Müsavatda iki tirəlik dərinləşir
09:55 04-11-2014
İQTİSADİYYAT
Müsavatda iki tirəlik dərinləşir
Digər partiyalardan da Arif Hacılı-Qubad İbadoğlu davasına mənfi rəylər gəlir
Məlum olduğu kimi, Müsavat Partiyasının qurultayından sonra partiya daxilində qarşıdurmalar dərinləşməkdə davam edir. Xüsusən də Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) "qurultayda heç bir saxtakarlıq olmayıb" qərarından sonra narazılıq daha da artıb.
Daha doğrusu, Qubad İbadoğlunun tərəfdarları üsyana qalxıblar. MNTK-nın rəyini sərt tənqid edən Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub bildirib ki, qurultayda partiyanın təşkilati işlərinə uzun müddət rəhbərlik etmiş şəxslərdən biri olan Zöhrab Məhərrəmov rayon təşkilatları sədrlərinin qarşısını kəsib, İsa Qəmbərin artıq Arif Hacılını seçdiyini və müsavatçıların da bu seçimə səs verməli olduqlarını söyləyib: "Bu, dolayısı yolla qurultay nümayəndələrinin iradəsinə təzyiq idi. İkincisi, qurultayın Təşkilat Komitəsi seçki günü hər hansı siyahıların paylanmasını qadağan etmişdi. Bu qadağanın əksinə olaraq qurultay günü siyahı paylanırdı. İstər sərbəst Məclis üzvləri, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri siyahı əsasında seçilmişdi. Bu iki məsələ mənim müşahidə etdiyim məsələlərdir və kimin nə rəy verməsi mənim bu barədə fikrimi dəyişə bilməz".
"Unikal"ın məlumatına görə, Müsavat başqanının müavini Səxavət Soltanlı başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun partiya rəhbərliyinə ittihamlarına cavab olaraq xüsusi yazı ilə çıxış edib. O bildirib ki, heç kim Müsavata nə müəssisə, nə də laboratoriya kimi baxa bilməz. S.Soltanlı Q. İbadoğlunun "İndiki fikir ayrılıqları Müsavatın yönəldilməsi, siyasəti və strategiyası ilə bağlı fikir ayrılıqlarıdır" sözlərinə cavabında Müsavat Partiyasının siyasətində, strategiyasında, yönəldilməsində heç bir dəyişikliyin edilmədiyini bildirib: "Siz Divan üzvü olan zamanlarda necə idisə, indi də eyni qaydada, eyni hədəflər istiqamətində fəaliyyət göstərir. Siyasi xətt dəyişməyib. Siz bu xəttə qarşısız, Qubad bəy? Bu siyasətə qarşısızsa, niyə rəhbərlikdə olduğunuz illər ərzində bu narazılığı etmirdiniz? Kimin nüfuzlu olub olmaması məsələsi nisbi olduğu üçün "Peşəkarlıq, təcrübə, ictimai nüfuz nəzərə alınmadan bütün strukturlar formalaşıb" fikriniz kökündən yanlışdır. Nüfuzlu müsavatçıların seçdikləri şəxslərdən və fəaliyyətləri ilə seçilən insanlardan strukturlar formalaşır və bu proses hələ də davam edir. Əgər həqiqətən belə bir iradınız varsa, o zaman ad çəkin, kimin yanlış təyin olunmasını və ya təsadüfi seçildiyini də deyin. Nizamnamə pozuntusu haqqında dediklərinizə gəlincə, indiki halda nizamnamə siz və sizə yaxın bir neçə şəxs tərəfindən kobudluqla pozulur".
Başqan müavini Q.İbadoğlunun partiyanın hazırkı rəhbərliyində təmsil olunanların nüfuz baxımından aşağı olması fikrinə "yalandır" deyə reaksiya verib: "Nüfuzla bağlı dedikləriniz isə birmənalı olaraq yalandır, partiyanı aşağılamaq cəhdidir. İndiki seçilənlər arasında nüfuzsuz heç kim yoxdur. Əslində qurultaydan sonra sizin və sizə yaxın olan bir neçə insanın davranışları, hakimiyyət mətbuatında həqiqətə uyğun olmayan, yalanlarla zəngin informasiyaları verməsi, partiyanın hər kəsi cəlb edən demokratik imicini gözdən salmaqdır, Müsavatın nüfuzunu azaltmağa cəhdlərdir. Sizin davranışlarınız əslində partiyanı və özünüzü nüfuzdan salmağa səbəb olur. Biz isə partiyanın nüfuzunu sona qədər qoruyacağıq, heç kimə bu imkanı tanımayacağıq. Sizin kimi dostların nüfuzlarına dəyən zərərin isə təəssüf ki, qarşısını ala bilmirik. Bu bizdən asılı deyil, sizin özünüzdən asılıdır". "Müsavatda "Mənim tərəfdarlarım" ifadəsini işlətməklə ayrımçılıq etdiniz". Başqan müavini Q. İbadoğlunun yazdığı arayışın obyektiv olmadığını bildirib. Onun fikrincə, istefalar və hazırkı problemlərin məsuliyyəti İbadoğlunun üzərinə düşür.
"Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, Müsavatdakı gərginlik öz daxili problemləridir, özləri də həlli yollarını tapmalıdırlar. Kənardan partiya daxilində baş verənlərə qiymət verməyə gəlincə, Əli Orucov "Bu proseslər gözlənilən idi. Fikrimcə, KXCP-də olduğu kimi, fraksiyaçılar partiyanı tərk edə bilərlər. Amma AXCP-yə görə Müasavatın tam sıradan çıxarılmasına hakimiyyət imkan verməz. Mən burda tərəf ola bilmərəm və heç kimin də tərəfini saxlamıram. Bu proseslər bir partiyanın daxili işidir. Buna da müdaxilə etik baxımdan düzgün çıxmaz hər iki tərəfin gətirdiyi arqumentlərdə subyektivlik və obyektivliklər var".
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə deyib ki, Azərbaycan siyasi sistemi kllassik siyasi mübarizədən çoxdan uzaqlaşdırılıb. Onun sözlərinə görə, bu anormal vəziyyətin yaranmasında hakimiyyət mütləq, müxalifət isə kifayət qədər məsuliyyət daşımaqdadır: "Normal mübarizə mühitinin qıtlığı şəraitində normal, siyasi mübarizə platformasına uyğun mübarizə, rəqabət, seçki keçirmək çətin bir işdir. Musavat bəlkə də ilkin seçki ənənəsinin əsasını qoymuş partiyadır. Bu piarlıq üçün yararlıdır və prespektivdə, əgər siyasətimiz siyasət olacaqsa mütərəqqi metoddur. Müşahidə etdiyim odur ki, namizədlər və tərəfdarları qara piarlığa daha çox önəm verirlər. Bir gərginlik, qeyri müəyyənlik müşahidə olunur. Bu prosesin normal məcraya yönəlməsini, sonucun millətimizin, siyasi sistemimizin xeyrinə olmasını arzulamaq da bizim iş olsun. Bir şeyi mütləq istəyirəm. Siyasi sistemimiz bu anormallıqdan çıxmalı, dəyişməlidir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53