"Azərbaycan əhalisi yalnız həbsdəki bir neçə nəfərdən ibarət deyil"
10:15 27-11-2014
CƏMİYYƏT
"Azərbaycan əhalisi yalnız həbsdəki bir neçə nəfərdən ibarət deyil"
Millət vəkilləri hesab edirlər ki, Avropa Şurası komissarının ölkəmizdəki proseslərə düzgün qiymət verə bilməməsinin əsl səbəbi araşdırılmalıdır
Avropa Şurasının (AŞ) İnsan Haqları Komissarı Nils Muiznieksin oktyabr ayında Bakıya səfəri zamanı vətənə xəyanətdə, vergidən yayınmaqda, dələduzluqda təqsirli bilinən şəxslərlə görüşmək imkanı olub. Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, eləcə də hüquq-mühafizə orqanlarının qanuni tələblərinə riayət etməyərək bu günə kimi gizlənən Emin Hüseynovla görüşdən təsirlənən komissar, geri qayıtdıqdan sonra təəssüratını facebook sosial şəbəkəsində bölüşüb.
O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinən L.Yunusun "göz yaşları"ndan son dərəcə təsirlənərək, ölkəmizin ünvanına heç bir əsası olmayan ittihamlar səsləndirib.
N.Muiznieksin fikirlərinə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Avropa Şurasının insan haqlarının müdafiəsi üzrə regional beynəlxalq təşkilat olduğunu diqqətə çatdırıb. Deyib ki, bu təşkilat rəhbərinin, eləcə də digər rəsmilərinin ancaq məhbusların hüquqları ilə məşğul olması heç də onlara baş ucalığı gətirən məsələ deyil. Deputat beynəlxalq təşkilat rəsmilərinin ölkəmizdəki cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla görüşünə daim şərait yaradıldığını xatırladaraq, ölkə əhalisinin yalnız həmin o həbsdəki bir neçə nəfərdən ibarət olmadığını vurğulayıb. Bildirib ki, ölkəmizdə yaşayan 9,5 milyondan çox insana Konstitusiya ilə verilən hüquq və azadlıqların qorunması, onların sosial rifahının ildən-ilə yaxşılaşdırılması məsələsinin Avropa Şurası komissarının diqqətindən kənarda qalması təəssüf doğurur.
A.Mirzəzadə İnsan Haqları Komissarının bu gün vətənə xəyanətdə təqsirləndirilən şəxslərin müdafiəsinə əzmkarlıqla qalxmasının da müəyyən şübhələr doğurduğunu dilə gətirib: "Barəsində vətənə xəyanət maddəsi ilə cinayət işi qaldırılan şəxslər konkret olaraq Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilirlər. Eləcə də onların rəhbərlik etdiyi QHT vergidən yayınmaqda ittiham olunur. Dəfələrlə Leyla Yunusa, İntiqam Əliyevə QHT-lərinin aldıqları qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək təklif olunsa da, onlar bundan imtina ediblər. Adıçəkilən şəxslər bilirdilər ki, rəhbərlik etdikləri QHT-nin aldığı qrantları dövlət qeydiyyatından keçirmək eyni zamanda hüquqi məsuliyyət deməkdir. Qeydiyyatsız fəaliyyət göstərməklə onlar hüquqi məsuliyyətdən yayınıblar. Belə olan halda Azərbaycanın üzv olduğu bir təşkilat rəsmisinin mövqeyinə, hərəkətlərinə ancaq təəssüf etmək olar. Mən çox istərdim ki, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyi, eyni zamanda nümayəndə heyətinin üzvləri baş katibə bununla bağlı etirazlarını bildirsinlər. Baş katiblə görüşüb insan hüquqları məsələsində Azərbaycana qarşı ikili standartla yanaşmanın səbəbini soruşsunlar. Azərbaycanda insan hüquqları ilə bağlı görülən böyük işlərə nəyə görə əhəmiyyət verilmədiyi, yalnız 3-4 nəfər məhbusun hüquqlarının qorunmasının səbəbini soruşsunlar. Çox təəssüf ki, Azərbaycana qarşı münasibətdə bəzi xarici ölkə nümayəndələri, o cümlədən beynəlxalq təşkilat rəsmiləri qeyri-obyektiv münasibət sərgiləyirlər. Avropa Şurası komissarının məlum mövqeyi də həmin kateqoriyaya daxildir. Əgər sadə bir vətəndaş olsaydı, onun sosial şəbəkədə hansı statusu yazmasının xüsusi əhəmiyyəti olmazdı. Bu, onun subyektiv düşüncəsi, şəxsi fikri kimi qəbul edilərdi. Amma nəzərdən qaçırmayaq ki, Nils Muiznieks sadə vətəndaş deyil. 47 ölkənin nümayəndəsi ona, Avropa Şurasının baş katibinə, bütövlükdə bu beynəlxalq təşkilata böyük bir regiona öhdəlik etmək səlahiyyəti verib. Bu səlahiyyətdən istifadədə hər kəs öz məsuliyyətini başa düşməlidir".
Millət vəkili Çingiz Qənizadə də İnsan Haqları Komissarı Nils Muizniekslə şəxsən tanış olduğunu, onunla Avropa Şurasında dəfələrlə görüşüb müzakirələr apardığını, hətta indi də məktublaşdığını bildirib. O, N.Muiznieksin Bakıya son səfərdən sonra facebook sosial şəbəkəsində reallıqla uyğun gəlməyən açıqlamalar verməsini komissara qarşı olan təzyiqlərlə əlaqələndirib: "Komissar Nils Muiznieks hüququ gözəl bilən insandır. Əksər məsələlərin sivil yolla, danışıqlar vasitəsilə həllinə tərəfdardır. Görüşlərimiz zamanı ona izah edəndə ki, bəzi adamlar cinayət törədərək sonradan bunu ictimai və siyasi fəaliyyətləri ilə ört-basdır etməyə çalışırlar, o, bunu aydın şəkildə başa düşürdü. Konkret misallarla fikrini ifadə edərək cavab verirdi ki, Avropanın hansısa ölkəsində vergidən yayınma həm cinayət məsuliyyəti daşıyır, həm də insanlar mənəvi məsuliyyət daşıyırlar. Avropada verginin ödənməsi o qədər müqəddəs bir vəzifəyə çevrilib ki, bundan yayınanlara cəmiyyətdə heç kəs hörmətlə yanaşmır, hamı onu qınaq obyektinə çevirir. Bu baxımdan, bizim bəzi QHT-lərin də vergidən yayınma, layihələrin məqsədindən kənara çıxma, əsassız hesabatlar hazırlama hallarını Nils Muiznieksə izah edəndə, o, bunu yaxşı anlayırdı. Lakin çox təəssüf ki, o, Bakıya gəlib-getdikdən sonra bəzi xoşagəlməz, reallıqla səsləşməyən açıqlamalar verib. Bu fikirləri biz qətiyyən qəbul etmirik. Hesab edirik ki, bu kimi fikirlər Avropa Şurası baş katibi və Azərbaycan Prezidentinin istəyi ilə yaranmış Birgə İşçi Qrupunun fəaliyyətinə də kölgə salmağa başlayır".
Fuad
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24