Arif Hacılı Vurğun Əyyubu "yola salmağa" hazırlaşır
10:29 28-11-2014
CƏMİYYƏT
Arif Hacılı Vurğun Əyyubu "yola salmağa" hazırlaşır
Müsavatın yeni başqanı ən ciddi rəqibini zərərsizləşdirmək üçün planı reallaşdırmağa başlayıb
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı partiya daxilindəki rəqiblərini sıradan çıxarmaqda davam edir. Səxavət Əlisoy, Əlövsət Talışxanlıdan sonra növbə deyəsən, Vurğun Əyyuba çatıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Arif Hacılının tapşırığına əsasən artıq bunun üçün zəmin hazırlanır. Müsavat partiyasının başqan müavini və Divan üzvü Osman Kazımov Vurğun Əyyubun "Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür" ifadəsinə münasibət bildirərkən deyib ki, Vurğun Əyyub Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləyi". O.Kazımovun sözlərinə görə, Vurğun Əyyub sanki istiqamətlənmiş planlı bir qaralama prosesi aparır.
Müsavat partiyasının Divan üzvü vurğulayıb ki, Müsavat partiyasının başqanı Arif Hacılı Qubad İbadoğlunun, Vurğun Əyyubun və Səxavət Əlisoyun birlikdə topladığı səsdən çox səs toplayıb: "Vurğun Əyyub namizəd olmasa da Qubad İbadoğluna dəstək verib. Vurğun Əyyub 3 noyabr 2014-cü il tarixli müşavirədə İsa bəyin etdiyi çıxışı dinləsə yaxşı olar. Arif Hacılı başqan kimi öz fəaliyyəti ilə məşğuldur və hesab edirəm ki kifayət qədər gərgin işləyir, Müsavat partiyasının nüfuzunun qorunması üçün effektli fəaliyyət göstərir. Şəxsən mən Müsavat partiyası başqanının müavini kimi öz işimlə məşğulam".
O.Kazımov Vurğun Əyyubun "Bu gün Müsavat partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir" ittihamını da cavabsız qoymayıb: "Müsavat partiyasının və rəhbərlikdə təmsil olunan şəxslərin nüfuzuna hansı zərbəni vururam? Biz Vurğun Əyyub kimi həqiqətə uyğun olmayan məlumatlar yaymaqla, böhtan atmaqla, tərəfdaşları kimi Müsavata düşmən mövqe sərgiləyən televiziya kanallarına gen bol müsahibələr verməklə, Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləməklə məşğul deyilik. Təəssüf ki, Vurğun bəy qərəz və hikkədən əl çəkmir, sanki istiqamətlənmiş planlı bir qaralama prosesi aparırlar".
Xatırladaq ki, Müsavat partiyasının üzvü Vurğun Əyyub "İsa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür. Bu gün Müsavat partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir" sözlərini deyib.
Qeyd edək ki, bu prosesdə İsa Qəmbər də Arif Hacılının yanındadır. Son müşavirədə İsa Qəmbər də narazılara "kim istəyir, getsin, qalan qalsın" mesajını verməklə bunu sübuta yetirmiş oldu. Ancaq Müsavatdakı narazılar asanlıqla gedənə oxşamırlar. Bu prosesin gələn il parlament seçkilərinə qədər uzanacağı gözlənilir. Narazıların belə tezliklə alternativ qurumlar yaradacağı gözlənilmir. Əslinə qalanda Müsavatda əsəb müharibəsi gedir. Bu müharibədə uduzan savaşı uduzacaq. Narazılar şikayətlə bütün qurumlara müraciət edəcək, bütün instansiyalardan keçəndən sonra alternativ qurum-Məclis yaradacaqlar. Bunun əskini edib, tələssələr, tora düşəcək, ictimai rəyi uduzmuş olacaqlar. Arif Hacılı xarakterinə uyğun olaraq əsəbi, çılğın qərarlar çıxararsa, prosesi uduzacaq. Narazıların əsas başçılarını cəzalandırmaq, onları partiyadan uzaqlaşdırma əks-effekt verir. Ortada Səxavət Əlisoy nümunəsi var. Bu adamı partiyadan çıxarıblar, ancaq o, özünü müsavatçı sayır, Qubad İbadoğlunun yanındadır. Hikmət Hacızadənin istefa qərarı əyalət müsavatçılarını Arif Hacılıya qarşı qaldırıb. Bu baxımdan Vurğun Əyyub barədə xaricetmə cəzasının çıxarılması daha təhlükəli ola bilər. Görünən odur ki, İsa Qəmbərin seçimi yanlış olub, onun önərdiyi başqan Arif Hacılı partiyanı uçuruma aparır.
Məsələ ondadır ki, Arif Hacılı müxtəlif vasitələrlə əleyhdarlarını sıradan çıxarmaqla parlament seçkilərinə qədər bütün partiyaya özü nəzarət etssin. Bununla da bazarlıq imkanlarını genişləndirsin və istədiyini ala bilsin. Hər halda baş verənlər, Arif Hacılının öz istəyinə nail olacağını göstərir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50