İŞİD lideri öldürülüb, ya yox?!
10:10 13-11-2014
İQTİSADİYYAT
İŞİD lideri öldürülüb, ya yox?!
Terror təşkilatının rəhbərinin sağt olduğu daha ağlabatan sayılır
"İslam Dövləti" adlanan (əvvəlki adı "İraq və Şam İslam Dövləti" və ya qısaca İŞİD) terror qruplaşmasının lideri, özünü "İslam Dövlətinin xəlifəsi" elan etmiş Əbubəkir əl Bağdadinin vəziyyəti ilə bağlı konkret, dəqiq məlumat hələ də yoxdur. Amma onun ölüm xəbərlərinin yalan olduğu aşkarlanıb.
Nüfuzlu "Əl Jazeera" telekanalı bildirib ki, son üç gündür Twitter-dəki profillərə istinadən "Bağdadi öldü" tipli xəbərlərin əsassız olduğu deyilir.
ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarələrinin İŞİD-in 10 cipdən ibarət maşın karvarınına raket zərbələri endirməsi nəticəsində Əbubəkir əl Bağdadinin ağır yaralandığı, müalicə üçün Suriyanın Rəkka şəhərinə aparıldığı deyilir.
Məşhur "Daily Mail" nəşri isə bildirir ki, əl Bağdadi özü ölüm xəbərini yayaraq ABŞ-ı aldatmaq niyyətindədir. İŞİD lideri ABŞ-dakı populyar "Homeland" teleserialındakı təki bir "ölüm" planlaşdırıb. O, "ölüm"ünü özü planlaşdırıb və bütün dünyanı da öldüyünə inandırıb.
"Homeland" teleserialında "Əl Qaida" liderlərindən biri Hüssam əl Həqqaninin raket zərbəsi nəticəsində öldüyü deyilmiş, amma bu "ölüm"ün yalan olduğu sonradan bilinmişdi.
Qərb mediası iddia edirdi ki, İŞİD-in mətbuat katibi Əbu Məhəmməd əl Ədnani Twitter-dəki profilində yazıb: "Xəlifənin ölümü ilə xilafətin çökəcəyini sanırsınız? Bağdadi ölmədi, sağdır".
Dünənsə bəlli olub ki, əl Ədnaninin Twitter profili yoxdur və bu açıqlama iz itirmək üçün edilib.
Qeyd edək ki. bir neçə gün əvvəl onun ABŞ qırıcılarının bombalaması nəticəsində ağır yaralandığı deyilirdi. Üç gün əvvəl isə əl-Bağdadinin məhz həmin yaradan öldüyü bildirildi. Hələlik gəlinən yekun qənaət onun ölüm xəbərinin doğru olmadığı yönündədir.
Bu da qəribədir ki, İŞİD liderinin yaralandığı deyilən gün təşkilatın ikinci adamı, kod adı Əbu Suja olan Euf Əbdürrəhman Elfreyin Mosul yaxınlığında öldürüldüyü də açıqlanmışdı. Onun Mosul ətrafında İŞİD-ə məxsus konvoyda olduğu və ABŞ-ın hava zərbələri nəticəsində qətlə yetirildiyi deyilirdi. Bu barədə məlumatı gizli mənbələrə əsasən nüfuzlu "The Telagraph" məlumat yaymışdı. İraqın təhlükəsizlik qüvvələri isə bu qənaətdədirlər ki, əl-Bağdadi ilə Əbu Suja "eyni bədənin iki vuran qollarıdır" olduğundan, birinin ölməsi ikincinin də yaşamaq şansını azaldır. Bu səbəbdən də Əbu Suja öləndən sonra əl-Bağdadinin mühafizəsinin zəiflədiyi istisna olunmur.
