Cahangir Əsgərovun qurumunda sular yenə "bulandı"
Cahangir Əsgərovun qurumunda sular yenə "bulandı"

AAF-da növbəti dəfə ara qarışıb: idmançı məşqçi ilə əlbəyaxa davaya çıxmaq istəyib!

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) - AZAL-ın prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Ağır Atletika Federasiyasında ara yenidən qarışıb. Suların durulmaq bilmədiyi federasiyada yeni problem isə köhnə baş məşqçi ilə bağlıdır.

Belə ki, Cahangir Əsgərovun millinin keçmiş baş məşqçisi Zlatan Vanevi bağışlamağa qərar verib. Məsələ burasındadır ki, Vanevə yenidən federasiyada iş verilib. publika.az.-ın məlumatına görə, Vanev ölkəmizdə işini davam etdirəcək. Ancaq onun işi milli ilə bağlı olmayacaq, Vanev federasiyaya baxan klublardan birində çalışacaq. O, bu işi ilə milliyə yardım göstərəcək.
Vanevlə bağlı isə artıq problem yaranıb. Belə ki, millininin keçmiş baş məşqçisinin çalışdığı klubda idmançılarla onun arasında problem yaranıb.
Ağır atletlər Vanevin məşq qrafikindən narazı qalıblar. İdmançılar onun işini düzgün idarə etmədiyini deyib.
Hətta idmançılardan biri az qala məşqçi ilə əlbəyaxa da olacaqmış. Səbəb isə onun məşqləri düzgün aparmaması, sistemi düz qurmamasıdır. İdmançılar etiraz ediblər ki, bu sistemlə hansısa nəticə əldə edə bilməzlər.
İndi klubda Vanevin fəaliyyəti ilə bağlı müzakirələr gedir. Federasiyaya yaxın mənbədən verilən məlumata görə, Vanev isə məsələyə olmamış kimi, laqeyd yanaşır. Sanki postunda "pərçimlənib". Yerini tərk etməyəcəyinə o qədər əmindir ki, hətta narazılığa səbəb olan məşq prosesində belə dəyişiklik etmir.
Məlumata görə, yaxın günlərdə Vanev ondan narazılıq edən idmançılarla birlikdə bağlı olduqları federasiyanın - Ağır Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirəcək. Həmin görüşdə federasiyanın prezidentinin də olacağı güman edilir.
Digər məlumat isə federasiyada qruplaşmaların davam etməsidir. Keçən il qruplaşma üzündən ziddiyyətlərin yaşandığı qurumda həmin hadisələr yenidən baş qaldırıb. Bu da idmançıların perspektivinə təsir edir. Yarışlara hazırlaşmasına təsir edir.
Maraqlı və sevindirici məlumatlardan biri də dopinqdə adı hallanan, 2 il müddətinə cəzalandırılan olimpiya mükafatçımız Valentin Xristovun məşqlərə yenidən başlamasıdır.
O da cəzasının bitməsinə 1 il 4 ay qalmış artıq məşqlərə başlayıb. O, əvvəlki formasına qayıtmaq üçün əlləşir.
Bu müddət bitdikdən sonra idmançının yarışlarda iştirakına, demək olar ki, heç bir əngəl qalmır.
Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı.
Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.
Sonra isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Üstəlik cəzaya məruz qalan idmançıların da sayı 5 yox, 9 olub. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.
Hətta Azərbaycanın Ağır Atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.
Bu məsələ ilə bağlı mətbuatda kifayət qədər məlumat yer aldı. Bir il əvvəl medal qazanan idmançıların indi cəzaya məruz qalması müəyyən söz-söhbətlər ortaya çıxartdı. Ancaq təəssüf ki, Azərbaycan ağır atletika Federasiyasının rəsmiləri həqiqəti deməkdən çəkindilər.
Bir müddət sonra Gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsi ödənilib. Nazir bildirmişdi ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb.
Onu da deyək ki, açıq qalan həmin məsələlərin nədən ibarət olduğu və aradan keçən müddətdə həmin məsələlərin qapadılıb-qapadılmaması nəyə görəsə kütləvi informasiya vasitələrindən gizli saxlanılır.

Ülviyyə Qasımlı