Daha bir məşhur şirkət Şahin Mustafayevin nazirliyinə qarşı
09:03 26-11-2014
CƏMİYYƏT
Daha bir məşhur şirkət Şahin Mustafayevin nazirliyinə qarşı
"Prokter & Gembl Azərbaycan Servisləri" Dövlət Xidmətini niyə məhkəməyə verir?
Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyindən şikayətlər səngimək bilmir. Bu dəfə nazirliyin tərkibindəki qurumlardan biri tanınmış şirkətin hədəfinə gəlib.
Belə ki, "Prokter & Gembl Azərbaycan Servisləri" MMC Mustafayevin nazirliyinə tabe olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə vermək niyyətindədir. Bu barədə "apa-economics"in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib. Şirkət rəsmisi bildirib ki, "Prokter & Gembl Azərbaycan Servisləri" hüquqşünasları yaxın günlərdə Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldıracaq.
Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.
Bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Prokter & Gembl Azərbaycan Servisləri" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" şirkətinə 2 mln. 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, ilk dəfə deyil ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nazirliyin tabeliyindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə şirkətlər arasında belə qovğalar meydana çıxır. Ayrı-ayrı istehsalçı müəssisələr, firmalar, şirkətlər müəyyən vaxtlarda sözügedən Xidmətin yoxlamalarının nəticələrinə etiraz bildiriblər. Onların arasından məhkəməyə müraciət edənlər də az deyil.
Məsələn, ötən ay "Unikal" olaraq xəbər vermişdik ki, "Mazda" avtomobillərinin satışını həyata keçirən "Rotary Motors" şirkəti İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə verəcək. Səbəb adı çəkilən qurumun şirkətə qarşı 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq etməsidir. "Rotary Motors"da bu qərarın əsassız olduğunu bildirirlər.
Mustafayevin nazirliyi ilə bağlı oxşar məhkəmə iddialarının artması, bu sırada tanınmış firma və şirkətlərin adlarının da tez-tez ön plana çıxması belə bir rəyin formalaşmasına gətirib çıxarıb ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yoxlamaları heç də obyektiv həyata keçirilmir, nəticələr ədalətli şəkildə açıqlanıb doğru qərarlar verilmir, bir çox hallarda hansısa başqa məqsədlərin güdülməsi istisna deyil.
Məsələn, belə iddialar var ki, adıçəkilən qurum bir çox iri məmurların müxtəlif istiqamətli biznes fəaliyyətlərini daha da genişləndirmək, onların monopolist maraqlarını gücləndirmək üçün «yaşıl işıq" yandırmaqla məşğuldur. Yəni elə şirkətlər, müəssisələr "vurulur" ki, nəticədə bazardakı oliqarx şirkətlərinin mövqeləri möhkəmlənir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00