Milli Məclisdə naziri "topa tutdular"
10:22 20-11-2014
İQTİSADİYYAT
Milli Məclisdə naziri "topa tutdular"
Natiq Əliyevin "vurulmasına" start verildi, Energetika nazirliyi ləğv təhlükəsi ilə üzləşə bilər
Energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi qurum sərt tənqid hədəfinə tuş gəlib. Özü də Milli Məclisdə iqtidaryönümlü millət vəkili tərəfindən.
Belə ki, parlamentin noyabrın 18-də keçirilmiş iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deputat Əli Məsimli Azərbaycanda qazlaşmanın zəif getdiyini deyib: "Onu sürətləndirmək lazımdır. Digər tərəfdən bank faizləri aşağı salınmalı, kənd yollarının çəkilməsi prosesi sürətləndirilməli və regionların su təchizatı yaxşılaşdırılmalıdır. 2009-2013-cü illərin proqramı üzrə büdcədən 620 milyon manat pul ayrılıb ki, regionalarda qazlaşma prosesi getsin. Amma Şəkidə bu proqram üzrə 56 kənddən yalnız 17-si, yəni 30 faizi qazlaşdırılıb. Buna ekoloji və sosial yanaşmaq lazımdır. Buna Energetika Nazirliyi, "Azəriqaz" və digər qurumlar məsuliyyət daşıyır. Ona görə də bu qurumlara müraciət edirəm ki, dövlət qazlaşmaya pul ayırırsa, bu reallaşmalıdır. Niyə indiyə qədər həmin kəndlərə qaz çəkilməyib? Bu istiqamətə ayrılan vəsaitlər hara xərclənib? Buna görə də əlavə arayışların verilməsini daha məqsədəuyğun hesab edirəm. Hesablama Palatası yaxşı olar ki, bizim qaldırdığımız məsələyə diqqəti artırsın və bu istiqamətdə araşdırma aparsın".
Parlamentdə iqtidara yaxınlığı ilə bilinən millət vəkilinin dilindən Natiq Əliyevin nazirliyinin belə sərt şəkildə tənqid olunması təsadüfi sayılmır. Hesab edilir ki, bu, energetika nazirinin "vurulması" yönündə ilk xəbərdarlıq kimi də qəbul oluna bilər.
Qeyd edək ki, hələ keçən ilki prezident seçkilərindən sonra N. Əliyevin hakimiyyət daxilində mövqeləri bir qədər də zəifləmişdi.
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Bəzi optimist müşahidəçilərin fikrincə, belə bir sərəncam respublikamızda bu ilin sənayeləşmənin yeni mərhələsinin başlanğıc dövrü olacağına dəlalət edir.
Maraqlıdır ki, Azərbaycanda 2014-cü ilin "Sənaye ili"elan edilməsi bu sahəyə cavabdehliyin Sənaye və Energetika Nazirliyindən alınıb İqtisadi İnkişaf Nazirliyinə verilməsi, sonuncunun İqtisadiyyat və Sənaye Nazirliyinə çevrilməsindən sonra baş verdi. Natiq Əliyev sənaye ilə bağlı səlahiyyətlərini itirdi, əvəzində Şahin Mustafayev kifayət qədər önəmli bir sahəni öz nəzarətinə keçirdi.
Bəs görəsən, sənaye sektorunda belə bir "əl dəyişdirilməsi"haradan qaynaqlanırdı? Bu suala cavab tapmaq üçün ekspertlər son illərin sənaye sahəsindəki göstəricilərinə istinad edir və bildirirdilər ki, Natiq Əliyevin bu sektora rəhbərliyi zamanında görülən işlər heç də uğurlu olmayıb. Yəni onun nazirliyi sənaye istehsalı göstəricilərini sadəcə olaraq, neftin yüksək hasilatına hesablayıb, hasilatın aşağı düşməsi ilə sənaye sektorunda da axsaqlıqlar ortaya çıxmağa başlayıb.
Görünür, hökumətdə bunu öncədən hesabladıqları üçün sənaye sahəsinin Natiq Əliyevdən alınmasına qərar verildi. Əvvəlcə bu, ardınca da 2014-cü ili "Sənaye ili"elan etməklə hökumətin bu sektorda yeni, "neftsiz inkişaf"a əsaslanan yüksəliş mərhələsinə start verdiyi təəssüratı yaranırdı.
Ümumilikdə isə hesab olunurdu ki, çox önəmli bir sahə ilə bağlı səlahiyyətlərini itirməsi N. Əliyevin iqtidar daxilindəki mövqelərini daha da zəiflədəcək, sonda isə bu, onun hökumət kabinetindən kənarda qalması ilə nəticələnəcək.
İndi Milli Məclis səviyyəsində onun nazirliyi ilə bağlı kəskin ittihamların səslənməsi məhz bu baş verənlər fonunda xüsusi maraq doğurur. Hətta iddialara görə, ölkədə energetika sektoru ilə bağlı ayrıca nazirliyin fəaliyyətini səmərəli hesab etməyənlər çoxdur. Belələri enerji sahəsinin də Sənaye və İqtisadiyyat Nazirliyinin tabeliyinə keçirilməsini idarəetmə baxımından daha doğru hesab edirlər. Bu isə bir çoxlarında həmin nazirliyin ləğv oluna biləcəyinə dair ehtimallar yaradıb.
Bütün bu deyilənlərdə həqiqət payının nə qədər olduğunu əlbəttə ki, zaman özü göstərəcəkdir. Hələliksə görünən odur ki, Natiq Əliyevin postuna ciddi təhlükə yaranıb və ötən ilin payızından bəri energetika nazirinin vəzifəsindən uzaqlaşdırılacağına dair iddialar qətiyyən təsadüfi deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35