Türkiyə qondarma "erməni soyqırım" iddialarına qarşı
10:28 28-11-2014
İQTİSADİYYAT
Türkiyə qondarma "erməni soyqırım" iddialarına qarşı
10 il əvvəlin başlanğıc və son nöqtələri
Soyuq savaşın bitməsindən sonra Türkiyəni məşğul etməyə yönəlmiş ən önəmli kartın "erməni soyqırımı" olmasının hesab-kitabı əvvəlcədən yapılıbmış. Necə ki, soyuq savaşdan sonrakı ilk soyqırım olan Xocalı faciəsinə göz yumaraq lazımi hüquqi və siyasi dəyəri verməyən, bununla Srebrenitsa soyqırımına zəmin hazırlayan dünya parlamentləri, 90-cı illərin ortalarından etibarən 1915-ci ildə yaşanmış hadisələri "soyqırımı" şəklində xarakterizə edib, Türkiyə üzərində gündəlik işləyən təzyiq mexanizmi qurmağa çalışdılar.
XXI əsrə girilərkən dünya parlamentlərinin qəbul etdiyi qərarlara xəstə Ecevit reaksiya göstərmək durumunda olmadığı kimi, dünyanı oxuya bilməyən Bahçelidən və partiyasının içində belə güvən və etimadı qalmayan Məsud Yılmazdan da bunu gözləmək avamlıqdan başqa bir şey deyildi.
Haqqını vermək lazımdır ki, 2002-ci ilin noyabrında AKP iqtidarı təhvil alar-almaz əcnəbi parlamentlərin qəbul etdiyi "soyqırım" qərarlarına qarşı baryer qurmağa başladı. Baş nazir kreslosunu Ərdoğana təhvil verib xarici işlər naziri kreslosuna oturan Abdullah Gül Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyəti üzvlüyünün verdiyi təcrübəylə "soyqırım" iddialarının 90-cı ili olan 2005-də Türkiyənin başının ağrıyacağını görərək lazımi çalışmalara başladı. O vaxtdan etibarən əcnəbi ölkə parlamentlərinin qəbul etdiyi "soyqırım" qərarları Türkiyə tərəfindən sükutla qarşılanmır, xüsusilə XİN və Məclis operativ reaksiya nümayiş etdirirdi.
Ölkənin diplomatiya idarəsində ilk dəfə "soyqırım"la bağlı şöbənin yaradılması da o dönəmə təsadüf etmişdi. Siyasətin və diplomatiyanın addımlarına paralel olaraq "soyqırım" iddiaları barədə ölkə ictimaiyyətini məlumatlandırmaq üçün Türk Tarix Qurumu və müxtəlif universitetlərdəki alimlər öz fəaliyyətlərini gücləndirdilər. Türkiyə üzərində "erməni soyqırımı" kartından 2005-ci ilə doğru gedən yolda daxildə və xaricdə daha intensiv şəkildə istifadə etməyə çalışan qüvvələr üçün Orhan Pamuk və Hrant Dink nadir tapıntılar idi; AB-yə daimi üzvlük müzakirələrinin başlaması üçün ərizə vermiş Türkiyədə "söz və ifadə azadlığının məhdudlaşdırılması"nı Dink və Pamukun məhkəmələri üzərindən konkretləşdirən AB təmsilçilərinə ən dəyərli bəxşişi Orhan Pamuk 2005-ci ilin əvvəlində İsveçrə jurnalına verdiyi müsahibədə "Türklər 1 milyon erməni, 30 min kürd öldürdü"- sözləriylə verdi. Bu sözlər Pamuka Nobeli 2005-də yox, növbəti il gətirib-gələcəkdi, ancaq Türkiyəyə qarşı "erməni soyqırımı" iddialarını daimi təzyiq mexanizminə çevirmək istəyənlər üçün 2005-ci ildə bu sözlər ədəbiyyat sahəsində 2006-da Orhan Pamuka verilən Nobel mükafatı qədər önəmli oldu. "Soyqırım" iddialarının 90-cı ilində Türkiyəyə qarşı bu iddialar üzərindən funksional təzyiq mexanizmini qurmağa çalışanların, o dönəmdəki ən böyük qələbəsi də elə bu idi. Çünki onlara görə, Türkiyə atıq demokratikləşir və Pamukun açıqlamaları fikir və düşüncə azadlığının sərhədləri içərisinə girirdi.
