Ağ Evin qara üzü
10:12 27-11-2014
İQTİSADİYYAT
Ağ Evin qara üzü
Və ya bezmiş insanlar nə istəyirlər?
Hə, məhz belədir. Demokratiya korun nəyin bahasına olursa-olsun, gözəllik müsabiqəsinin münsiflər heyətində yer almaq istəməsidir.
O da var ki, əksər hallarda demokratiya geniş xalq kütlələrinin adından çox az sayda olan insanların həyata keçirdikləri "əsl xalq hakimiyyəti"nə çevrilir.
Və ən nəhayət, demokratiya telekanallardan eşidilib, saytlardan oxunmayan - vətəndaşların gördükləri nəsnə olmalıdır.
ABŞ-da baş verən olaylarla bağlı ən rahat ifadə "Dünyanın ən demokratik ölkəsində qəddarlıq" olardı. Təbii ki, belə deyil.
Birləşmiş Ştatlar gerçəkdən də, dünyanın ən demokratik ölkələrindən biridir və oradakı insanların hüquqlarını da dövlət qorumağa çalışır.
Əksini iddia etmək gülüncdür, sovet dönəmindəki "aqitprop" və ya Şimali Koreyadakı "Amerika dağılır" tipli təbliğatdır.
Birləşmiş Ştatlar gil ayaqlı nəhəngə çevrilib. Dünya ölkələrini demokratiyaya səsləyən, müsəlman ölkələrində isə demokratiyanı raket, bomba və lazer nişangahlı sursatlarla bərqərar etməyə çalışan, "diktator"ları yıxmaq adıyla dövlətləri viran qoyub milyonlarla insanı səfilliyə sürükləyən ölkə də ABŞ-dır.
İraq, Suriya, Əfqanıstan, Somali, Haiti, Ukrayna, Gürcüstan və daha neçə ölkə - onların hamısı "Sem dayı"nın humanizminin dəmir dabanının, demokratiya dəyənəyinin zərbəsinin, raketlərlə səpilən insani dəyərlərin fəlakətinin nə olduğunu əla bilirlər.
Salam olsun gettolara...
ABŞ-ın Missuri şəhərindəki Fergüsson şəhərində bu ilin avqustun 19-da silahsız, dinc 18 yaşlı qaradərili gənci polis zabiti Darren Uilson güllələdi.
İndi Ağ Ev çini dükanına girmiş ayı kimi yöndəmsiz hərəkətlər edir, "polisin dükanı qarət etməyə çalışan şübhəli şəxsi zərərsizləşdirməyə" çalışdığını iddia edir. Halbuki Maykl Braun nə dükan qarət etmək istəyirdi, nə də kriminal elementdi.
Olay əvvəlcə Sent-Lüis şəhərinin həndəvərindəki Fergüsson şəhərində "partlayış" effekti doğurdu, sonra kütləvi nümayişlər və etiraz aksiyaları başqa şəhərlərə keçdi.
Bu, Fergüssondakı olayların və indi ABŞ-da yaşanan hadisələrin qısa məğzidir.
Səbəblər isə az deyil və bu məqamların kökündə də ABŞ-dakı "qanunun aliliyi" prinsipinin eybəcərləşdirilməsi durur.
Cənablar, demokratiya qanunun aliliyidir - bu qanunu təmin etməyə çalışanların fövqəladə olmaları, alilik əbasını geyərək sıravilərə divan tutmaları yox.
Demokratiya - millətin iradəsinin
nəzarətdə saxlanması
Görünən budur ki, hazırda Birləşmiş Ştatlarda həmin bu demokratiya millətin iradəsinin nəzarətdə saxlanmasıdır. Çünki.. Avropa ölkələri və ya Yaponiya, Çin, yainki Kanadadan fərqli olaraq ABŞ mərkəzdənqaçma siyasətinin güclü olduğu dövlətdir.
Praktiki olaraq bütün ölkə müxtəlif ölçülü şəhərlər, bölgələr və bələdiyyə birləşmələrindən ibarət yamaqlı yorğanı xatırladır. Böyük şəhərlərin tam əksəriyyətində qeyri-rəsmi gettolar var.
Məsələn, Nyu-York və ya Vaşinqtonun qaradərililər yaşayan səmtlərində 10 dollara ikimərtəbəli ev almaq olar. Nədən ki, həmin səmtlərdə yaşamaq çox təhlükəlidir.
