Mehriban Əliyeva: "Azərbaycanda idmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir"
10:35 28-11-2014
CƏMİYYƏT
Mehriban Əliyeva: "Azərbaycanda idmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir"
Parisdə "Bakı 2015"in - ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimat mərasiminə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının "Bakı 2015"ə həsr olunan bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. "Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərinin təsvir olunduğu əsərləri sərgilənib. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə, özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletleri də təqdim edilib.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 23 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. 2015-ci ildə iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında isə 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
Sonra Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.O, çıxışında bildirib ki, Avropa Oyunları Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunlarını tarixdə birinci oyunlar kimi qalacaq yarışları hazırlamaq, qəbul etmək və keçirmək Azərbaycan üçün böyük şərəfdir və böyük məsuliyyətdir. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük dəstəklə qarşılanıb və mən Avropa Olimpiya Komitəsinin prezidentinə və bütün üzvlərinə öz dərin minnətdarlığımı çatdırıram:"Əziz dostlar, artıq 23 ildir ki, müstəqil Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Biz qədim tarix və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimiz. Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər Azərbaycan xalqı üçün çox vacibdir.
Azərbaycan müstəqillik dövründə iqtisadi və siyasi islahatları bərabər apararaq demokratiya prinsiplərinə əsaslanan azad cəmiyyət və güclü iqtisadiyyat qurmağa nail olub. Bu gün ölkəmizdə bütün azadlıqlar mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Əsrlər boyu müxtəlif dinlərin və millətlərin nümayəndələri ölkəmizdə qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Müstəqilliyimiz bərpa olunduqdan sonra bu meyllər daha da güclənib və təsadüfü deyil ki, Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib və bu yaxınlarda ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Azərbaycan son illər ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Son on ildə Azərbaycanın iqtisadi artımı üç dəfədən çox, büdcə xərcləri iyirmi dəfə artıb, yoxsulluq və işsizliyin səviyyəsi beş faizə enib.
Bu gün biz təhsil sisteminin inkişafına çox böyük diqqətlə yanaşırıq. Təhsil sistemində mühüm islahatlar aparılır. Çünki hər bir ölkə üçün, hər bir xalq üçün onun gələcəyi, onun gələcək inkişafı və uğurları məhz insan amilindən, onun savadlı, bilikli gənclərindən asılıdır. Ölkəmizdə son on il ərzində üç mindən çox yeni məktəb inşa olunub və təmir edilib, yüzlərlə azərbaycanlı gənc dövlətin dəstəyi ilə dünyanın aparıcı universitetlərində və ali məktəblərində təhsil alır".
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26