Baş nazir müavini ilə nazir arasında ixtilaf düşə bilər
10:28 28-11-2014
CƏMİYYƏT
Baş nazir müavini ilə nazir arasında ixtilaf düşə bilər
Bir yubiley tədbiri ilə bağlı qalmaqallı açıqlamalar!
Noyabrın 21-də Azərbaycan teatrının ən böyük simalarından biri İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilib. Yubiley tədbirindən bir neçə gün sonra isə ortaya qalmaqallı açıqlamalar çıxıb.
Belə ki, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əlibala Nuriyev aznews.az-a saytına müsahibəsində yubiley tədbiri ilə bağlı sərt fikirlər səsləndirib.
"İlyas Əfəndiyev ən yüksək səviyyədə Akademik Milli Dram Teatrı həm qoruyub, həm də aktyorlarını sevib. Amma İlyas Əfəndiyev kimi bir şəxsiyyətin 100 illiyində onun əziyyəti və zəhməti olan Akademik Milli Dram Teatrı təhqir olundu" deyən əməkdar artist bunun səbəbini belə izah edib: "Əvvəla gecənin hazırlanması bu boyda Akademik milli Dram Teatr dura-dura Gənc Tamaşaçılar Teatrının rejissoru Cənnət Səlimovaya həvalə edilmişdi. Niyə? Hara baxır teatr rəhbərliyi? Bəyəm o, bunu bilməyib? Cənnət xanım rus rejissorudur. İlyas Əfəndiyevin sağlığında onun 22 pyesi Akademik Milli Dram Teatrında oynanılıb. Onun sağlığında nə Gənc Tamaşaçılar Teatrında, nə Rus Dram Teatrında, nə Sumqayıt Teatrında, nə də Şəki Teatrında İlyas Əfəndiyevin bir əsəri tamaşaya qoyulmayıb. Çünki o, bunu qoymazdı. O, ancaq Akademik Milli Dram Teatr üçün yazırdı".
Maraqlıdır, İlyas Əfəndiyevin 22 əsəri səhnəsində qoyulan Akademik Milli Dram Teatrının rəhbərliyi buna niyə göz yumub? Əməkdar artist bu haqda belə deyib: "Bilmirəm. Bunu ondan soruşun. Akademik teatrın bütün aktyorları oturub, susur, əyalət teatrının tanınmayan aktyorları isə İlyas Əfəndiyevin yubileyində meydan sulayır. Ayıb deyil?! Akademik teatrın bir aktyoru ora dəvət olunmadı. Niyə? Akademik Milli Dram Teatrının yaradıcı kollektivinə bundan böyük təhqir olardı?"
"Bəs belə böyük bir şəxsiyyətin yubileyinə kimlər dəvət olunmuşdu, səhnədə kimlər vardı" sualını əməkdar artist belə cavablandırıb: "Tamam başqa aktyorlar... Şəki, Sumqayıt, Gənc Tamaşaçılar və Rus Dram Teatrının aktyorları... Azərbaycanın bütün məmurları hamılıqla həmin gecədə idi. Onlar fikirləşdi ki, gör Azərbaycan teatrı nə gündədir".
Səbəbkarın oğlu, Baş nazirin müavini Elçin Əfəndiyevin də orada olduğunu bildirən Əlibala Nuriyev sözlərinə belə davam edib: "Yəqin ki Elçin Əfəndiyev bunu oxuyacaq. Məni tanıyır, onun 1990-cı ildə rəsmi vəkili olmuşam. Deməli, gecədə Gənc Tamaşaçılar Teatrının aktyoru İlyas Əfəndiyevin iki hekayəsini dedi. Biri "Apardı sellər Saranı", ikincisi "Qoca tarzən". Həmin hekayəni mərhum sənətkar Mikayıl Mirzə deyib. Mikayıl Mirzə bu gün ölüb. İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev, sizə deyirəm, Nurəddin Mehdixanlı, Əli Nur, Füzuli Hüseynov da ölüb? Adamın əti tökülürdü, o nə hekayə idi, onlar deyirdi. Bəyəm bilmirsiz ki, qızı qucağına alan səhnəsində "Apardı sellər saranı" göz yaşları içində deyilməlidir? Bu, İlyas Əfəndiyevə böyük hörmətsizlik idi. İlyas Əfəndiyevin adı gələndə bugünkü nəsil ayağa qalxır. Amaliya Pənahova İlyas Əfəndiyevin 22 pyesində baş rolda oynayıb. Belə bir aktrisa nə həmin tədbirdə vardı, nə də səhnədə. Buna nə ad verək? Amaliya xanım İlyas Əfəndiyevin ən sevimli aktrisası idi. Hanı o gecədə Amaliya Pənahova? Mən o gecədən çıxanda əsəbimdən əlim əsirdi. Nazirlik bu bərbad yubiley ilə İlyas Əfəndiyevin ruhuna çox böyük hörmətsizlik etdi".
"Gecədə Elçin Əfəndiyev çıxış etdi" sualını əməkdar "Yox. Tədbiri Mədəniyyət və Turizm naziri açdı, sonra tamaşa, konsert... beləcə bitdi" deyə cavablandırıb.
Qeyd edək ki, Əbülfəs Qarayevin nazirliyinin səslənən ittihamlara verəcəyi cavab maraq doğurur. Eyni zamanda baş nazir müavini, xalq yazıçısı Elçin Əfəndiyevin də yubiley tədbiri ilə bağlı yaranmış narazılıqlara münasibəti maraqlı olardı.
Onun atasının 100 illik yubiley tədbirində çıxış etməməsi isə bəri başdan suallara yol açır. Mümkündürmü ki, tədbirlə bağlı səsləndirilən iradları o da bölüşür, elə bu səbəbdən təşkilatçılardan, - başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla! - narazılığını da elə çıxış etməməklə biruzə verib.
Sonda onu da deyək ki, əməkdar artistin ittihamları ilə bağlı fərqli fikirlər olacağı təqdirdə onları da sizə təqdim etməyə çalışacağıq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00