İşsizlik, ümidsizlik, həyatdan bezmək - bütün bunlar küçə cinayətlərinin sayını artırır.
ABŞ-da olan azərbaycanlılar bilirlər: belə səmtlərə yollanan turistlərə deyirlər: "Cibinizə mütləq 20 dollarlıq əskinas qoyun. Pul istəsələr, verin! Mübahisə etməyin, yoxsa öldürülə bilərsiniz!"
Hətta "Die Hard" ("Çətin qoz", tərcümə bərbaddır, bilirəm) filmində baş rolda oynayan Brüs Uillis Nyu-Yorkun Harlem səmtində, qaradərililər yaşayan yerdə epizodun çəkilişində özünü və sonra da bizi, tamaşaçıları aldatmışdı.
"Die Hard 3"dəki o məşhur səhnə yadınızdamı? Səhnəni Harlemdə, sakinlərinin tam əksəriyyəti qaradərililər olduğu üçün "qara getto" adlandırılan məkanda çəkmişdilər. Ssenariyə görə, Brüs Uillis Harlemdəki küçələrdən birində "I Hate Niggers" (Mən zəncilərə nifrət edirəm) plakatı ilə durmalıydı. Amma bundan xəbər tutan qaradərililər o qədər qəzəblənmişdilər ki, Brüs Uills "I Hate Everybody" (Mən hamıya nifrət edirəm) plakatı ilə durmalı olmuşdu.
Sonradan montaj zamanı plakata "zəncilər" sözü yazılmışdı.
Aktyorun özü sonralar demişdi ki, əgər "Mən zəncilərə nifrət edirəm" plakatını götürüb Harlemə yollansaydı, qaradərililər onu parçalayardılar.
ABŞ-a mühacirət edənlər də ölkədən razılıq edirlər. Təbii, çünki onlar avtomatik olaraq "ağdərililər" arasında yer alırlar. Amma qaradərilisənsə, günün də dərin rəngində ola bilər. Birləşmiş Ştatların istisnasız olaraq bütün şəhərlərində dərinin rənginə görə insanlar arasında fərqlər, ekstrapolyasiya var.
Vaşinqton "Bu, yoxdur, ola bilməz!" siyasəti yürüdür. Həmin siyasət Hollivudda bariz görünür. Məsələn, istisnasız olaraq bütün filmlərdə baş qəhrəmanlardan biri ağdərilidirsə, onun mütləq qaradərili dostu olmalıdır.
Hətta multiplikasiya filmlərində də. İş o yerə çatır ki, "Ağcaqız və 7 cırtdan" multfilmindəki cırtdanlardan biri qaradərili "olub".
Belə saxta "bərabərlik" qaradərililəri aldatmır və onlar mütəmadi olaraq hüquqlarını tələb edirlər.
Fergüsson ilk və belə görünür ki, son olay deyil.
1992-ci ilin mayında büsbütün ağdərililərdən ibarət olan andlılar məhkəməsi qaradərili R.Kinqi ölənədək döymüş 4 polisə bəraət vermişdi. Məhkəmənin qərarı açıqlanandan sonra Los-Ancelesdə iğtişaşlar başlandı. 53 nəfər həlak oldu, 1100 ev yandırıldı, şəhərə 1,5 milyard dollarlıq ziyan dəydi.
Daha sonra Atlanta, Las-Veqas, San-Fransisko, Mayami və Sietl "partladı".
"Bizdə demokratiya hamının danışa bilmək, amma tox olmamaq azadlığıdır", - Los-Ancelesdəki qaradərililər deyirdilər.
Olmaya ABŞ-da insanlar üçün imkanlar yox, sadəcə, şərtlər bərabərdir.
Belədirsə, qaradərili prezidentin idarə etdiyi ölkədə dərisinin rəngi qara olan bütün başqa vətəndaşlar ağ gün istəməkdə haqsızdırlar?
...Srağagün ABŞ-ın Minneapolis şəhərindəki Minnesota şəhərində nümayişçilərin üstünə maşın sürən polis hamilə qadını əzib. Qadın ağır travmalarla, kritik vəziyyətdə xəstəxanaya aparılıb.
Sent-Lüisdə isə nümayişçilərin "Bu qadının ürəyi dayandı! Yardım edin! Vurmayın" çığırtılarına rəğmən, polis yerə yıxılmış qadını təpikləyib, sonra da sürüyərək dəmir barmaqlıqlı avtomobilə aparıb və həbs edib.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17