Avropadan təzyiqlər artır
12:45 11-05-2012
İQTİSADİYYAT
Avropadan təzyiqlər artır
Son bir ay ərzində Avropa ilə Azərbaycan münasibətlərində ciddi gərginliklər müşahidə edilməkdədir. Öncəliklə qeyd edək ki, Azərbaycan Qərbin enerji təhlükəsizliyi proqramında aparıcı rol oynadığına görə Avropa ölkələri Azərbaycana həssas yanaşır və enerji maraqlarına daha çox önəm verirdilər.
Amma gözlənilmədən vəziyyət dəyişdi. Daha doğrusu, ərəb inqilablarından sonra Avropanın bir sıra aparıcı dövlətləri, o cümlədən Almaniyanın Azərbaycana münasibəti dəyişdi və ölkəmizə qarşı ciddi ittihamlar səslənməyə başladı. Bu günün özündə istər Almaniyada, istər Fransada, istərsə də digər dövlətlərdə Azərbaycanla bağlı sərt yazılar dərc olundu və proqnozlar onu göstərir ki, sərtlik daha da artacaq. Əsasən söz azadlığının pozulması, vicdan məhbuslarının azadlığa buraxılmaması tutulan iradlar sırasındadır.
Bu arada növbəti ciddi xəbərdarlıq Böyük Britaniyadan gəldi.
Ekspertlərin fikrincə, Böyük Britaniyanın da məsələyə müdaxiləsi artıq ciddi məqamdır. Çünki Böyük Britaniya Avropada Azərbaycanın, az qala, lobbisi rolunda çıxış edir və iki ölkəni ciddi iqtisadi maraqlar bağlayır. Buna görə də adı çəkilən dövlət Azərbaycana yanaşmada iqtisadi maraqlarını siyasi maraqlardan üstün tuturdu. İndi isə, deyəsən, vəziyyət dəyişir.
Belə ki Böyük Britaniyadakı Xarici Siyasət Mərkəzi "Azərbaycan hökuməti son 10 ildə ölkədə demokratik yox, məhdud modernləşmə siyasəti aparıb" devizi ilə hesabat yayıb. Hesabatın təfsilatına varmadan bunu qeyd edək ki, əsasən tövsiyələrdən ibarət olan sənəddə Azərbaycan ilk növbədə az qala avtoritar ölkə kimi göstərilir.
Hesabatda qeyd olunur ki, ölkə iqtisadiyyatı genişlənsə də , siyasi motivli həbslər davam etdiyindən ölkədə siyasi azadlıq, ədalətli seçki və mətbuat azadlığı sahəsində vəziyyət pisləşib.
Hesabat müəllifləri xəbərdarlıq edir ki, artıq ölkədə neft bumu arxada qalıb və Azərbaycan hökuməti əldə etdiyi vəsaiti ağılla xərcləməli, korrupsiya və səriştəsizliyə qarşı mübarizəyə sərf etməlidir, əks halda ictimaiyyətin böyük təzyiqi ilə üzləşəcək.
İndi isə keçək tövsiyələrə. Əslində, digər maraqlı bir məqam da bundan ibarətdir ki, tövsiyələr paketi İctimai Palatanın təqdim etdiyi "Yol xəritəsi" layihəsinin genişləndirilmiş formasıdır. Bu isə sübut edir ki, İctimai Palata "Yol xəritəsi"ni təsadüfdən hazırlamayıb və bu prosesdə kənar qüvvələrin rolu olub. Hazırda isə bu layihənin reallaşması üçün Azərbaycana təzyiqlər ən yüksək səviyyədə artmaqdadır.
Hesabatda vurğulanır ki, Böyük Britaniya, Avropa Birliyi və Qərbin Azərbaycanda iştirakı enerji diplomatiyası ilə kifayətlənməməli, islahatlar üçün daha güclü təzyiq etməlidirlər.
Sənəddə belə bir fikir irəli sürülür ki, Azərbaycan hökuməti demokratik yox, məhdud modernləşdirmə siyasəti yürüdür. Bəzi qanunvericilik və dövlət prosesləri yaxşılaşdırılsa da, Azərbaycanda hakimiyyətin təbiəti plüralist deyil, insan haqlarına dair bəzi əsas sahələrdə və idarəçilikdə vəziyyət pisləşir. Buna görə də hesabatda Azərbaycan hökumətinə bir sıra tövsiyələr irəli sürülür: 2011-ci ilin antikorrupsiya kampaniyası canlandırılsın, monitorinq gücləndirilsin, dövlət kontraktları açıq tenderə çıxarılsın, bazarlara siyasi nəzarət aradan qaldırılsın, vergi yoxlamalarında sui-istifadə halları aradan qaldırılsın; bütün siyasi məhbuslar buraxılsın, AŞPA-nın xüsusi məruzəçisinin ölkəyə gəlməsinə icazə verilsin, siyasi etirazların hədəf auditoriyasına yaxın yerlərdə keçirilməsi üçün Bakının mərkəzində yeni məkanlar təsdiqlənsin, qanuni piketlər və digər siyasi fəaliyyətə polis müdaxiləsinə son qoyulsun. Bununla yanaşı daha bir neçə ciddi tövsiyələr də var ki, bunların da hər biri bir-biri ilə sıx bağlıdır.
Maraqlıdır, bəs Azərbaycan bu tövsiyələri həyata keçirə biləcəkmi? Ekspertlər hesab edirlər ki, təklif olunan məsələlər əslində zamanla həll olunan məsələlərdir. Yəni bunları qısa müddətdə həll etmək mümkün deyil və bu da təsdiqləyir ki, əslində bunlar təzyiq mexanizminin tərkib hissəsidir. Çünki Azərbaycan açıq şəkildə bildirib ki, Nabucco layihəsinə qoşulmaq fikrində deyil və bu Avropanın bütövlükdə planının pozulması deməkdir. Buna görə də Azərbaycana bu cür təzyiqlər artırılır. Bunu da xatırladaq ki, 2013-cü ildə prezident seçkiləri olacaq və Qərb bundan daha məharətlə istifadə etmək niyyətindədir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17