Eldar Əzizova qarşı kütləvi narazılıq
10:07 13-11-2014
İQTİSADİYYAT
Eldar Əzizova qarşı kütləvi narazılıq
Sumqayıtın icra başçısının yaşıl soyqırıma göz yumması, boş yerləri iş adamlarına satması və digər problemlər böyük səs-küyə səbəb olub
Son dövrlər bəzi icra başçıları rəhbəri olduğu şəhərdə əraziləri iş adamlarına satmaq üçün yaşıllıqları kütləvi qırması ciddi təpki ilə qarşılanıb. Amma buna baxmayaraq, bəzi icra başçıları hələ də bu əməllərindən əl çəkmirlər.
Ötən gün Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Şahmat məktəbinin arxasında ağacların kəsilməsi zamanı qarşıdurma olub. Məhəllə sakinləri bildiriblər ki, ağacların kəsildiyini görəndə mane olmağa çalışıblar: "Dedilər ki, ağacları budayırıq". Sakinlərin tikinti şirkətinin işçisi kimi tanıdığı Arzu adlı şəxs isə ağacların çürüyüb, quruduğuna görə kəsdiklərini söyləyib. Sakinlər bildirib: "Sağlam ağacları isə budama adı ilə doğrayırlar.Axşam saatlarında isə xəlvət gəlib kökündən çıxaracaqlar". Sakinlər ərazidə növbəti yeni hündürmərtəbəli binanın inşa ediləcəyinə görə ağacların kəsildiyini bildiriblər: "Dəfələrlə Sumqayıt şəhər icra hakimiyyəti və şəhər yaşıllaşdırma idarəsinə müraciət etmişik. Şikayətlərimizə baxan yoxdur". Sakinlərlə Arzu adlı şəxs arasında qarşıdurma da baş verib. Onu da qeyd edək ki, sözü gedən ərazinin böyük bir hissəsindəki ağaclar artıq kəsilib.
"Unikal"ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda ağackəsənlərlə sakinlər arasında yaranan davaya münasibət bildirib. Bu barədə əməkdaşımızla söhbətləşən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, Şahmat məktəbinin arxasında ağacların kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Araşdırma zamanı ərazidə müxtəlif cinsli yaş köküstə ağacların kəsildiyi məlum olub. Bununla bağlı araşdırmamaz davam edəcək. Qanunsuz ağac kəsənlər cərimələnəcək və qanunun müvafiq qaydaları ilə cəzalandırılacaqlar. Təqsirkarı müəyyən etmək üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət də olunub".
Qeyd edək ki, Prezident İlham Əliyev də qanunsuz ağac kəsənlərə qarşı mütəmadi olaraq, sərt mövqeyini bildirir. "Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər" - prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin iclasında bildirib: "Ekologiya ili" hər il olmalıdır. Çünki ekoloji mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Azərbaycanda artıq 200 ilə yaxındır ki, neft hasilatı aparılır ki, bu neftlə çirklənmiş gölməçələrin əmələ gəlməsinə səbəb olub. Göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılıb. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapıb. Ağac kəsənlər məsuliyyətə cəlb edilməlidir. Bu, mənim son xəbərdarlığımdır".
Ancaq görünən odur ki, bəzi icra başçıları, yaşıllıqların məhv edilməsinə göz yuman məmurlar hələ də bu xəbərdarlıqdan nəticə çıxarmayıblar. Əgər belə olmasaydı, Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov bu xəbərdarlıqdan nəticə çıxarıb ağac kəsənlərlə bağlı tədbir görərdi.
Xatırladaq ki, bir neçə ay öncə Bakıda növbəti "ağac soyqrımı" baş verib. Amma bu dəfə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa məsələyə müdaxiləsi nadir ağacların təmamilə məhv olmasının qarşısını aldı. Bu vaxtadək sakinlərin səsinə, harayına soraq verməyən əlaqədar orqanlar isə geçəylə hadisə yerinə gəlir və ərazidəki ağac qırılmasını qanunsuz hal kimi qəbul edərək, yeni park salmaqla məşğul olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Sumqayıtda həmin ərazi ilə bağlı narazılıq bir müddət əvvəldən yaranıb. Hətta sakinlər bununla bağlı İcra Hakimiyyətinə də şikayət ediblər. Lakin icra hakimiyyətindən buna əhəmiyyət verilməyib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, həmin ərazidəki ağac qətliamından icra başçısı Eldar Əlzizovun da xəbəri var: "Eldar Əzizov Sumqayıta rəhbər gələndən bəri demək olar ki, şəhərdə böyük bir satış başlayıb. Nə qədər boş ərazilər varsa, hamısı satılıb. İndi də yaşıllıqlara keçiblər. Prezidentin ağac kəsiminə qarşı olan mövqeyinə baxmayaraq, icra başçısı "fəaliyyətindən" geri qalmır. Son hadisə isə artıq səbr kasasını daşıran son damla olub. Məsələ bu qədər ictimailəşib, amma icra hakimiyyətindən reaksiya yoxdur. Bu isə hər şeyi açıq şəkildə göstərir".
Onu da nəzərə çatdıraq ki, Sumqayıtda son dövrlər baş verən bu cür olayların artması, sosial problemlərin dərinləşməsi Eldar Əzizova qarşı narazılığı daha da artırıb. Bu faktor da icra başçısına olan yuxarıların münasibətini də dəyişib. Çox güman ki, E.Əzizovun ölkə başçısının xəbərdarlıqlarına əhəmiyyət verməməsi ona baha başa gələcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25