Ermənistanda hakimiyyətin oyuncağına çevrilmiş müxalifət və...
11:28 06-11-2014
İQTİSADİYYAT
Ermənistanda hakimiyyətin
oyuncağına çevrilmiş müxalifət və...
Ermənistan müxalifətində son vaxtlar populyar olan ifadələr arasında "hakimiyət dəyişikliyinə nail olmaq üçün yeri gələrsə, hətta İblislə də əməkdaşlıq etmək olar" deyimidir.
"İblislə əməkdaşlıq"dan bəhs edənlər bu minvalla sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi ilə oliqarx Qagik Sarukyanın sədr olduğu "Çiçəklənən Ermənistan" Partiyaları arasında son vaxtlar intensivləşən əlaqələri nəzərdə tuturlar. Yəni onlar üstüörtülü şəkildə vurğulayırlar ki, bəs Ermənistanda demokratiyanın bərqərar olması, Sarkisyan iqtidarının devrilməsi üçün hətta ÇEP-lə də əməkdaşlıq istisna deyil.
Erməni Milli Konqresinin (EMK) bəzi funksionerləri daha da irəli gedərək deyirlər ki, "xalqın tərəfinə keçən hər kəsi alqışlamaq gərəkdir".
ÇEP-in necə bir təşkilat olduğu, onun mövqeləri, xüsusilə də sədrinin kimliyi ermənilərə yaxşı bəllidir.
Robert Köçəryanın ehtiyat siyasi müstəvi qismində yaratdığı siyasi təşkilat sonradan, Serj Sarkisyanın hakimiyyətə gətirilməsindən sonra əsas funksiyasını yerinə yetirməyə başladı.
Məqsəd 2008-ci ildəki "seçki"lərdən sonra formalaşan situasiyada R.Köçəryanın maraqlarının təminatı, onu gözləyə biləcək real təhlükələrin mümkün qədər zəiflədilməsi idi.
2008-ci ildən bəri keçən 6 ildə bu taktika əsla dəyişmədisə, son ayda ciddi "yeniliklər" var. Belə ki, böyük siyasətə qayıtmaq və növbəti prezident seçkilərinə qatılmağı planlaşdıran Köçəryan planlarının reallaşdırılmasında "Çiçəklənən Ermənistan" Partiyasına, yəni ÇEP-ə xüsusi yer ayırıb.
Oliqarx Qagik Sarukyanın sədrlik etdiyi seçkilərədək olan müddətdə "böyük qayıdış" üçün gərəkli zəmin hazırlamalı, kütlədə Köçəryana olan nifrəti rəğbətlə əvəzləməli və erməniləri belə siyasi rokirovkanın məntiqliyi ilə yanaşı, labüdlüyünə hazırlamalıdır.
Təbii ki, Yerevandakı siyasi proseslərin zahiri görüntüləri ilə mahiyyəti arasında uçurum olduğundan, Robert Köçəryanın qayıdışını hazırlayanların zərrə qədər olsun belə, vətəndaşların maraqlarını və ya dövlətin mənafeyini düşündüklərini ehtimal etmək xam xəyaldır.
ÇEP vəziyyətdən mümkün qədər yaxşı bəhrələnməyə çalışır. Ona görə də Q.Sarukyanın sədrlik etdiyi partiyanın 2013-cü ildəki prezident seçkilərinə qatılmaması, sonra da "müxalifətə keçid"lə bağlı bəyanat verməsi və indi də Serj Sarkisyan rejiminə qarşı mitinqlərdə iştirak etməsi heç bir halda bu partiyaya kütlənin inamını artırmayıb. Tam tərsinə, kütlənin inamına nail olmağa can atan ÇEP müxalifət düşərgəsində özünə yer tutmaq, vəziyyətdən istifadə etmək fikrindədir.
Yəni faktiki olaraq Ermənistanda hakimiyyət dəyişikliyini reallaşdırmağa yönəlmiş fəaliyyət göstərdiklərini iddia edən qüvvələr ÇEP-i müttəfiq saydıqlarını bildirsələr də, Robert Köçəryanın təşkilatının kimsə ilə işbirliyi qurmaq niyyəti yoxdur.
Erməni Milli Konqresi (EMK) müxalifətçi qüvvələrin birləşməyə başladığını və ÇEP-lə tərəfdaşlığın əsasını qoyaraq "İblislə əməkdaşlıq" istiqamətində addımlar atdığını bildirməklə, əslidə, siyasi alverlə məşğul olur.
Levon Ter-Petrosyan son vaxtlaradək siyasi perspektivi olmayan, hakimiyyətlə faisləsiz təmaslar quran, sövdələşmələrə gedən və müxalifətə daim xəyanət edən siyasi kvazitəşkilat saydığını vurğuladığı ÇEP-i indi müttəfiq kimi təqdim edir.
EMK liderinin dediyinə görə, onların qarşısında duran başlıca məqsəd Ermənistanda burjua-demokratik inqilabını gerçəkləşdirməkdir.
Amma belə inqilab barədə danışan qüvvələr nə burjua, nə də demokratik olmadıqlarından onların məramları ilə bahəm, məqsədlərə aparan yolları da sual doğurur.
Görünən odur ki, Levon Ter-Petrosyan və onun müttəfiqləri siyasəti oyun saydıqlarından, iqtidara qarşı va-bank gedişi etdiklərini düşünür və bununla da rejimi çətin vəziyyətə saldıqlarını düşünürlər.
Özlərini qalib kimi göstərməyə can atanlar məğlub olduqlarını dərk etmədiklərindən irəli çıxan hakimiyyət, geriləyən isə müxalifətdir.
Durum illərdən bəri dəyişmədiyindən insan haqları və vətəndaş hüquqları ilə bağlı şərait daha da kəskinləşib, cəmiyyət dibi görünməyən girdaba yuvarlanmağa davam edir.
Ermənistanda anti-hakimiyyət mövqeyində durduqlarını iddia edənlər birləşmək, təzyiqlərini və qanunsuzluqlarını artıran qüvvə ilə mübarizəni gücləndirmək əvəzinə aktivlik görüntüsü yaradır, əməkdaşlıq və paradoksal tərəfdaşlıqdan bəhs edirlər.
Butun bunları nəzərə almamaq və erməni müxalifətinin növbəti marazmı saymaq olardı. Amma hazırda Yerevanda Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizə apardıqlarını iddia edən qüvvələr arasında üzvlərinin sayı və proseslərə təsir imkanları baxımından faktiki liderlər EMK ilə ÇEP-dir. Paradoks, ironiya, acınacaqlı durumdur - amma gerçəklikdir.
Bu iki qurum müxalifət düşərgəsinin effektiv fəaliyyət göstərən strukturları kimi kütlə qarşısına çıxırsa, deməli, ermənilərin yaşadıqları həyatın normallaşması ilə bağlı arzuları hələ uzun müddət reallaşması çətin istək olaraq qalacaq.
Serj Sarkisyana qarşı ciddi oyuna başladıqlarını düşünənlər siyasi möhtəkirlik əvəzinə ciddi ictimai proseslərin başlanmasına təkan verməsələr, vətəndaşların hansısa dəyişikliklərə inamı öləcək.
Hakimiyyətin xalqa düşmən siyasətinə qeyri-hökumət və müxalifət qüvvələrinin də dağıdıcı səyləri əlavə olunduğundan Ermənistan çox ağır haldadır.
Ermənistan Milli Konqresi və "Çiçəklənən Ermənistan" Partiyasının əməkdaşlığını oyun sayanlarsa yanılırlar. Bu, daha çox erməni xalqı üçün daxili qanaxmaya bənzəyir.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53