Türkiyə dövlətinin nöqteyi-nəzərindən baxanda "erməni soyqırımı" iddialarının 90-cı ilində ən önəmli hadisə-dövlətin bu məsələ ilə bağlı nəhayət, dəqiq siyasi mövqe tutmasıydı: 13 aprel 2005-də Məclisdə çıxış edən xarici işlər naziri Abdullah Gül, "atalarının soyqırımı yapmadığını, atılan böhtanları heç vaxt qəbul etməyəcəklərini" vurğulayır, Məclisdə təmsil edilən hər iki partiya - AKP və CHP - iddialara qarşı eyni mövqedən çıxış etmək barədə Bəyannamə imzalayırdı. O dönəmdə məsələylə bağlı çıxışlarının hamısında Abdullah Gülün diqqət çəkdiyi əsas nöqtə "İddiaların 90-cı ilində mövqeyimizi ortaya qoyduq, bundan sonra əsas hədəfimiz iddiaların 100-cü ilinə hazırlaşmaq olmalıdır" - idi; bu işləri təqib edənlər Gülün o vaxtkı xəbərdarlıqlarını yaxşı xatırlamalıdırlar. Ana müxalifət partiyasının diplomat mənşəli millət vəkillərinin - Şükrü Ələkdağ və Onur Öymən - təşəbbüsüylə məsələ daimi şəkildə TBMM-nin gündəliyində tutularaq "soyqırımı" tanıma həvəsinə düşən ölkələrin parlamentlərinə xəbərdarlıqlar edilir və çox vaxt müsbət nəticələr alınırdı.
Türkiyə siyasətinin və vətəndaş cəmiyyətinin nöqteyi-nəzərindən isə o dövrün ən önəmli hadisəsi xarici işlər naziri Abdullah Gülün Məclisdəki məlum çıxışından 3,5 ay sonra İsveçrənin Lozan şəhərində yaşanmışdı; müasir Türkiyə Cümhuriyyətinin yaradılması üçün əsas təşkil etmiş Lozan sazişinin 82-ci ilində Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaş başda olmaqla Lozana gedən türk heyətinin keçirdiyi mitinqdə çıxış edən İşçi Partiyasının lideri Doğu Perinçek "Erməni soyqırımı" beynəlxalq yalandır!"- sözlərinə görə İsveçrə polisi tərəfindən nəzarətə alınaraq prokurorluqda sorğu-suala çəkilmiş, xarici işlər naziri Gülün siyasi müdaxiləsiylə nəzarətdən azad edilən Perinçekə daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzası verilmişdi. Cəzası maddi cəriməyə çevrilən Perinçek, yurda dönəndən sonra Tələt Paşa Komitəsini qurmaq üçün fəaliyyətə başlamışdı. 22 yanvar 2006-cı ildə mərhum Rauf Denktaş, AKP İstanbul millət vəkili Nevzat Yalçıntaş, CHP Ərdahan millət vəkili Ənsar Öyüt və bir çox siyasətçi, diplomat, hərbçi, alimin iştirakıyla qurulan Tələt Paşa Komitəsinin koordinatorluğunu İşçi Partiyasının lideri Doğu Perinçek öz üzərinə götürmüş, elmi-təbliğat işləri üçün komitəyə XİN 1,5 milyon dollar pul ayırmışdı. Əsas məqsədi "Erməni soyqırımı" iddialarına qarşı Avropadakı türkləri təşkilatlandıraraq əcnəbi parlamentlərin qəbul etdikləri qərarları ləğv etdirməkdən ibarət olan Tələt Paşa Komitəsinin qısa müddət içində Berlində, Parisdə, Londonda ("Bayrağını da götür, gəl!" şüarlı tədbirlərə Türkiyədən də xeyli insan getdiyi kimi, Avropadakı tədbirlərdə mühacirlərimiz Azərbaycan bayraqları dalğalandırırdılar) keçirdiyi mitinqlər, "soyqırım" iddialarına qarşı müxtəlif ölkələrin arxivlərindən gətirilərək türk, ingilis, alman, fransız dillərində çap edilən sənədlər Türkiyə Xarici İşlər Nazirliyinin də əlini gücləndirdi; məsələn, Ovanes Kaçaznuninin türkcəyə tərcümə edilmiş "Taşnak Partisinin yapacağı bir şey yoktu" adlı kitabı Qərb dillərinə tərcümə edildi və Türkiyənin xarici ölkələrdəki diplomatik missiyalarına göndərilərək "soyqırım" iddialarını puça çıxaran ən yaxşı dəlil kimi istifadə edilməsi tövsiyə olundu.
