ABŞ-Avropa-Rusiya tələsində Azərbaycan tikəsi
ABŞ-Avropa-Rusiya tələsində Azərbaycan tikəsi

Sonuncu raund başlayır

Birinci yolun təhlükəsi

Azərbaycan qarşısında iki yol görürdü.Birinci yol Suriya, Misir yolu idi. Baş verənlər çox acınacaqlı və Qərblə Rusiya arasında çırpınma həddində idi. Qərb və ABŞ bütün gücü ilə Şərqdə düzəni dəyişməyə başladı, Rusiya isə qanlı dəyişməyə elə qanla cavab verdi. Şərqdə baş verənlərin təsiri artıq Azərbaycanda hiss olunmağa başlamışdı. Gözlənilmədən radikal dini qruplar ayağa qalxmağa cəhd etdi, siyasiləşmiş dini qruplar hər zaman uzaqda durduqları müxalifətə yaxınlaşmağa başladılar, müxalifətin bir mərkəzdən idarə olunması istiqamətində həm Avropa, həm də Rusiya müxtəlif taktikalarla çıxış etməyə başladılar və nəticədə prezident seçkiləri zamanı süni mayalanma ilə Milli Şura doğuldu. Bütün bunlar Azərbaycan qarşısında duran birinci yol idi.

İkinci yolun
addımlığında

İkinci yol isə bu gün gördüyümüz Ukrayna yolu idi. Qərb Azərbaycanı istənilən yolla Avropa İttifaqı ilə Tərəfdaşlıq Proqramına cəlb etmək və bununla fakt qarşısında qoymağa çalışırdı.Bu o zaman baş verirdi ki, Rusiya Gömrük İttifaqı ideyası ilə meydana çıxmışdı,possovet ölkələri ilə sərt dildə danışmağa başlamışdı. Ən ziddiyətli hal isə bu idi ki, istər Rusiya, istərsə də Qərb özlərinə cəlb etməyə çalışdıqları ölkələrin təhlükəsizliyinə və müstəqilliyinə qarantiya vermirdilər. Beləcə Ukrayna addımını atdı və nəticədə Krımı bütövlükdə itirib, digər bölgələrində isə silahlı qarşıdurma davam edir. Faktiki Ukraynanın dövlət bütövlüyü yoxa çıxıb. Azərbaycan isə hər iki tərəfdən eyni məsafədə durmaqla ikinci Dağlıq Qarabağın yaranmasını, Azərbaycanın müstəqilliyinin itirilməsinə yol vermədi. İkinci yoldan kənara çəkilməklə reallığı ortaya çıxartmaq mümkün oldu.

VƏ...

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan heç kəsin yox, dövlətin maraqlarının yanında olacaq. Məhz əsas yol bu idi və nəticəsi göz qabağındadır. Amma hesab etmək olmazdı ki, istər Qərb , istərsə də Rusiya bununla razılaşacaq və Azərbaycan bitərəfliyini qoruyacaq. Əksinə, əsas savaş məhz bundan sonra başlayacaq və artıq başlayıb.

Rusiyanın beşinci
kalon təsiri
Rusiya Azərbaycana sözsüz ki, bir neçə istiqamətdə təsir etməyə çalışacaq. Bunlar aşağıdakılardır
1. Dağlıq Qarabağ problemində düyünləri artırmaq və Ermənistana manevr imkanları vermək
2. Azərbaycanda milli azlıqların aktivləşməsinə və separatçılardan istifadə etməklə yeni münaqişə ocaqları yaratmaq
3. Azərbaycan iqtisadiyyatına təsirli zərbə vurmaq
4. Xəzər dənizində hərbi donanması vasitəsi ilə Azərbaycanı faktiki işğal təsirində saxlamağa çalışmaq.
Yeri gəlmişkən Vladimir Putinin sonuncu dəfə Azərbaycana məhz hərbi gəmi ilə gəlməsi, bir ay öncə Rusiya hərbi gəmilərinin Bakı sahillərinə gəlməsi heç də təsadüfü deyil və Rusiya bununla mesajını göndərib. Ümumilikdə götürəndə Rusiya son 20 il ərzində hansısa obyekti təsir dairəsinə salmaq üçün hərbi potensialını nümayiş etdirməyə çalışır, həmçinin ölkədaxili proseslərə müdaxiləsini artırır. Amma hazırda Rusiyanın özünün durumu da kifayət qədər ağırdır və iqtisadi sanksiyalar ciddiləşərsə durum müəyyən qədər mürəkkəbləşəcək. Əksər ekspertlər hesab edir ki, Rusiya belə duruma düşərsə öz daxilinə çəkiləcək və ətraf mühit üçün təhlükəsi zəifləyəcək. Amma bu o qədər də inandırıcı deyil. Nəyə görə
- Rusiya iqtisadi durumunu cüzi də olsa bərpa etmək üçün yeni məkanlar axtaracaq və bu məkanlar possovet ölkələri olacaq
- Rusiya tarixlər boyu ciddi sıxıntılar yaşayan zaman nəinki içinə çəkilir, əksinə ətrafında münaqişə bölgələrini artırmaqla domenantlığını qoruyub saxlaya blir və yenə bu taktikadan istifadə qaçılmazdır
- Rusiya daxilində hakimiyyətə ciddi bir bağlılıq var və ətraf onlar üçün hədəfdir.Bu isə o deməkdir ki, rus toplumu bir müddətdən sonra daha aqressiv mövqe sərgiləycəklər.
Belə olan halda hesab etmək olar ki, Rusiya Azərbaycana yanaşmada ilk növbədə Azərbaycanda mövcud olan beşinci kalondan istifadə edəcək. Aparılan araşdırmalar sübut edir ki, Rusiyanın şərtlərinə sözsüz əməl edəcək və Azərbaycanda mövcud olan beşinci kalon əsasən ziyalılardan, məmur-oliqarx birləşməsindən ibarətdir. Onların isə təsir imkanları böyükdür və bir liderə sahiblənərlərsə ciddi əngəllər ortaya çıxacaq.
Beləliklə çıxarılan nəticə budur ki, Rusiyanın Azərbaycana açıq-aşkar təzyiqləri iqtisadi embarqoların sonuncu dalğasından sonra hiss olunacaq. İndilikdə isə Azərbaycan Rusiya ilə münasibətləri isti saxlayır və bu ölkənin ticari bazarında rolunu daha da artırmağa çalışır ki, Rusiya da bundan məmnundur.

