"Hafka" Azad Rəhimova da qəzəblənəcəkmi?
10:24 28-11-2014
İQTİSADİYYAT
"Hafka" Azad Rəhimova da qəzəblənəcəkmi?
Nazir qalmaqallı iş adamı ilə bağlı bəzi sirləri açdı
Azərbaycanın qalmaqallı iş adamı, "Hafka" kimi tanınan "Baghlan Group"un prezidenti Hafiz Məmmədovun maliyyə durumunun ağır olması rəsmən təsdiqini tapır. Hər halda gənclər və idman naziri Azad Rəhimovun dünənki açıqlamasını başqa cür dəyərləndirmək çətindir.
Belə ki, Azad Rəhimov Fransa mətbuatına açıqlamasında "Hafka" ləqəbi ilə tanınan "Bakı"nın prezidenti Hafiz Məmmədovun "Lans"a sponsorluq edə biləcək durumda olmadığını bəyan edib.
Gənclər və idman naziri bunları söyləyib: "Hafiz Məmmədov bundan sonra da "Lans"a ən azı azarkeş kimi dəstək olacaq. Amma indi o, bu komandanı maliyyələşdirəcək durumda deyil. İflas? Bu barədə elə də məlumatlı deyiləm. Amma bilirəm ki, indi vəziyyəti ağırdır".
Nazirin dedikləri "Hafka"nın maddi durumunu əyani şəkildə gözlər önünə sərir. Təxminən iki ay əvvəl məlumat yayıldı ki, Hafiz Məmmədov Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən villalarını satışa çıxarıb. Həmin ərazidə fəaliyyət göstərən ev dəllallarının verdiyi məlumata görə iş adamının bu ərazidə bir neçə villası var. "Hafka"nın satışa çıxardığı villanın qiyməti təxminən 3 milyon manat civarında dəyərləndirilirdi. Həmin vaxt istisna edilmirdi ki, "Hafka"nın öz bahalı mülklərini satması onun son zamanlar ciddi maliyyə böhranı ilə üzləşməsi ilə bağlıdır. Məmmədovun rəhbəri olduğu "Bakı"nın futbol klubunda bu səbəbdən "maaş üsyanı" yaşanıb. Həmçinin onun Fransanın "Lans" klubuna boyun olduğu 10 milyon avronu ödəyə bilməməsi də həmin klubun əsas liqada oynamasını əngəlləyib və klub azarkeşlərinin sərt protestolarına yol açıb.
Bundan başqa, Hafiz Məmmədovun prezidenti olduğu "Baghlan Group"da da maaş gecikmələri yaranıb. "Bachlan Group"la əməkdaşlıq edən subpodratçı firmaların əməkdaşlarının isə bir ara uzun müddət maaş ala bilmədiklərinə dair məlumatlar var.
Daha bir maraqlı məqam: bu ilin əvvəlində Hafiz Məmmədovun şirkətlər qrupuna daxil olan "Bahar Energy LTD"-də baş verənlər də iş adamının hansı çətinliklərlə üzləşdiyini bir daha göstərdi. Belə ki, 2014-cü il başlayarkən məlum oldu ki, bu müəssisədə çalışan hər 50 işçidən 30-u ixtisara düşüb. Qum adası" və "Bahar" yataqlarında neft hasilatı ilə məşğul olan "Bahar Energy Ltd" əməliyyat şirkətinin ixtisarlara getmək məcburiyyətində qalması da məhz onun gəlirlərinin azalması və maddi problemlərlə üzləşməsi ilə izah edilirdi.
Bütün bunları ümumiləşdirdikdə isə real vəziyyət Hafiz Məmmədovun ciddi maliyyə böhranı ilə üzləşdiyinin simptomları kimi qiymətləndirilir. Hətta iş adamının bu yaşananlardan sonra əvvəlcə həbs olunduğu, daha sonra isə ölkəni tərk etdiyi barədə də məlumatlar ortaya çıxmışdı.
İndi isə gənclər və idman nazirinin adıçəkilən iş adamının maliyyə vəziyyətinin ağır olmasını dilə gətirməsi onun durumunun düşünüldüyündən də qat-qat ağır olduğunu deməyə əsas verir. Belə görünür ki, bu gedişlə "Baghlan Group" prezidentinin müflisləşdiyinin rəsmən açıqlanacağı gün də uzaqda deyil.
Daha maraqlı bir məqam: "Hafka" onun ağır maddi durumu ilə bağlı xəbərlər ortaya çıxdıqdan sonra uzun müddət bunları təkzib etmiş, hətta bir neçə dəfə açıqlamalarında "bu cür əsassız məlumat yayanları" məhkəmələr vasitəsi ilə cəzalandıracağını demişdi. İndi Azad Rəhimovun verdiyi məlum açıqlamadan sonra ortaya belə bir maraqlı sual çıxır: görəsən, Hafiz Məmmədov gənclər və idman nazirinin onunla bağlı dediklərini də hiddətlə qarşılayacaqmı?
Axı uzun müddətdir mətbuatın "Baghlan Group" prezidentinin ağır maliyyə durumu ilə bağlı yaydıqları xəbərlər nazirin dediklərindən bir o qədər də fərqlənmir.
Eyni zamanda Azad Rəhimovun açıqlamalarından sonra qalmaqallı iş adamının hələ iflas olmasa belə, müflisləşmə vəziyyətinə gələ biləcəyinə də çox az şübhə qalır.
Hafiz Məmmədovun düşdüyü böhranlı durumdan necə çıxacağı, ümumiyyətlə, çıxıb-çıxmayacağı isə zamanla məlum olacaq. Odur ki, proseslərin bundan sonrakı gedişatını izləyək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17