Rövnəq Abdullayev "Hafka"ya 10 milyon manat verdi
09:53 04-11-2014
İQTİSADİYYAT
Rövnəq Abdullayev "Hafka"ya 10 milyon manat verdi
ARDNŞ prezidentindən dar ayaqdakı iş adamına gözlənilməz kömək!
ARDNŞ prezidenti, eyni zamanda AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev dar ayaqda olan "Haka" ləqəbli iş adamı Haiz Məmmədovun köməyinə çatıb. ARDNŞ rəhbəri ona fantastik məbləğdə yardım edib.
Bu barədə verilən məlumata görə, Rövnəq Abdullayev "Hafka"nın rəhbəri olduğu "Bakı" futbol klubuna kömək etmək qərarına gəlib. Ciddi maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi, bilindiyi kimi, bilavasitə federasiya başçısının sayəsində Premyer Liqaya buraxıldı.
Baş katib Elxan Məmmədov, eləcə də "Bakı"nın bəzi rəsmiləri istəyirdi ki, klubu başqaları götürsün, yaxud qurumun öz nəzarəti altına keçsin. Rövnəq Abdullayevin Hafiz Məmmədovla görüşündən sonra dəqiqləşdi ki, çempionatın tərkibində heç bir dəyişiklik olmayacaq, "Bakı" həminki rəhbərliklə yoluna davam edəcək.
Ölkənin futbol həyatına cavabdeh şəxs indi də "Bakı"ya dəstək verməkdədir. O, "Neftçi" ilə oyuna çıxmaq və Qəbələyə getmək istəməyən komandaya maliyyə ayırmağı vəd edib. Daha doğrusu, özü köməyini "zolaqlılar"a təklif edib. R. Abdullayev "Bakı"ya 10 milyon manatlıq yardım söz verib. Onun 7 milyonu klubun bütün borclarını bağlamağa, qalanı isə mövsümü başa vurmağa gedəcək.
Qeyd edək ki, ölkə KİV-i uzun müddətdir Hafiz Məmmədovun borc bataqlığında olmasından yazır. Onun hətta bu yaxınlarda özünün bir neçə mülkünü də elə bu səbəbdən satdığına dair xəbərlər yayılmışdı.
"Hafka"nın maliyyə böhranı içərisində olması onun "futbol biznesi"nə də ciddi təsir edib, bu səbəbdən Məmmədovun rəhbəri olduğu "Bakı"nın futbol klubunda "maaş üsyanı" yaşanıb.
Hafiz Məmmədovun Fransanın "Lans" klubuna boyun olduğu 10 milyon avronu ödəyə bilməməsi isə həmin klubun əsas liqada oynamasını əngəlləyib və klub azarkeşlərinin sərt protestolarına yol açıb. Klub rəhbərliyi "Hafka"nın onlara boyun olduğu pulu ödəmək üçün hətta Azərbaycan dövlətinə açıq müraciət etmək məcburiyyətində qalmışdı.
Bundan başqa, Hafiz Məmmədovun prezidenti olduğu "Baghlan Group"da da maaş gecikmələri yaranıb. "Bachlan Group"la əməkdaşlıq edən subpodratçı firmaların əməkdaşlarının isə hətta apreldən bəri maaş ala bilmədiklərinə dair məlumatlar var.
Bütün bunlar Hafiz Məmmədovun ciddi maliyyə böhranı ilə üzləşdiyinin simptomları kimi qiymətləndirilir. Hətta iş adamının bu yaşananlardan sonra əvvəlcə həbs olunduğu, daha sonra isə ölkəni tərk etdiyi barədə də məlumatlar ortaya çıxmışdı.
İndi maraq doğuran isə Rövnəq Abdullayevin məhz belə çətin anlarında tanınmış iş adamına olduqca yüksək məbləğdə kömək təklif etməsidir. Məsələ burasındadır ki, bir müddət əvvəl mətbuat onların arasında münasibətlərin soyuq olduğunu, gizli ixtilaf yaşadıqlarını yazırdı. Bu isə "Hafka"nın AFFA prezidentinin "vurulmasına" nail olmaq və özünün ölkə futbol təsərrüfatının başına keçimək istəməsi ilə izah edilirdi. Hətta bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimovun "Azərbaycan futbolunda ciddi dəyişikliklərə ehtiyac var" deməyi də R. Abdullayevi AFFA rəhbərliyindən uzaqlaşdırmaq cəhdlərinə bir işarə və sözügedən iş adamının həmin posta gətirilməsinə bir cəhd kimi yozulmuşdu. Bunun da səbəbi ondan ibarətdir ki, Azad Rəhimov Hafiz Məmmədovla daha yaxındır.
Ancaq "Hafka"nın AFFA prezidenti olması istəyi o qədər də inandırıcı görünmür... Elə AFFA rəhbərinin dar ayaqda olan iş adamına iri məbləğdə əl tutması da onlar arasında hansısa "soyuq müharibə"nin cərəyan etdiyinə dair mülahizələri şübhə altına alır.
Başqa bir ehtimal da var: ola bilsin, hər iki oliqarx arasında həqiqətən də müəyyən bir gərginlik mövcud imiş. Ola bilsin, artıq Abdullayevlə Məmmədov arasında "soyuqluq" aradan qalxdığından indi həm də AFFA prezidenti olan ARDNŞ rəhbəri "Baghlan Group" şirkətlər qrupunun maddi çətinliklər içərisində olan prezidentinə yardım əli uzatmağa sövq edib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00