poçtdan istifadəni belə bilmirlər. Bu isə nəticədə ciddi problemlər yaradır. PA rəhbəri, akademik Ramiz Mehdiyev bu tip açıqlamaları ilə yanaşı, praktik addımlar da atır və bunlardan sonuncusu keçirilən seminar oldu. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında seminar-müşavirəsi başlayıb.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edərək bu seminar-müşavirənin ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsinə və humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi prosesinə layiqli töhfə verəcəyini bildirib.
Şəhər, rayon icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri ilə yanaşı, Prezident Administrasiyasının struktur bölmələrinin, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, şəhər və rayon icra hakimiyyətləri başçılarının da iştirak etdikləri seminar-müşavirənin keçirilməsində əsas məqsəd humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsidir. Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonra akademik Ramiz Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş icra hakimiyyəti başçılarının bir qrupuna "Şöhrət" və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordenlərini təqdim edib.
Daha sonra seminar-müşavirədə Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.
Beləliklə çıxarılan nəticələr bunlar ola bilər.
1. Azərbaycanın kapital bankının yaradılması üçün xüsusi islahatlar aparılacaq.
2. Kadr yenilikləri, hətta ciddi fərq yaradacaq kadr islahatlarının aparılması qaçılmaz olacaq
3. Dövlət qulluqçuları ilə bağlı tətbiq edilmiş yaş senzi tam olaraq tətbiq ediləcək
4. Ali məktəblərdə təhsilin səviyyəsinin qaldırılması üçün mühüm addımlar atılacaq
Mehdi Əli