Məlumatın nə dərəcədə doğru olduğu təsdiqini tapmasa da, bir sıra müşahidəçilər artıq İŞİD-in iflasa sürükləndiyini düşünməyə başlayıb. Ancaq onlar yanılırlar. Çünki bir vaxtlar ben Laden öldürüləndə hamı "Əl-Qaida" erasının başa çatdığını deyirdi. Amma göründüyü kimi, təşkilat indi də var və əz-Zəvahirinin liderliyi altında bayaqkı ilə müqayisədə daha da güclüdür. Yeri gəlmişkən, bu gün İraq və Suriyanın böyük ərazilərində xilafət elan edərək, dünyanı təhlükə qarşısında qoyan İŞİD də məhz "Əl-Qaida"dan qopan bir hissədir və bu prizmadan yanaşanda "Əl-Qaida"nın necə böyük gücə sahib olduğunu görmək mümkündür. Yəni hətta əl-Bağdadi öldürülsə belə onun əvəzediciləri var və İŞİD bəşəriyyət üçün təhlükə olaraq qalacaq. Xüsusilə də, əgər doğrudan da bu təşkilatlar ABŞ kəşfiyyatı tərəfindən yaradılırsa, deməli, İŞİD lideri ssenarinin bir hissəsi olaraq aradan görülsə belə təşkilat gələcəkdə Amerikanın Yaxın şərqdə maraqlarını icra etmək üçün çox lazım olacaq. Necə ki, bir vaxtlar Asiyanın ürəyi sayılan və SSRİ-nin mövcud olduğu Əfqanıstana girmək üçün mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən "Əl-Qaida" təsis olunmuşdu...
Onu da deyək ki, elə əl-Bağdadinin ölüm xəbəri ortaya çıxan kimi İŞİD sözçüsü Əbu Məhəmməd əl-Adnani twitter hesabından bir açıqlama yayaraq, dünyanı sevinməməyə çağırıb. Deyib ki, bəşəriyyətin təhlükəli günləri bundan sonra başlayacaq. "Xəlifənin ölməsi xilafətin süquta uğrayacağı anlamına gəlmir. Siz belə düşünürdünüzsə, yanılmısınız" deyilən açıqlamada Adnani əlavə edib ki, əl-Bağdadi sağ-salamatdır.
Pentaqonun sözçüsü Stiven Varren isə mətbuat üçün brifinqdə İŞİD liderinin öldürülüb-öldürülməməsi ilə bağlı əllərində təsdiqləyici faktın olmadığını deyib: "Açığını desək, əl-Bağdadinin aqibətinə dair əlimizdə müxtəlif mənbələrdən gələn fərqli məlumatlar mövcuddur. Ona görə də məlumatlardan hansının doğru, hansının yanlış olduğunu aydınlaşdırmaq üçün vaxt lazımdır".
Bundan bir qədər sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl-Bağdadinin öldüyü barədə iddiaları təsdiqləməyib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki son açıqlamasında "Koalisiya təyyarələri noyabrın 7-də İŞİD liderlərinin Mosul ətrafında toplanacağı barədə məlumatdan sonra oradakı 10 avtomobildən ibarət avtomobil karvanına hava hücumları təşkil edib. Bağdadinin həmin karvanda olub-olmadığını təsdiqləyə bilmirik" deyib.
Ən son olaraq iraqlı səlahiyyətlilər isə Bağdadinin ağır yaralandığını və Suriyaya aparıldığını açıqlayıb.
Maraqlıdır, demək olar ki, əl-Bağdadinin sifətini kimlərsə görməyib və bu səbəbdən də onun doğrudan da öldüyünü, yoxsa ki, sağ qaldığını təsdiqləmək çətindir. Bu haqda iki gün əvvəl hafta.az saytı yazıb. Saytın yazdığına görə, Əbu Bəkir əl-Bağdadinin ilk videogörüntüsü iyulda yayılmışdı. Ondan əvvəl də bir-iki dəfə şəkilləri ortaya çıxmışdı - qara cübbə əynində. Uzun qara saqqalı ilə... Maraqlıdır ki, o, hətta öz silahdaşları ilə görüşdə də özünü mütləq maska ilə örtür. Elə bu səbəbdən də ona "görünməz şeyx" deyirlər. Məhz həmişə maska ilə gəzməsi onun indiki kimi məqamlarda mövcud missiyasından getməsinə, gələcəkdə başqa ad altında "zühur etməsinə" imkan yaradır. Hətta onun bir vaxtlar Üsəma ben Laden kimi fəaliyyət göstərən məşhur terrorçu olduğunu da kimsə inkar edə bilməz...
1971-ci ildə Samirə şəhərində dünyaya göz açan əl-Bağdadinin əsl adı İbrahim Evad əl-Bədridir. 2004-cü ilədək əl-Bağdadi kasıblar məhəlləsində yerləşən məscidin həyətindəki kiçik bir otaqda yaşayıb. Amma Amerikanın İraqı işğal etməsindən bir il sonra nə isə müəmmalı hadisə baş verib və o, inciyərək oradan köçüb. Şayiələrə görə, deyirlər ki, məscidin imamı ondan İslam Partiyasına üzv olmasını istəyib. Ancaq əl-Bağdadi "Siyasi təşkilatlanma Sələfi düşüncəsinə ziddir", - deyərək imtina edib.
