Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur
11:23 06-11-2014
İQTİSADİYYAT
Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur
Adı müxtəlif maxinasiyalarda hallanan Arif Əsgərov bu günə qədər niyə cəzasız qalır?
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun adı mətbuatın gündəmindən düşmür. Üstəlik, Əsgərov bir qayda olaraq kütləvi informasiya vasitələrinin gündəminə ən müxtəlif korrupsiya faktları və rəhbəri olduğu qurumun işçilərinin müxtəlif səpkili şikayətləri ilə gəlir.
Son zamanlar sözügedən QSC sədrinin adı ətrafında ən müdhiş qalmaqal isə külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı olub. Xatırladaq ki, bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları"nın marketinq və tarif şöbəsinin bölmə rəisi olmuş Rahib Hüseynov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bölmə rəisi 50-yə yaxın sahibkarı üst-üstə 48 milyon manat aldatmaqda şübhəli bilinib. Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb.
Həbs edilən keçmiş bölmə rəisinin cəmiyyətin sədri Arif Əsgərovun bacısı oğlu olduğu açıqlansa da, sonradan qurumun rəsmiləri bu məlumatı təkzib ediblər.Bir neçə gündən sonra isə bəlli olub ki, cinayətdə təqsirləndirilən şəxs QSC sədri Arif Əsgərovun baldızı oğlu imiş. Daha sonra xəbər yayıldı ki, sözügedən bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu, "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərov durur və bütün pullar, sən demə, ona çatırmış.
Bu yaxınlarda isə Arif Əsgərov baldızı oğlunu həbs təhlükəsindən xilas etdiyi barədə məlumat yayıldı. Məlumata görə, QSC rəhbəri mənimsənilən 48 milyonu ödədikdən sonra R. Hüseynovun azadlığa çıxmasını təmin edə bilib. Sual yaranır: görəsən, "Azərbaycan Dəmir Yolları"nın rəhbərində bu qədər pul hardan imiş? Hələ onu da nəzərə alsaq ki, əslində mənimsənilən pulun 70 milyon manat olduğu, sadəcə, bir çoxlarının adının mətbuatda hallanmasını istəməyərək bu məbləği açıq dilə gətirmədikləri barədə də iddialar var, belə çıxır, QSC sədri üçün baldızı oğlunu azadlığa buraxdırmaqdan ötrü daha çox tərləmək lazım gəlib. Obrazlı desək, bəs görəsən Arif Əsgərovun bu "dəyirmanının suyu haradan gəlir", onun bir yaxın qohumunun azadlığa çıxması üçün xərclədiyi yetərincə iri məbləğdə vəsaitin mənbəyi haradır?
Ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" QSC-də korrupsiya, yeyinti halları mətbuatda mütəmadi işıqlandırılan mövzulardan biridir. Bununla bağlı müxtəlif vaxtlarda KİV səhifələrinə yol tapan məlumatlarda mənimsəmələrin yetərincə böyük məbləğlərlə ifadə olunduğu aydın görünür. Üstəlik, həmin korrupsiya faktlarının başında birbaşa Əsgərovun özünün dayandığı da dəfələrlə yazılıb, amma bircə dəfə olsun, biz belə informasiyaların təkzibinə rast gəlməmişik.
QSC rəhbərinin necə "varlandığı" məlumdur. İndi maraq doğuran sualın üzərinə gələk: hansı səbəbdən barəsində bu qədər ciddi, az qala ölkə miqyasında ajiotaj doğuran korrupsiya qalmaqalları baş verdiyi halda hələ də Arif Əsgərov "toxunulmaz" saxlanılır, vəzifəsində qalır? Axı elə təkcə yuxarıda haqqında danışdığımız 48 milyon manatlıq mənimsəmə skandalı kifayət edirdi ki, "Azərbaycan Dəmir Yolları"nın rəhbəri postundan uzaqlaşdırılsın, üstəlik, yaşanan qalmaqalda onun hüquqi məsuliyyəti araşdırma predmetinə çevrilsin.
Amma təəssüf ki, çoxlarını düşündürən bu məsələ hələ də arxa plandadır. Arif Əsgərova "gözün üstə qaşın var" deyilmir.
Bu ilin yanvarından etiraz aksiyası keçirən "Azərbaycan Dəmir Yolları" QSC-nin kişi bələdçilərinin müxtəlif zamanlarda mətbuata açıqladıqları şikayətlər də Arif Əsgərovun rəhbərlik etdiyi qurumda korrupsiya və özbaşınalığın miqyasını təsəvvür etmək üçün ciddi ipucları verir. Onlar bildirmişdilər ki, "2013-cü ilin sentyabr ayından etibarən bizim əmək haqlarımız qaldırıldı. Tarif Şurasının sərəncamı olmadan, heç bir qurumdan göstəriş gəlmədən maaşlarımızı 110 manatdan qaldırıb etdilər 200-210 manat. Əgər heç bir əmr gəlmədən maaşlarımızı qaldıra bilirlərsə deməli öncədən də bizim maaşımız bu qədər olub. Sadəcə bunlar bizim neçə illərdir haqqımızı, halal zəhmətimizlə qazandığımız pullarımızı mənimsəyiblər. 2006-cı ildən etibarən işə götürülən qadın bələdçilərə 400-550 manat maaş verirdilər. Bizə isə 100-150 manat. Bunun səbəbini isə heç kəs açıqlamırdı. Biz işə qəbul olanda yazırdıq ki, xahiş edirik bizi bələdçi vəzifəsinə işə götürəsiniz. Orada yazılmırdı ki, siz 100 manatlıq bələdçi işinə, xanımlar isə 400 manatlıq bələdçi işinə qəbul edilirsiniz. Hamımız eyni işi görürük, bəlkə də biz onlardan da daha çox iş görürük."
Şikayətçilər həmçinin bildirmişdilər ki, "rəhbərlik tərəfindən onlardan hər dəfə nağd şəkildə haqq alınıb".
Amma bu faktlar belə, Arif Əsgərov barədə lazımi addımların atılmasına, "Azərbaycan Dəmir Yolları" QSC-nin adının KİV-də bir qayda olaraq neqativ şəkildə hallandırılmasının qarşısının alınmasına gətirib çıxarmadı. İndi bir sual qalır: görəsən, bu vəziyyət nə qədər davam edəcək?!
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00