Tağı Əhmədovun sövdələşmələrinə ağır zərbə
09:54 04-11-2014
İQTİSADİYYAT
Tağı Əhmədovun sövdələşmələrinə ağır zərbə
Bakı metrosunun keçmiş rəhbərindən faydalananlar çətin vəziyyətə düşür
Bakı Metropoliteninin struktur və rəhbər dəyişikliyindən sonra bu qurumda gedən proseslər ictimaiyyətin diqqət mərkəzindədir. Bu, təkcə ona görə deyil ki, metro ictimai nəqliyyatdır və burada, tunellərdə baş verən bütün hadisələr insanları maraqlandırır. Bakı Metropoliteni ictimai nəqliyyat vəsitəsi olmaqla bərabər, həm də böyük bir təsərrüfat qurumudur.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Sərəncamı ilə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Sərəncama əsasən, yeni yaradılan QSC Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. Bu, Metropolitenə bu sistemə aid olmayan, kənardan rəhbər təyin olunması burada qayda-qanunların, oturuşmuş ənənələrin dəyişdiriləcəyindən xəbər verən ilk siqnal oldu.
QSC-nin yeni rəhbərliyi təyin olunduğu ilk gündən islahatlara başladı. Uzun illərdən bəri oturuşmuş sistem dəyişdirilməkdədir. İlk növbədə metro keçidlərində, az qala platformalara qədər uzanan ticarət köşkləri qısa müddətdə ləğv edildi. Digər bu kimi köklü islahatlar davam edir. Yeni rəisin qısa müddətdə yeni islahatları göstərdi ki, ticarət köşkləri olmadan da metropoliten işləyə bilərmiş…
Ancaq "Bakı Metropoliteni" QSC-də islahatlar təkcə yuxarıda gösərilənlərlə bitmir. analitik.az-ın məlumatına görə, QSC-nin varisi olduğu "Azərtunelmetrotikinti" SC və digər struktur vahidləri də köklü islahatlara məruz qalıb. 27 fevraladək o qədər də tanınmayan SC-nin böyük istehsalat-təsərrüfat fəaliyyətinə əl gəzdirilir. Nazirlər Kabineti tərəfindən də "Bakı Metropoliteni" QSC-nin qeydiyyat sənədləri və yeni strukturunun təsdiqi yeni rəisə "Azərtunelmetrotikinti" SC-yə daxil olmuş bütün 11 təşkilatı ləğv etməyə əsas verir. Qeyd edək ki, "Azərtunelmetrotikinti" SC ilə yanaşı, bu 11 müəssisənin hər biri ayrı-ayrılıqda müstəqil fəaliyyət göstəriblər. Beləliklə, "Azərtunelmetrotikinti" SC-yə daxil olan aşağıdakı təşkilatların (bunlar hamısı hüquqi şəxslər olub) ləğvi (həm də yenidən təşkili) gündəmdədir:
1. 1 nömrəli tunel tikinti idarəsi, Bakı şəhəri
2. 2 nömrəli tunel tikinti idarəsi, Bakı şəhəri
3. 3 nömrəli tunel tikinti idarəsi, Bakı şəhəri
4. Xüsusi tamamlama işləri idarəsi, Bakı şəhəri
5. Xüsusi hidrotexniki işlər idarəsi, Bakı şəhəri
6. Dəmir-beton konstruksiyalar zavodu, Bakı şəhəri
7. Mexanikləşdirmə idarəsi, Bakı şəhəri
8. Avtonəqliyyat müəssisəsi, Bakı şəhəri
9. "Bakımetrolayihə" institutu, Bakı şəhəri
10. Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, Bakı şəhəri
11. İstehsalat texniki komplektləşdirmə idarəsi, Bakı şəhəri
Lakin Metropolitenin yeni rəhbərliyinin təkcə bu təşkilatların ləğvi ilə kifayətlənməyəcəyi görünür. Ləğvetmə ilə yanaşı bu təşkilatların köklü yoxlanmasına - auditinə başlanıb. 2014-cü ilədək təşkilatların hər biri respublikanın müxtəlif müəssisələri (daha çox özəl subyektlər) ilə dəyəri milyonlarla ölçülən müqavilələr bağlayıblar. Yeni rəhbərlik isə bütün müqavilələrin icrasını dayandırmaqla yanaşı, artıq icra olunmuş müqavilələrin də ləğv edilməsində israrlıdır. Burada maraqlı məqamlardan biri odur ki, bu 11 təşkilatın bağladıqları müqavilələr üzrə onlarla digər müəssisələrdən əvvəllər köçürülmüş müqavilə məbləğləri geri tələb edilir. Bu məsələdə "müqavilə tərəfləri olan təşkilatlar müqavimət göstərməyə çalışırlar. İllərlə Metropolitenlə və "Azərmetrotuneltikinti" SC ilə (o cümlədən, 11 təşkilatla) "qarşılıqlı anlaşma" şəraitində işləmiş müəssisələrin narazılığı əsasən, müqavilələr üzrə köçürülmüş pulların geri qaytarılması tələbilə bağlıdır. Söhbət milyonlardan gedir. Bu milyonların müqabilində Metropolitenin nə qazandığı isə araşdırma mövzusudur. Ayrı-ayrı təşkilatların tərəfdaşları isə müqavilələrin ləğvi tələbi ilə razılaşmırlar.
Bir sözlə, vaxtilə Tağı Əhmədovla sövdələşərək Bakı Metropolitenindən faydalananlar çətin vəziyyətlə üzləşiblər. Onlar illərlə qazandıqları milyonlarından məhrum olmaq üzrədirlər.
Bu baş verənlərin hətta Tağı Əhmədovun özü üçün də müəyyən itkilərə yol aça biləcəyi istisna deyil. Çünki metro rəhbərliyindən kənarlaşdırılsa da, onun müqavilə tərəfləri ilə qeyri-rəsmi anlaşmasının qüvvədə qalması, həmin müqavilələrin gətirdiyi ciddi gəlirlərdən pay götürməyə davam etməsi istisna olunmur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00