Türkiyə dünya güclərinin maraq dairəsində
Ərdoğanın "Yeni Türkiyə"si dünyaya tanınır
Türkiyə son günlərdə müdhiş bir diplomatiya trafiki yaşayır. Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu müddətdə, eləcə də Cankaya Köşkünə çıxdıqdan sonra tez-tez bəhs etdiyi Yeni Türkiyə ifadəsi bu günlərdə daha çox işlənməyə başlayıb. 2002-ci ildən bu günə qədər "Yeni Türkiyə"ni inşa etməyə çalışan hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə səylərini ciddi cəhdlə davam etdirir (olaylar.az).
Artıq Asiya, Avropa və Afrikada söz sahibi olmaq istəyən Türkiyə, digər ölkələrin də mərkəzi olmuş vəziyyətdədir. Hazırda yeni hökumət rəhbəri Əhməd Davudoğlu tərəfindən davam etdirilən bu strategiya dünya güclərinin də diqqətini Türkiyəyə yönəldib. Son günlərdə dünya dövlətlərinin rəsmiləri tərəfindən Türkiyəyə reallaşan səfərlər bunun bir göstəricisidir. Bu gün "Dünyanın gözü qulağı Türkiyədədir" desək yanılmarıq. Dünyanın iki böyük qlobal gücü ABŞ və Rusiya Türkiyəyə əhəmiyyət verir. Birləşmiş Ştatlar prezidentinin köməkçisi Con Baydenin Türkiyəyə səfərinin ardınca Katolik dünyasının mənəvi lideri Papa Françisin noyabrın 30-da Ankaraya gələcəyi xəbər verilir. Həm Türkiyə, həm də dünya və region üçün son dərəcədə əhəmiyyətli hesab edilən məlum səfərlər bu arada Rusiya Federasiyası tərəfindən də ciddi və maraqla müşahidə edilməkdədir. Elə bu səbəbdəndir ki, dünyada iqtisadi baxımdan əhəmiyyətli bir güc hesab edilən Rusiyanın da Türkiyəyə marağı artıb. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Roma Papasının həmən ardından Kreml rəhbəri Vladimir Putin Türkiyədə peyda olacaq. Dekabrın 1-də Türkiyəyə səfər edəcək Vladimir Putinin Ankarada bir sıra mühüm görüşlər keçirəcəyi və önəmli müzakirələr aparacağı bildirilir. Təxminən 10-dan artıq yüksək rütbəli nazir və dövlət rəsmisini bərabərində gətirən Kreml rəhbəri Türkiədə olduğu müddət ərzində Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclasında da iştirak edəcək. Rusiya prezidentinin Türkiyədə olduğu müddət ərzində ən mühüm görüşlərindən biri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olacaq. Görüşdə regionda və beynəlxalq aləmdə baş verən proseslər, İraq-Şam İslam Dövləti-İŞİD-in zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyatlar, eləcə də Suriya məsələsi müzakirə olunacaq. Əgər Türkiyə ilə Rusiya arasında bir razılaşma əldə edilib hər iki tərəfi narahat edən məsələlərin həlli istiqamətində konkret bir addım atılarsa Şərqi Avropa və Orta Şərqin düzənində yeni dəyişikliklər meydana çıxa bilər. Hətta mümkün ola biləcək bir Türkiyə-Rusiya əməkdaşlığı Birləşmiş Ştatlar, Almaniya, Fransa və Böyük Britaniyanı küncə sıxa bilər.
Onu da qeyd etmək lazımdır ki, bu arada Türkiyə diplomatiyası yalnız xarici ölkə liderlərinin səfərlərini müşahidə etməklə kifayətlənmir. Eyni zamanda rəsmi Ankara özü də aktiv diplomatik gedişlər edərək "Yeni Türkiyə"ni beynəlxalq aləmə təqdim etməyə çalışır. Elə prezident Rəcəb Tayyib Ərdoğan Asiya, Avropa və Afrikaya etdiyi səfərlər, bunun ardınca isə baş nazir Əhməd Davudoğlunun əvvəl Avstraliya, sonra isə Ərbil və Bağdada reallaşdırdığı səfər belə deməyə əsas verir. Baş nazir Əhməd Davudoğlunun bir müddət sonra isə Yunanıstana gedəcəyi bildirilir. Əl-ələ verərək qlobal mənada Türkiyəni dünyada söz sahibi etmək istəyən prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu, yavaş-yavaş, hədəfinə çatarkən "Yeni Türkiyəni" də dünyaya qəbul etdirməyə çalışırlar. Bu arada həm Birləşmiş Ştatlar prezidentinin köməkçisi Baydenin, həm də Kreml rəhbəri Vladimir Putinin Türkiyəyə səfərinə diqqət çəkən bəzi siyasi analitiklər hesab edirlər ki, bu səfərlərin arxasında bəzi çirkli niyyətlər də var.
İddia edilir ki, həm Baydenin Türkiyə rəsmiləri ilə keçirdiyi görüşlərdə, həm də Putinin Ankara təmaslarında müzakirə ediləcək regional məsələlər sırasında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi əsas müzakirə mövzusunu təşkil edir. Hər iki güc mərkəzi Türkiyənin Ermənistanla sərhədləri açması və işğalçı ölkənin iqtisadi bolakdadan çıxarılmasının tərəfdarıdır. Məhz sözügedən səfərlər ərəfəsində Türkiyədə bir sıra dairələr, xüsusilə bu ölkədə yaşayan ermənilər tərəfindən Ermənistanla sərhədlərin açılması məsələsinin gündəmə gəlməsi də təsadüfi hesab edilmir.
Süleyman İsmayılbəyli
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05