Tələt Paşa Komitəsinin 5-6 aylıq fəaliyyəti Avropa Parlamentinin Türkiyə hökumətinə "Komitəni ləğv edin" - tələbi göndərməsinə səbəb oldu; 2006-cı ilin avqustunda göndərilən o müraciətdən sonra istər komitə, istər Denktaş, istərsə də İşçi Partiyası üzərindəki təzyiqlər artdı və 2008-ci ilin yazından başlayaraq Tələt Paşa Komitəsinin idarəçiləri və fəal üzvləri "terror təşkilatı qurmaq və idarə etmək" suçuyla həbs edildilər. 2011-ci ilin yayında Rusiya arxivlərindən 3 çamadan sənədlə qayıdan Mehmet Perinçek bir neçə gün sonra həbs ediləcəkdi; Silivri həbsxanasına göndərilənlərlə bağlı hazırlanmış ittihamnamələrdə "ermənilərin milli duyğularını incidərək ("soyqırım" iddialarının yalan olmasıyla bağlı çap edilmiş kitablar və keçirilmiş tədbirlər nəzərdə tutulmuşdu) "Ergenekon" terror təşkilatının təbliğatını aparmaq" - suçlaması ən başda gəlirdi. Təzyiqlərə baxmayaraq, Tələt Paşa Komitəsi fəaliyyətinə davam etdi, son koordinator, İstanbul Universitetinin keçmiş rektoru Kamal Aləmdaroğlu "Ergenekon" adlanan prosesin 5 avqust 2013-cü ildə hökm oxunulan iclasına çamadanı hazır şəkildə getdi, məhkəmədə həbs edilərək Silivriyə göndərildi. "Həbsdə əsassız yerə uzun müddət saxlanıldıqları" səbəb göstərilərək Konstitusiya Məhkəməsinin qərarıyla azad edilən Tələt Paşa Komitəsi idarəçilərinin istintaqının yenidən başlanması gözlənilir. 2008-ci ildə başqa bir çıxdaş prosesi isə Türk Tarix Qurumunda yaşandı: "Erməni soyqırımı" iddialarına əsaslı şəkildə qarşı çıxaraq (məsələn, Bostondakı arxivi açmaları üçün ABŞ-dakı daşnaklara 15 milyon dollar pul təklif etmişdi) Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əngəl olan" professor Yusif Halaçoğlu qurumun başqanı vəzifəsindən azad edildi. Qanunda dəyişiklik edən Ərdoğan hökuməti Türk Tarix Qurumunun müstəqilliyini də ləğv edincə, qurum funksiyasını itirdi.
Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması və iki ölkə arasında münasibətlərin "normallaşdırılması" məsələləri də 2008-ci ilin birinci yarısında baş vermiş bu iki hadisədən - Tələt Paşa Komitəsi idarəçilərinin həbs edilməsi və "soyqırım" iddialarına qarşı əsaslı şəkildə müqavimət göstərən Türk Tarix Qurumu başqanı və tədqiqatçılarının vəzifədən uzaqlaşdırılmasından sonra masanın üstünə gəlməyə başladı.
Elə isə "erməni soyqırımı" iddialarının 90-cı ilində "Ermənistanla sərhədin açılması və iki ölkə arasındakı münasibətlərin "normallaşdırılması" deyə bir şey yox idi, bundan söhbət getmirdi. Bəs o nöqtəyə haralardan və necə gəlindi?
Bu silsilənin növbəti yazısında...
Mayis Əlizadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53