Ukraynada parlament koalisiyasının tərkibi bəlli oldu

Ukraynada parlament koalisiyasının tərkibi bəlli oldu
"Pyotr Poroşenkonun Bloku" (BPP) koalisiya haqqında razılaşmanın layihəsini təqdim edib. Razılaşmanın layihəsi BPP-nin saytında dərc edilib.

Sənədə əsasən, Ukrayna prezidenti Pyotr Poroşenkonun partiyası baş nazir Arseniy Yasenyukun "Xalq Cəbhəsi" Partiyası və Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası ilə koalisiyanın yaradılması nəzərdə tutulur. Xəbərdə qeyd edilir ki, sənəd "Xalq cəbhəsi" və "Qarşılıqlı yardım" partiyalarının müzakirəsinə verilib.
Ukrayna Ali Radasına seçkilər 26 oktyabrda keçirilib. Son məlumata görə, bülletenlərin 98 faizi sayılıb. Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası 22,18 faiz səslə liderdir. Sonrakı yerləri "Pyotr Poroşenkonun Bloku" (21,82 faiz), Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası (11,01 faiz), "Müxalifət bloku" (9,35 faiz), Oleq Lyaşkonun "Radikal" Partiyası (7,44 faiz) və sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" Partiyası (5,69 faiz) tutur.
Seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra məlum olmuşdu ki, parlament koalisiyasının yaradılması barədə danışıqlar məhz ilk üçlükdə qərarlaşan siyasi güclər arasında aparılacaq. Dünən isə P.Poroşenko A.Yasenyuk və A.Sadovoyla sözügedən məsələnin müzakirəsi üçün görüşüb. "Pyotr Poroşenkonun Bloku" və "Xalq cəbhəsi" sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" Partiyasına da koalisiyanın mümkün iştirakçılarından biri kimi baxılması barədə bəyanatlar verməsinə baxmayaraq, "Pyotr Poroşenkonun Bloku"nun təqdim etdiyi layihə ilkin ehtimalları doğruldur.

Yanukoviçin silahdaşı
seçkiləri tanımadı
"Ukraynanın Ali Radasının yeni tərkibi legitim hesab oluna bilməz". Bu sözləri Ukrayna Radasının keçmiş deputatı, Regionlar Partiyasının nümayəndəsi Oleq Tsaryov "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Ali Radaya keçirilən seçkilər Ukrayna Konstitusiyasının kobud pozuntusudur. Separatçıları dəstəkləyən siyasətçi əmindir ki, Ukrayna prezidenti Pyotr Poroşenko seçkilərdə qarşıya qoyduğu əsas hədəfinə çatmadı: "Pyotr Poroşenko Ali Radada əksəriyyəti formalaşdırmaq istəyirdi. Lakin o, buna nail ola bilmədi. Bu, ilk növbədə baş nazir Arseniy Yasenyukun rəhbərlik etdiyi "Xalq cəbhəsi"nin gözlənilməz uğuru ilə bağlıdır".
O.Tsaryov hesab edir ki, Poroşenko amerikalıların təzyiqi altında "Xalq cəbhəsi"nin liderini baş nazir təyin etməli olacaq.