Qərbin təhlükəli
oyun həvəsi

Hələlik isə real təhlükə toxumu Qərbdən səpilir. Bunun isə çox maraqlı tərəfləri var
1. Qərb Ukraynada məğlub oldu və bu məğlubiyyətin əvəzini bütün region dövlətlərindən çıxmağa çalışacaq
2. ABŞ Yaxın Şərq siyasətində tam iflas oldu və dünyada ABŞ-a artıq bir inamsızlıq var. Qərb çalışır ki, okeanın bu tayında ABŞ-ın tam sıxışdırılmasına və bununla ABŞ-in Qərbin təsir zolağında qalmasına nail olsun
3. Qərb enerji təhlükəsizliyini təmin edən ölkələrdə təsir dairəsini daha da sərtləşdirəcək.
Azərbaycana gəldikdə isə elə sonuncu bənd üzərində dayanmağa dəyər. Bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən ölkələrdən biridir. Amma son illər Azərbaycanın müstəqil xarici siyasət kursunu gücləndirməsi və gərəksiz layihələrdən imtinası Qərbdə qıcıq yaradıb və buna görə Avropa Azərbaycandan qisas almaq üçün istənilən addımı atmağa hazırdır. Bəzi məqamlarda hətta Azərbaycanı Rusiyanın ağuşuna atacaq addımlara yol verdiyinin də şahidi oluruq. Bəs Qərb hazırda Azərbaycana hansı yollarla təzyiqləri artırmağa çalışır?
- Rusiya-Azərbaycan qarşıdurmasını yaratmaqla
- Dağlıq Qarabağ problemində Ermənistana açıq dəstək verməklə
- Enerji resurslarının qiymətini aşağı salmaqla
- Beynəlxalq təşkilatların təzyiqini artırmaqla
- Ölkədaxili siyasi proseslərə müdaxilə etməklə.
Xatırladaq ki, Qərb bu üsulların içində ən çox sonuncuya üstünlük verir və hazırda buna cəhdlər davam edir. Amma vəziyyət indi fərqlidir. Belə ki, öncələr Qərb təşkilatları müxalif partiyalara daha çox üstünlük verirdilər və vahid mərkəzdən idarə olunan blokların yaranmasına çalşırdılar. Sonuncu dəfə belə açıq şəkildə dəstək verdikləri qurum isə İctimai Palata oldu. Hətta Qərb ölkələrinin Azərbaycandakı səfirləri bir neçə dəfə İctimai Palatanın toplantılarına qatıldılar. Nəticədə aydın oldu ki, siyasi partiyalar ümidləri doğrultmurlar. Bundan sonra Qərb açıq savaşa start verdi və bir sıra QHT-lər vasitəsiylə ölkədə daxili gərginliyi artırmağa çalışdılar və çox maraqlı bir texnologiyadan istifadə etdilər. Yəni əməkdaşlıq etdikləri bütün QHT-lərlə yox, hansısa formada erməni lobbisi ilə əməkdaşlığı olan qüvvələr qabağa buraxıldı. Burda isə məqsəd aydın idi, Azərbaycana qarşı təzyiqlərdə erməni lobbisinin də imkanlarından yararlanmaq. Bu plan hardasa baş tutdu. Çünki bir tərəfdən Azərbaycan oyunu pozmaq üçün ölkə maraqlarına zərbə vuranları sıradan çıxartdı, digər tərəfdən isə buna görə təzyiqlərin artacağını görür və bu məcburi seçimi etmək zorunda qalmışdı.
Beləliklə baş verənləri ümumiləşdirərək demək olar ki, 2015-ci il Azərbaycan üçün kifayət qədər ağır bir siyasi dönəm olacaq və bu həlledici mərhələdən mütləq qalib ayrılmaq lazımdır.

Eldəniz Elgün