Razim Məmmədovun qələmi qırıla bilər
09:31 01-11-2014
İQTİSADİYYAT
Razim Məmmədovun qələmi qırıla bilər
İcra başçısının milyonlara sahib olması və kütləvi narazılıq yaratması onun karyerasını bitirmək üzrədir
Son illər bir sıra dövlət məmurlarının ciddi kapitala sahiblənmələri, biznes şəbəkəsi qurmaları ilə bağlı məlumatlar bir-birini əvəzləyir. Hətta harınlamış bu tip məmurlarla bağlı prezident İlham Əliyevdə açıqlama verərək onlara qarşı sərt mübarizə aparılacağını söyləmişdi.
Dövrü mətbuatda isə məmurlarla bağlı maraqlı açıqlamalar gəlməkdədir. Məlumatların təhlili göstərir ki, son illər dövlət məmurlarının əyləncəsinə çevrilən vərdişlərdən biri də daşınmaz əmlak sahibi olmaq, daha qiymətli villaya sahiblənməkdir. 2 milyondan 25 milyon manata qədər aralıqda dəyişən dəyərli villaların əldə olunması bu baxımdan artıq adiləşib. "Gunpress.az" saytına daxil olan məlumata görə, mənzil sahibi olmaq həvəsində olan və bunu az qala, hobbi həddinə çatdıranlardan biri də Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. Verilən məlumata görə, özü hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəz hissəsində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 350 min manatdır.
"Unikal" olaraq, qeyd edirik ki, Razim Məmmədovun daşınmaz əmlaka meylli olması barədə zaman-zaman məlumatlar vermişik. Belə ki, Razim Məmmədov həmçinin Novxanıda başda olmaqla, istirahət zonalarında mərkəzlərə sahiblənib. Amma onun əsas marağı mənzillərədir. Bizi bilgiləndirən mənbənin sözlərinə görə, Razim Məmmədovun ən sevimli mənzili keçmiş "Muğan" otelinin yerində tikilən hündürmətəbəli binadadır. Müsahibimiz deyir ki, həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar, bir sözlə ən böyük villalarda belə olacaq imkanları yaradıb. Mənbə bunu da bildirib ki, Razim Məmmədovun bu günə qədər diqqəti çox cəlb etməməsinin başlıca səbəblərindən biri də budur ki, o hansı bizneslə məşğul olursa-olsun mütləq bu işi şəriklə görür və şərikləri özündən qat-qat yüksək vəzifədə olanlardır. Buna görə də Razim Məmmədov bu məmurların kölgəsinə çəkilməklə diqqətdən yayına bilir. Amma deyəsən, icra başçısının bu fəndi artıq hamıya məlum olub və hazırda onun sərvətinin yüz milyonlarla manat olduğu söylənilir.
Onu da nəzərə çatdıraq ki, icra başçısı Xətaidə gözəgəlimli yerlərin demək olar ki, əksəriyyətini satıb. Hətta bəzi yaşayış binalarının həyətini hərraca çıxarması da ciddi narazılığa səbəb olmuşdu. O zaman məsələnin mahiyyətini araşdıranda məlum oldu ki, R.Məmmədov həmin ərazidə özünə yaxın adamların adına obyekt tikdirmək istəyir. Məsələ ictimailəşəndən sonra icra başçısı geri çəkilmişdi. Amma qəzetimizə daxil olan xəbərə görə, Razim Məmmədov yenidən hərəkətə keçib.
"Unikal"a yuxarı dairələrdən daxil olan məlumata görə, Razim Məmmədovun son illər həddindən artıq varlanması və bunu ictimaiyyətə nümayiş etdirməsi hiddət yaradıb. Bundan əlavə, onun rəhbərlik etdiyi Xətai rayonunda narazılıqların artması və bunun kütləvi hal alması da vəziyyəti daha da kritikləşdirib. Belə ki, yaxın günlərdə onun karyerasını bitirəcək qərarın verilməsi istisna olunmur. Hər halda, R.Məmmədovu qara günlər gözləyir. Onunla bağlı hansı qərarın veriləcəyini isə yəqin ki, görəcəyik.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00