Bəzi məmurların "lombard biznesi" haqqında şok təfərrüatlar
14:00 12-11-2014
İQTİSADİYYAT
Bəzi məmurların "lombard biznesi" haqqında şok təfərrüatlar
Onlar vətəndaşların qızıllarını alıb, bir gecədə necə yoxa çıxırlar?
Son aylar lombardlara üz tutanların sayı artıb. Lombarda qısa müddətdə nağd vəsait əldə etməyin ən rahat ünvanı kimi baxırlar.
Lombarddan pul götürmək üçün zamin axtarmağa ehtiyac yoxdur, heç iş yerindən arayış və digər sənədlər də lazım deyil. Amma pula görə faiz kifayət qədər yüksəkdir. Şəxsiyyət vəsiqəsi və girov qoyulan predmeti təqdim etmək kifayətdir. Qeyd edək ki, girov qoyulan əşyanın qiyməti çox ucuz hesablanır. Belə ki, əksər lombardlar qızılı "lom" qiyməti ilə alır.
Sumqayıt şəhər sakini Gülnar Abdullayeva deyib ki, pul tapmaq ümidiylə şəhəri gəzib dolanıb və nəhayət ki, ona sərf edilən şərtlərlə pulu lombarddan tapa bilib. Müraciət etdiyi 5 lombarddan heç birində əlverişli şərtlərlə pul ala bilməyib: "Xəstəyəm, müalicəmlə bağlı 1000 manat pul lazım idi. Sumqayıtda bir neçə lombardda oldum. Faizlər çox yüksəkdir. Amma mənə münasib olan bir lombard tapıb, oradan pul götürdüm."
G. Abdullayeva bildirib ki, lombardlar qızılı çox ucuz qiymətləndirir. O, 1000 manat pul üçün 1800 manat qızıl girov qoymalı olub: "Lombardla müqavilə bağladım. 1-ci ay 7, 2-ci ay 6 faiz, 3-cü aydan isə 4 faiz ödəyirəm."
Lombardlardan birində işləyən Rövşən Orucov isə bildirib ki, pulu 8 faizlə verirlər. Ödənilən faizləri də gecikdirmək olmaz: "Pulu geçikdirəndə borcun üstünə əlavə faiz gəlir." Digər lombard sahibi Şəfərəli Məmmədov isə deyir ki, onlar pulu 7 faizlə verirlər. Onlar pulu 1-2 gün gecikdirəndən əlavə faiz almırlar: "Başa düşürük ki, insanlarda pul yoxdur. Pul olsa, heç kim əlavə faiz ödəmək istəməz."
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, əhalinin lombardlara daha çox müraciət etməsinin əsas səbəblərindən biri, bu ildən Mərkəzi Bank tərəfindən kreditlərlə bağlı şərtlərin dəyişdirilməsi, eyni zamanda iş yerindən arayışın tələb edilməsidir: "Bu dəyişiklik bir çox vətəndaşlara öz təsirini göstərdi, banklardan kredit götürməsini məhdudlaşdırdı. Əvvələr bu vətəndaşlar arayışsız banklardan kredit əldə edə bilirdilər. İndi isə lombardlara üz tuturlar."
Ekspert deyib ki, bu səbəbdən son bir ildə lombardların kütləvi şəkildə artması prosesi baş verdi: "Bu onunla bağlıdır ki, lombardlar heç bir sənəd tələb etmədən yalnız girov əsasında pul verirlər. Eyni zamanda, burada pulun əldə edilməsi daha asan prosedurlarla və qısa müddətə başa gəlir. Həmçinin lombardlar vətəndaşlar üçün son ümid yeridir. Vətəndaşlar bir çox maliyyə institutlarına, təşkilatlarına üz tuturlar. Bu yerlərdə işləri alınmadığı təqdirdə, lombardlara müraciət edirlər. Həm də banklarda problemli kredit tarixçəsi olanlara banklarda məhdudiyyət qoyulduğundan, bu insanlar da lombardlara üz tuturlar. Ümumiyyətlə, lombardlar alternativ kredit əldə etməyin ən asan yoludur. Bu səbəbdən də artıq qeyd etdiyimiz kimi həm lombardların sayında, həm də onların dövriyyəsində çox ciddi artım baş verdi."
İqtisadçı lombardlarla bağlı bir çox nöqsanların olduğunu da vurğulayıb. Eyni zamanda digər kredit institutları kimi lombardların kurasiya edilməməsini ciddi problemlərdən biri olduğunu qeyd etdi: "Azərbaycanda lombard açmaq çox asan bir prosedurdur. Bizdə lombardların fəaliyyətini tənzimləyəcək heç bir qanunvericilik yoxdur. Lombardların fəaliyyəti yalnız fiziki və hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qaydaları ilə tənzimlənir. Mərkəzi Bank tərəfindən onların maliyyə fəaliyyətinə nəzarət həyata keçirilmədiyindən bu sahə özbaşına işləyir. Bəzi hallarda lombardlar çox yüksək faizlərlə insanlara pul təklif edirlər."
Ekspert onu da deyib ki, elə lombardlar var insanlara aşağı faizlə kredit verir, qızıl zinət əşyalarını dəyərindən dəfələrlə ucuz alır, sonra da fəaliyyətini dayandırıb, bir gecədə yoxa çıxır: "Bu, girovun satıldığı təqdirdə, uduzmaq riskindən sığortalanmaq üçündür. Yəni lombardlar istəyirlər ki, girovu ən ucuz qiymətə satsalar belə, onların xərcləri ödənsin. Digər tərəfdən, vətəndaşların girov kimi lombardlara qoyduqları qızıl və zinət əşyaları mənimsənilir. Lombardlar qızıl və zinyət əşyalarını çox aşağı göstəricilərlə qiymətləndirirlər. Məsələn, 1000 manat pul götürmək istəyirsənsə, 2000 manatlıq qızıl qoymalısan. Bu artıq cinayətə açıq bir məsələdir. Belə olan halda kredit götürən şəxsə külli miqdarda ziyan dəyir."
"Unikal" xatırladır ki, bir çox məşhur lombardların arxasında müəyyən məmurların dayandığına dair iddialar var. Bildirilir ki, məhz bu səbəbdən bəzi belə obyektlərin nöqsanlarına görə onlara "gözün üstə qaşın var" deyən tapılmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25