Ukraynada
ikihakimiyyətlilikdir
Ukraynadakı parlament seçkisinin nəticələri ölkənin siyasi həyatında nəyi dəyişəcək və seçkinin nəticələri istər Avropa, istərsə də Rusiyada necə qarşılanacaq?
Millət vəkili Zahid Orucun sözlərinə görə, Ukrayna cəmi 1 yaş yarımlıq parlamentdən vaxtından tez xilas olmaqla sübut etdi ki, keçmiş sovet respublikaları içərisində ən təminatlı ölkələrdən birinin əhalisi nəinki dərin dövlətçilik böhranı, eləcə də fikir və ideya qeyri-sabitliyindən əziyyət çəkir: "Belə qısa zaman kəsiyində seçicinin mənəvi və maddi tələbatının kəskin dəyişdiyinə inanmaq çətindir. Lakin son 23 ildə üzərində bütün siyasi təcrübələr aparılmış bir millətin daha nə qədər inqilabi potensialının qaldığını artıq əminliklə söyləmək olar. Vaxtilə eyforiya içərisində meydanlara şam daşıyanlar indi dağılmış büdcə, itirilmiş Vətən torpaqları, parçalanmış xalqla və məğlub ordu ilə ümidsizlik girdabına yuvarlanıblar. Taleyi əlində olmayanların hamısının aqibəti belə qurtarır".
Zahid Oruc hesab edir ki, cəmi 52 faiz seçicinin iradəsinə söykənən yeni Rada çox keçməz indi sükut keçirən və taleyinə kənardan tamaşa edən digər yarımxalqın qəzəbi ilə üzbəüz qalacaq: "Nəinki seçkilərin keçirilmədiyi 27 dairədən, deməli 27 deputatdan, eləcə də Şərq regonlarında 70 faizlik səsdən məhrum olunmuş bir parlament ölkənin vahidliyinin mücəssiməsi sayıla bilməz. Qeyd etdiyimiz kimi,35.7 milyon seçicinin yarısı başı üzərində oynanılan tamaşadan qıraqda dayanıb və bunu kimsə oturuşmuş demokratiyalarla eyniləşdirə bilməz. İspaniyada, yaxud İtaliyada cəmi 26 faizlik siyasi azlığın iradəsi hakimiyyətin dayanıqlığına tam zəmanət verə bilər, ancaq orada fors-major situasiyası yarananda çox tezliklə elektoral bazanı səfərbər edib böhranı aradan qaldıra bilirlər. Ukraynada isə vəziyyət tamam başqadır".
Millət vəkili bildirib ki, Ukrayna prezidenti növbədənkənar seçkilərə ona görə əl atmışdı ki, sistemi kökündən dəyişmək üçün Qərbin bütün yardımları qarşısında ən son maneələri aradan qaldırsın və parçalanmış xalqın birliyinə nail olsun: "Lakin Poroşenkonun siyasi texnoloqları onu zərbə altında qoydular. O, başladığı partiyanı uduzdu. Cəmi 4 ay əvvəl inqilab çələngini boynuna taxan və hamıya növbətçi təbəssüm bağışlayan dövlət başçısının ölkədə lider olmadığı üzə çıxdı. Poroşenko mayın 25-də 54 faizlə prezident olmuşdu. Krımı itirmiş və Şərqdə ağır hərbi döyüşlər verən bir xalqın fəallığı onda indikindən də aşağı idi. Ancaq hamıda bir ümid vardı ki, "Şokolad kralı" ölkəni fəlakətdən xilas edəcək. Lakin siyasət çox amansız fenomendir və cəmi 4 aya artıq 30 faizlik reytinq itirilib. Vədlərin boş olduğunu belə tezliklə duyan insanlar onlara konfet kağızında sırınan zəhəri ödlərindən geri qaytarırlar. Arseni Yatsenyuk qalib gəlib və indi Ukraynada ikihakimiyyətlilikdir. Prezident bu marafona təkbaşına qatılaraq qanunverici orqanda tam üstünlüyə nail olacağını düşünürdü. Lakin gözləmədiyi əks nəticə alındı. Ona görə hazırda dövlət rəhbərinin dünyaya verdiyi mesajlar ağır məğlubiyyətin pərtliyini ört-basdır etmək üçündür. Ukrayna cəbhəçiləri indi sərbəst şəkildə hökuməti təşkil etmək üçün parlamentdə koalision ortaqlığı qura bilərlər".
Zahid Oruc hesab edir ki, Azərbaycanın 92-ci il ssenarisi və hakimiyyəti küçədən idarə etmək taktikası on dəfə böyüdülmüş bir şəkildə Ukraynada təkrarlanacaq.

Rusiya Krımdan Ukraynanın materik hissəsinə
hərbi texnika göndərir
Rusiyanın zirehli texnikası işğal edilmiş Krımdan kolon şəklində Ukraynanın materik hissəsinə tərəf hərəkət edir. Hadisə şahidləri hərbi texnikanın hərəkətini videolentə alaraq onu "Youtube" paylaşma saytında yerləşdiriblər.
Videodan görünür ki, zirehli texnikaların üzərində Andreyevski və Rusiya milli bayraqları var. Hərbi kolonda təxminən 20-yə qədər zirehli texnika və minik avtomobillərinin olduğu görünür.

Hərbi ekspert: "Rusiya
Luqanska qoşun toplayır"
Ukraynanın Luqansk vilayətində reaktiv yaylım atəş sistemləri (RSZO) də daxil olmaqla Rusiya artilleriyasının təxminən 40 vahidi qeydə alınıb. Bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində bildirib.
Hərbi ekspert Staxanov-Slavyanoserbsk rayonlarında düşmən qoşunlarının toplaşdığını deyib. Onun sözlərinə görə, silahlı bölmələrin əhəmiyyətli hissəsi "yerli özünümüdafiə qüvvələri"nin formasını geyinən Rusiyanın hərbi qulluqçularıdır.
Kənan Rzaquliyev