Yadplanetlilərin göndərdikləri biorobotlar haqqında ilginc faktlar
13:52 14-11-2014
İQTİSADİYYAT
Yadplanetlilərin göndərdikləri
biorobotlar haqqında ilginc faktlar
Onların simaları, hərəkətləri insanlarınkından fərqlidir
Zaman-zaman kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə qəribə insanlar haqqında məlumatlar gedir. İlk baxışdan onlar adi adamlardan fərqlənmirlər. Lakin bu, ilk baxışda belədir. Diqqətlə izlədikdə məlum olur ki, simaları, hərəkətləri insanlarınkından fərqlidir, onlar bu dünyanın adamları deyillər.
Havaya buxarlananlar
Tolyatti Rusiyanın ən anomal zonalarından sayılır. 1970-ci ildə burada baş vermiş hadisə hələ də hafizələrdən silinməyib.
Noyabrın ortaları idi. Jiqulevsk şəhərindən Tolyattiyə işləyən reys avtobusuna 5 nəfər naməlum şəxs mindi. Hamısı eyni cür geyinmişdi - qəhvəyi rəng uzun plaş, kepka, qalstuk. Simaları da bir-birilərinə bənzəyirdi. Sanki, siam əkizləri idilər. Avtobusda olan sərnişinlər həyəcanlandılar. Axı avtobus dayanacaqda saxlamamışdı. Bu 5 nəfər qəfildən necə peyda oldu? Onların hərəkətləri də sərnişinlərdə təəccüb yaratdı. Qəribə adamlar avtobusun sonunda dairə quraraq durdular. Danışıqları eşidilmirdi. Sərnişinlərdən biri onların, sanki telepatik yolla ünsiyyət qurduqlarını xatırlayır. Avtobus Tolyattiyə çatdıqda qəribə insanlar elə peyda olduqları kimi qəfil də buxarlandılar.
Buna oxşar hadisə 10 ildən sonra Toyattinin Stepan Razin prospekti ilə hərəkət edən trolleybusda təkrarlandı. Bu dəfə qəribə insan tək idi. O da sərnişinlə dolu trolleybusda qəfil peyda oldu. Yenə qəhvəyi paltarda. Üzündə anlaşılmaz ifadə ilə. Sonra qəfil buxarlandı. Hadisənin şahidi olan iki təqaüdçü qadın qorxudan huşunu itirdi.
"Mən mexanikəm"
1981-ci ilin fevralında Leninqrad mehmanxanalarından birinin giriş zalında qəhvəyi paltarlı kişi peyda oldu. Onun holla necə daxil olduğunu, liftə necə mindiyini heç kim görməmişdi. Bax beləcə qəfil peyda oldu. Mehmanxananın 3 işçisi kişinin birdən-birə havada materiyalaşmasının şahidi olmuşdular. Həyəcanla naməlum qonağı izləyirdilər.
Naməlum kişi onlara yaxınlaşıb telefonla zəng etmək istədiyini bildirdi. Səsində metal ahəngi vardı, rusca təmiz danışsa da, dialekti anlaşılmaz idi: "Mən kosmik gəminin mexanikiyəm. Hava gəmimdə texniki problemlər var. Dostuma zəng etməliyəm."
Qorxudan rəngi ağaran 3 qadın başları ilə razılıq işarəsi verdilər. Qonaq harasa zəng etdi. Sonra dəstəyi əlində saxlayaraq qadınlara tərəf döndü: "İndi mən hansı tərəfdəyəm, bu mehmanxana hansı metroya yaxındır?"
Mehmanxana işçiləri bir az da təəccübləndilər. Ancaq bildirdilər ki, "Aleksandr Nevski" metrostansiyası yaxınlığındadırlar. Naməlum şəxs telefonla danışdığı adama metronun yaxınlığında görüş verdi, qadınlara təşəkkür edib liftə tərəf yönləndi. Ancaq liftin qapısına çatmadan havaya buxarlandı.
Hərbi obyektlərdə...
UNO və qəhvəyi geyimli insanlar hərbi obyektlərdə də müşahidə edilib.
