Bakıda 100 milyon manatlıq "probka"
10:21 08-11-2014
İQTİSADİYYAT
Bakıda 100 milyon manatlıq "probka"
Külli miqdarda pul xərclənən Nəqliyyatı İntellektual İdarəetmə sistemi "çökdü"
Dünən səhər saatlarında Azərbaycan paytaxtında son zamanların ən dəhşətli tıxaclarından biri yaranıb. Minlərlə insan işə və məktəbə getməkdə çətinlik çəkib, uzun müddət tıxacda əsəbi vəziyyətdə gözləməli olublar.
Əvvəlcə xəbər gəlib ki, Bakının Heydər Əliyev prospektində böyük tıxac yaranıb. Bir qədər sonra Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, tıxac paytaxtın Koroğlu Rəhimov küçəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı ola bilər.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən o da bildirilib ki, təmir işləri ilə əlaqədar Koroğlu Rəhimov küçəsi 3 gün müddətinə avtomobillərin hərəkəti üçün bağlı olacaq.
Az sonra aydınlaşıb ki, bənzər durum yenicə istifadəyə verilmiş Dərnəgül şosesində, "Nərimanov" metrostansiyası ətrafında, eləcə də şəhərin əksər küçə və prospektlərində yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saat 10:25 radələrində yollardakı vəziyyətlə bağlı yaydığı məlumata görə, Heydər Əliyev və Babək prospektlərində, Füzuli, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, akademik Həsən Əliyev, Təbriz, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Fəzail Bayramov, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrində hərəkət dayanıb.
Yeri gəlmişkən, Ziya Bunyadov prospektinin bir hissəsində də körpü-tikinti və tunel tikintisi məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bundan başqa, Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mkr. dairəsi istiqamətində yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb.
Xətai rayonu ərazisində Vunq Tau küçəsindən Ukrayna dairəsi istiqamətində də yol bağlıdır. Bu ərazidə yolda asfalt örtüyünün dəyişdirilməsi işləri aparılır.
Asfalt işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsinədək yol müvəqqəti bağlanıb.
Salatın Əsgərova küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Xudu Məmmədov küçəsində Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən yol bağlıdır.
Bütün bu vəziyyət qarşısında Bakının mərkəzi prospekt və küçələrində hərəkət iflic olub. Minlərlə insan öz qəzəbini facebook və digər sosial şəbəkələrdə Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin ünvanına yönəldib. Vətəndaşlar Məmmədovun nazirliyini qarşıda üç qeyri-iş günü var ikən, yolların təmirini iş günlərində həyata keçirdiyinə görə suçlayıb.
Ən əsas suçlama isə böyük bəh-bəhlə ictimaiyyətə təqdim edilən Nəqliyyatın İntellektual İdarəetmə sistemi ilə bağlı olub. Çoxsayda vətəndaş soruşur ki, həmin sistem işə düşdükdən sonra da Bakıda tıxacların nəinki azalmaması, hətta nəhəng "probka"ların sayının artması nə ilə bağlıdır? Bu o demək deyilmi ki, külli miqdarda vəsait hesabına başa gələn Nəqliyyatın İntellektual İdarəetmə sistemi faktiki olaraq Bakının "tıxaclar şəhəri"nə çevrilməsinə mane olmaq iqtidarında deyil?!
Qeyd edək ki, 2008-ci ildə Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreyanın "SK C&C" şirkəti ilə razılıq əldə olunub. Koreya istehsalı olan terminal vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti haqda məlumat almaq mümkündür. 2011-ci il dekabrın 29-da Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi istismara verilib.
Məlumatlara görə, onun yaradılması üçün ən azı 100 milyon manat büdcə vəsaiti xərclənib. Halbuki bu layihə ilə bağlı ilk dəfə xəbərlər ortaya çıxanda onun başa gəlməsinə 77 milyon manat dövlət vəsaitinin xərclənəcəyi bildirilirdi.
Ümumiyyətlə isə hazırda reallıq ondan ibarətdir ki, bu qədər pulun havaya sovrulduğu layihə Bakıdakı tıxacları azaltmaqda acizdir. Paytaxtda nəqliyyatın hərəkətində hər hansı irəliləyiş, yaxşılaşma hiss olunmur.
Onu da deyək ki, bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədov Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətinin özünü doğrultmaması barədə səsləndirilən iradlarla razılaşmadığını bildirmişdi. Mətbuatda yazılan məlumatları təkzib edən nazir bu yöndə suallardan heç vaxt yayınmadığını dilə gətirmişdi: "Bəziləri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzini sehrli çubuq sayırdılar. Hesab edirdilər ki, bu yaradılandan sonra tıxaclar aradan qalxacaq. Avtomobili insanlar idarə edir, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin quraşdırdığı lövhələr, sadəcə, harada sıxlıq olduğunu göstərir".
İndi sual yaranır: bir halda ki, bu layihəyə 100 milyon manat vəsait xərclənəcəyi təqdirdə Bakıda nəqliyyatın hərəkətindəki sıxlığın başlıca günahı və məsuliyyəti sürücülərin üzərində qalacaqdı, elə isə o qədər pulu xərcləməyin mənası və izahı nədir görəsən?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20