İpoteka Fondunun icraçı direktorunun kredit biznesi
13:56 12-11-2014
İQTİSADİYYAT
İpoteka Fondunun icraçı direktorunun kredit biznesi
Deputat Xanhüseyn Kazımlının bankir oğlunun qısa müddətdə böyük maliyyə imkanlarına sahib olmasının yol xəritəsi "Unikal"da
Milli Bankın mətbuat xidməti İpoteka Fondunun yeni icraçı direktorunun tərcümeyi-halını "Media forum" saytına təqdim edib. Sayt tərcümeyi-halı oxucuların diqqətinə çatdırarkən onu da əlavə edir ki, Fəxri Kazımov Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlının oğludur.
Azərbaycanda bəzi millət vəkillərinin, dövlət məmurlarının öz yaxınlarını vəzifələrə təyin etdirməsi bir ənənə halını alıb. Dünən bir deputat yaxın qohumunun yeni vəzifəyə təyin olunmasına nail olub.
Belə ki, Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qardaşı oğlu Dəyanət Kazımlı yüksək vəzifəyə təyin edilib. Dəyanət Kazımlı "Muğan" bankın İmişli filialının müdiri təyin edilib. Dəyanət Kazımlı bundan əvvəl "Zamin" bankın kredit şöbəsinin müdiri kimi işləyib. Qeyd edək ki, Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı da bank sektorunda yüksək vəzifədə çalışır.O, Mərkəzi Bankın İpoteka Fondunun İcraçı direktorudur.
"Unikal"ın əldə etdiyi məlumata görə, Dəyanət Kazımlının "Muğan" bankın İmişli filialının müdiri təyin olunmasında əsas rolu deputatın İpoteka Fondunun İcraçı direktoru olan oğlu Fəxri Kazımlı oynayıb. Qeyd edək ki, Fəxri Kazımlı uzun müddətdir ki, Bank sektorunda çalışıb və bu sferada özünə yer etmiş şəxslərdən sayılır. Sözsüz ki, Fəxri Kazımlının bank sektorunda yüksəlməsinə atası deputat Xanhüseyn Kazımlı dəstək olub. Amma F.Kazımlı da bu sektorda özünü doğrulda bilib.
Öncə gəlin, F.Kazımlı ilə yaxından tanış olaq. Fəxri Xanhüseyn oğlu Kazımov 1970-ci il oktyabrın 23-də Bakıda anadan olub. 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1992-ci ildə İstanbul Mərmərə Universitetinin, Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant kimi təhsilini davam etdirib. Əmək fəaliyyətinə 1987-1989-cu illərdə "Azərneftmaştəmir" İstehsalat Birliyin texniki nəzarət şöbəsində inspektor kimi başlayıb. 1995-ci ildə Milli Bankın Pul-Kredit Siyasəti Departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin baş müşaviri olub. 2000-2002-ci illərdə Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb. 2002-ci ildən İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, F.Kazımlının karyera ulduzu Mərkəzi Bankda parlayıb. Belə ki, o, Mərkəzi Bankın İcra Aparatının rəhbəri kürsüsünə sahiblənəndən sonra daha böyük iddiaya düşüb. Həmin dövrdə atası deputat Xanhüseyn Kazımlı da onun Mərkəzi Bankın İdarə Heyətinə düşməsi, hətta məqam yaranarsa, İdarə Heyətinə sədr keçmək üçün müəyyən addımlar atıb. Lakin bank sektorunun önəmli simalarından olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov önləyici tədbirlər görüb. Yəni, Fəxri Kazımlını Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə göndərməsi həm deputat atasına jest kimi dəyərləndirilib, həm də bununla iddialı və dəstəyi olan birisini Mərkəzi Bankdan uzaqlaşdırmağa nail olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, F.Kazımlı Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunandan sonra kifayət qədər böyük maliyyə imkanlarına sahiblənib. Məlumdur ki, Azərbaycanda ipoteka kreditlərini əldə etmək elə də sadə məsələ deyil. Hətta ipoteka almaq üçün müraciət edənlərin böyük əksriyyətinin namüd geri qayıtdığı məlumdur. Yəni, bu gün ictimai rəydə belə bir fakt var ki, ipoteka krediti əldə etmək üçün "şapka" verməli olurlar. Bəzi ekspertlərin hesablamalarına görə, ipoteka kreditlərinin verilməsi prosesində il ərzində yüz minlərlə manat "şapka" əldə edilir. Bundan əlavə, digər məqamlar üzrə də böyük maliyyə maxinasiyalarının olduğu iddia olunur. Bütün bunları əsas tutan mənbəmiz iddia edir ki, Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru olan Fəxri Kazımlı bu qurumda həyata keçirilən bütün əməliyyatlara rəhbərlik edir. Yəni, onun iradəsindən kənar bir manat kənara gedə bilməz. F.Kazımlının Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin edilməsindən sonra böyük imkanlara sahiblənməsi, yüz minlik villanın tikdirilməsi ilə bağlı məlumatlar əldə etmişik. Sadəcə olaraq, araşdırmadan sonra bu barədə oxucularımızı məlumatlandıracağıq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53