Sovet vaxtı mühüm hərbi strateji əhəmiyyəti olan kiçik şəhərlər vardı. Bu şəhərlərə ancaq xüsusi buraxılışla girmək olardı. Arzamas-16 belə şəhərlərdən idi. Burada nüvə silahları üzrə mühəndis bürosu yerləşirdi. Məxfi obyekt "KB-1" adlanırdı. Ötən əsrin 60-cı illərində burada anlaşılmaz hadisələr baş verməyə başladı. Bütün bunlar haqda ictimaiyyətə yalnız Qorbaçovun yenidənqurma dövründə açıqlama verildi. Az bir müddət ərzində məxfi obyektdə bir neçə rəis işdən qovulmuşdu. Məsələ onda idi ki, büronun dəhlizlərində qəribə insanlar peyda olurdu. DTK başını itirmişdi. Naməlum şəxslər postlardan keçməmişdilər. Keçsəydilər, əsgərlər onları saxlayardılar...
Xüsusi xidmət orqanları bəzən yadplanetlilərin izinə düşürdü. Lakin onları tutmaq mümkün deyildi. Qapısı, pəncərəsi olmayan otaqlara girib yoxa çıxırdılar.
Buna izah vermək olmurdu... Məxfi obyektə daxil olan naməlum şəxslərə görə rəisləri işdən çıxarmağın isə daha mənası yox idi.
Eyni hal ABŞ-ın Los-Alamosdakı məxfi laboratoriyasında təkrarlandı. 1958-ci ildə laboratoriyanın ərazisində naməlum kişi gəzişirdi. Otaqdan-otağa keçirdi. Halbuki, qapılarda xüsusi kod vardı. Mühafizə onu izlədi. Hətta avtomat silahdan atəş açdı. Ancaq güllələr qəribə insana kar etmədi. Sonra o, qəfil yoxa çıxdı.
Zombi kimi...
NATO hərbi bazalarından biri İtaliyanın Aviano şəhəri yaxınlığında yerləşir. 2008-ci ildə polis patrulu baza istiqamətində sürətlə hərəkət edən avtomobili dayandırmağa cəhd etdi. Lakin avtomobildəkilər polisin "saxla" əmrinə reaksiya vermədilər. Polis maşını qanunu pozanları təqib etməyə başladı. Avtomobilin təkərlərinə güllə atıldı. Sürətlə hərəkətdə olan avtomobil idarəetməni itirdi və qarşıdan gələn yük maşınına çırpıldı. Dəhşətli partlayış baş verdi. Bu qəzadan avtomobildəki sərnişinlərin sağ çıxma şansı sıfıra bərabər idi. Polislər uzaqdan alovu təəssüflə seyr edirdilər. Lakin avtomobilin qapısı açıldı, oradan geyimləri alova bürünmüş iki adam çıxdı. Polislər gözlərinə inanmırdılar. Qanun keşikçiləri özlərinə gələnədək üst-başları yanan iki nəfər yaşıllıq sahəyə qaçdılar və meşə zolağında gözdən itdilər.
Polislər və hərbçilər meşə massivində axtarış keçirdilər. Onlar qorxudan ağarmış yerli sakinlərdən birini tapdılar. O deyirdi ki, üst-başları yanıq içərisində olan yarıçılpaq iki nəfəri görüb. Simaları dəhşətli dərəcədə yanmışdı. Diridən çöx ölüyə oxşayırdılar. Eynən dəhşət filmlərindəki zombilər kimi.
Sonrakı axtarışlar nəticə vermədi. Naməlum şəxsləri tapmaq mümkün olmadı.
Yadplanetliləri öyrənən məşhur amerikalı ufoloq Robert Daffin bu hadisələri şərh edərkən deyir ki, "göydən gələnlər" məxfi silahlara aid informasiyaları toplayırlar. Qəhvəyi geyimli insanlar isə, Daffinin hipotezasına görə, yadplanetlilərin kəşfiyyat məqsədilə istifadə etdikləri biorobotlardır.
İlqar Atabəyli
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35