ABŞ kəşfiyyatının məlumatına əsasən, əl-Bağdadi ölüm xəbəri çıxan günlər İŞİD liderləri üçün ən təhlükəsiz sayılan və ümumiyyətlə, "İslam Dövlətinin" çox möhkəm olduğu İraqın Ənbar bölgəsindəki Kaim şəhərində yaşayıb. "Əbu Dua" ləqəbi götürən əl-Bağdadi, onunla şəxsən tanış olan İraq təhlükəsizlik təşkilatının baş stratejisti Hişam əl-Haşiminin sözlərinə görə, İŞİD-in yarandığı və "İslam xilafəti" ideologiyasının ortaya çıxarıldığı Bucca həbsxanasında 4 il cəza çəkib.
Yeri gəlmişkən, onun ABŞ əsgərləri tərəfindən tutularaq Bucca həbsxanasında saxlanılması, sonra isə başqalarından ayrılaraq azadlığa buraxılması bir sıra şayiələri ortaya çıxarıb. Fikir verin: Pentaqonun xəbərlərinə əsasən, o, 2004-cü ilin fevralından dekabr ayınadək həbsdə olub. Amma bu məlumatlar saxta olub. Çünki sözügedən həbsxananın keçmiş müdiri, polkovnik Kinq əl-Bağdadinin 2009-cu ilədək cəza evində qaldığını bildirib. Polkovnik iddia edib ki, məhz 2009-cu ildə əl-Bağdadi İraq hökumət qüvvələrinə təslim edilib, onlar isə onu sərbəst buraxıblar. Bundan sonra isə onun İŞİD təşkilatında vəzifəcə sürətli yüksəlişi başlayıb...
Müşahidəçilər indiyədək İŞİD liderinin müxtəlif yollarla ABŞ-la əlaqə saxladığını iddia edirlər. Suriyalı politoloq Taleb İbrahim deyir ki, əl-Bağdadi şübhəsiz Birləşmiş Ştatların öz adamıdır: "Buna qəti şübhə etmirəm. Suriya və İraqda yaşanan böhranın müəllifi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsidir (MKİ). Yadınızdadırsa, SSRİ Əfqanıstanı işğal edəndə ABŞ "Əl-Qaida"nı yaradaraq sovet əsgərlərinə qarşı döyüşdürdü. Bu gün də eyni ssenari işə salınıb və gələcəkdə İranda da bu kimi planlar həyata keçiriləcək".
Rusiyalı şərqşünas alim, siyasi analitik Vyaçeslav Matuzov da bu qənaətdədir ki, bəli, İŞİD-in arxasında ABŞ dayanır və şəxsən əl-Bağdadi MKİ tərəfindən yönləndirilir: "Bizdəki məlumatlar əl-Bağdadinin MKİ ilə əlaqədə olduğunu göstərir. Düşünürəm ki, o, Bucca həbsxanasında saxlanılan müddətdə MKİ-nin əməkdaşları ilə əlaqə yaradıb və onlara işləməyə başlayıb. Əslində onun hekayəsi "Əl-Qaida" funksionerlərindən olan Əbdülkərim Belhacın hekayəsinə çox bənzəyir. Çünki o da amerikalı hərbçilər tərəfindən tutulub və uzun müddət Amerika zindanında saxlanılıb, 2010-cu ildə isə Məəmmər Kəddafi hakimiyyətinə təslim edilib, ancaq onlar sərbəst buraxıblar. Maraqlıdır ki, o da Liviyada inqilab başlar-başlamaz adamlarını yığıb, Kəddafi hakimiyyətinə qarşı silahlı mübarizəyə start vermişdi. Sonradan isə Belhac Bəşər Əsədə qarşı aparılan əməliyyatlarda fəal rol oynayıb. Yəni əl-Bağdadi ilə Belhacın avtobioqrafiyaları demək olar eynidir. Ona görə də bunların heç birinin arxasında ABŞ kəşfiyyatının dayandığını istisna etmək olmaz".
Şərqşünas İŞİD-in ABŞ-la əlaqəsinin bir sübutu kimi də Vaşinqtonun F-16 qırıcılarını İraq hakimiyyətinə verməməsi faktını göstərir. Üstəlik, bölgə üzərində uçan Amerikaya məxsus pilotsuz təyyarələr vasitəsilə də İŞİD liderləri ilə əlaqə qura bilərdi Vaşinqton. Amma bunu etməyiblər.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25