Etibar Pirverdiyevin 3 milyardlıq "işıq itkisi"
13:58 12-11-2014
İQTİSADİYYAT
Etibar Pirverdiyevin 3 milyardlıq "işıq itkisi"
Azərbaycanda ötən il 21,5 milyard kilovat saat elektrik enerjisi istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun təqribən 2,5-3 milyarda yaxını nəqletmədə və paylayıcı şəbəkədə itib, yəni texniki itkiyə gedib.
Hazırda 1 kilovat əhaliyə 6 qəpiyə satılır. Bunun baha olması yalnız itkilərlə və vergilərlə bağlıdır.
Belə ki, ölkə daxilində əlavə dəyər vergisi əlavə olunduğundan qiymətlər nisbətən bahalaşır. Hər halda ölkə ərazisində istehsal olunan elektrik enerjisinin qiyməti daxili resurslar hesabına tənzimlənməsi faydalı olar.
Mütəxəssislərin fikrincə, ölkədə elektrik enerjisi ilə təchizatın etibarlığının və keyfiyyətinin artırılması, o cümlədən iqtisadi səmərəliliyin əldə olunması məqsədi ilə yüksək gərginlikli elektrik veriliş xətləri şəbəkəsinin idarə olunmasının və istismarının təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən sistemin yaradılması və ötürücü sektorun reabilitasiyası mühüm vəzifələrdəndir.
Ekspert İlham Şaban deyib ki, 2005-ci ildən indiyədək Azərbaycanda elektrik enerjisi təsərrüfatına 4 milyard manata yaxın vəsait qoyulub, yeni stansiyalar tikilib. Hesabat verilib ki, tikilən stansiyalar beynəlxalq standartlara cavab verir. Ancaq çox maraqlıdır ki, Avropada SES-lər 180-200 qram şərti yanacaq işlədir, amma Azərbaycanda 280-300 qram işlənilir. Bu isə elektrik enerjisinin maya dəyərinin 1,5 dəfə artmasına gətirib çıxarır. İndi Azərbaycanda elektrik enerjisinin qiyməti Ukraynadan da bahadır. Ümumiyyətlə, MDB dövlətlərində elektrik enerjisinin maya dəyərinə baxsaq görərik ki, idxal ölkəsi olan Belarusla da müqayisə olunmuruq.
Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin topdan satış qiyməti təqribən 3,1 qəpik, yəni 4 sentdir. Bu, region ölkələri ilə müqayisədə böyük rəqəmdir: "Bakı ilə Mingəçevirin arası 300 kilometrdir, yəni elektrik xətti 300 kilomert məsafədən gəlir. Təbii ki, bu məsafədə naqillərin qızması baş verir və bu da itkiyə səbəb olur. Ümumiyyətlə, xətt nə qədər yaxın olsa, elektrik enerjisi istehlakçıya nə qədər yaxın məsafədən çatdırılarsa, bu, o qədər yaxşıdır. Yəni bütün bunlar nəzərə alınsa, bu, əhaliyə satılan elektrik enerjisinin qiymətinə təsir göstərər."
İqtisadçı alim Oqtay Haqverdiyev bildirib ki, Azərbaycanda əsasən elektrik enerjisi paylayıcı şəbəkələrdə itir. Müxtəlif illərdə bu faiz 17-20% təşkil edib. Hazırda bu rəqəm təxminən 10-12 faizdir. Bu rəqəmin minimum nə qədər olması isə açıq qalan məsələdir.
O xatırladıb ki, Sovet dövründə itki ilə bağlı maksimum nəticə 2,5 fazi təşkil edirdi. İnkişaf etmiş Avropa ölkələrində isə itkiyə gedən enerji 1 faizdən çox deyil. Orada elektrik enerjisi müasir kompyuter sistemi ilə idarə olunduğundan itki az olur.
Etibar Pirverdiyevin rəhbəri olduğu "Azərenerji" Səhmdar Cəmiyyəti elektrik enerjisi sistemində müasir dispetçer idarəetmə sisteminin (SCADA/EMS), o cümlədən optik-lifli xətlərlə müasir rabitə sisteminin yaradılması, yarımstansiyalarda və elektrik stansiyalarında texnoloji məlumatların toplanması və emal edilməsi üçün terminalların və sürətli kompüter texnikasının quraşdırılması, əsas mərkəzi dispetçer idarəsinin yenidən qurulması və ehtiyat dispetçer idarəsinin yaradılması istiqamətində ciddi iş aparır. Paytaxtda və regionlarda modul tipli yeni stansiyaların quraşdırılması prosesi davam edir.
Bununla belə, göründüyü kimi, enerji sektorunda itkinin miqyası çox genişdir və Pirverdiyevin rəhbərlik etdiyi qurum 2,5-3 milyard manat həcmində olan həmin itkinin aradan qaldırılması istiqamətində artıq ciddi, nəticələri düzgün hesablanmış addımlar atmalıdır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20