Avtobuslarda gediş haqqını bahalaşdırırlar
09:39 01-11-2014
İQTİSADİYYAT
Avtobuslarda gediş haqqını bahalaşdırırlar
Nəqliyyat Nazirliyinin bununla bağlı Tarif Şurasına müraciəti üzə çıxdı!
"Nəqliyyat Nazirliyi 4-5 ay bundan əvvəl Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı müraciət edib". Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Ə. Cəfərovun sözlərinə görə, nazirlik əsaslandırılmış şəkildə müxtəlif nəqliyyat mütəxəssislərinin fikirlərini nəzərə alaraq bəzi nəqliyyat xətlərində marşrutların gediş haqlarını qaldırıb: "Tarif Şurasının qərarı ilə 15-25 və 30-40 km-dək olan məsafədə hərəkət edən avtobuslarda gediş haqqı müvafiq olaraq 25 və 35 qəpik təşkil edir. Bu gediş haqqının dəyəri isə avtobusların getdiyi yolun, işlətdiyi yanacağı ödəmir. Avtobusların xarab olduğu halda da təmir xərclərini də ödəmir".
O, deyib ki, gediş haqqının 25 və 35 qəpik olduğu halda, sərnişinlərdən 30 və 40 qəpik alınır: "Bu da sürücü və sərnişinlər arasında bəzən narazılıq yaradır. Bu baxımdan vətəndaş göstərilən ödənişi etməlidir. Buna görə də düşünür ki, qiymətlər artırılmalıdır". Ə. Cəfərov deyir ki, qiymətlər artırılmayana qədər nəqliyyat sistemindəki bəzi neqativ hallar davam edəcək: "Sürücülərə və avtobus sahibləri olan iş adamlarına bu qiymətlə gediş haqqı sərf etməyəcək. Nəticədə avtobuslarda nasazlıq yarandıqda xəttə daha az nəqliyyat vasitəsi çıxacaq ki, bu da nəqliyyatda sıxlığın yaranmasına şərait yaradacaq".
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, yaxın günlərdə Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu ilin sentyabrın 5-də keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib. Şura bildirib ki, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib. Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.
"Unikal" olaraq qeyd edək ki, mətbuat uzun müddət idi yazırdı ki, Nəqliyyat Nazirliyi bir neçə dəfə Tarif Şurasına müraciət edərək tariflərin bahalaşmasını təklif edib. Amma hər dəfə nazirliyin özündən belə bahalaşma təşəbbüslərinin olduğu inkar edilirdi.
Amma ilk dəfədir ki, bu qədər açıq şəkildə məlum olur ki, Ziya Məmmədovun nazirliyi avtobuslarda gediş haqqını bahalaşdırmaq niyyətindədir. Nəqliyyat Nazirliyinin belə bir qiymət artımını necə əsaslandırdığını bilmirik. Ancaq əminliklə demək olar ki, əgər həmin bahalaşma təşəbbüsü reallaşarsa, bu vətəndaşların maraqlarına ağır zərbə olacaq və ilin sonunda bələdiyyə, gələn il isə parlament seçkilərinin gözlənildiyi bir dövrdə hökumətə qarşı narazılıqları artıracaq.
Digər tərəfdən, ekspertlər bildirirlər ki, nəqliyyat sektoru ölkə iqtisadiyyatının əsas qolu olsa da, bu sahədə lazımi inkişafa nail olunmayıb, idarəçilik bərbad vəziyyətdədir. Məsələn, dəmir yolları tamamilə batır. Son beş ildə dəmir yolları təxminən 4 milyona yaxın sərnişin itirib. Eyni vəziyyət hava və dəniz yollarında da hökm sürür. Avtomobil yollarında isə nəqliyyatın intellektual idarə edilməsi layihəsi fiaskoya uğrayıb, şəhərdə tıxac problemini həll etməkdə aciz qalıb. Bütün bunlar ümumi nəqliyyat sisteminin idarəçiliyinin bərbad olduğunu göstərir. Yaranmış vəziyyətdə itkilərin yerini doldurmaq, xərclərin öhdəsindən gəlmək üçünsə çıxış yolunu gediş haqlarını artırmaqda görmək yanlışdır.
Ekspertlərin sözlərinə görə, rentabelliyə nail olmaq üçün nəqliyyat sahəsində məşğul olan dövlət qurumları xərclərini aşağı salmalıdır, nəinki, gediş haqlarını artırmalıdırlar. Gediş haqlarını qaldırmaqla sadə vətəndaşların cibi hesabına xərcləri ödəməyə çalışmaq nə iqtisadi, nə də məntiqi cəhətdən doğrudur, üstəlik, heç bir ciddi effekt verə bilməz.
Hər halda son söz yenə Ziya Məmmədov və onun nazirliyinindir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00