Azərbaycan məmurlarının bahalı heyvanları
10:47 29-11-2014
İQTİSADİYYAT
Azərbaycan məmurlarının bahalı heyvanları
Onları almağa da, saxlamağa da fantastik pullar xərclənir
Bu yaxınlarda Bakıda varlı adamlardan birinin iti dünyasını dəyişdi və bu, həmin adamın depressiyaya düşməsinə səbəb oluu. 60 yaşlı Badamdar sakininin tanışının "ans press"-ə danışdığına görə o, sevimli itini evləndirmək istəyirmiş:
"Badamdarda evinin həyətində köpəyi üçün ayrıca ev tikdirmişdi. İki mərtəbəli ev dənizə baxır. Orada qonaq otağı, yataq otağı və terras nəzərdə tutulub. İndi evin qapısı bağlıdır. Amma binəva kişi itinin sağlığında oraya bir nəfər baxıcı da tutmuşdu və o, gecə-gündüz orada qalırdı".
Müsahibin dediyinə görə, varlı kişi hətta el adəti ilə itinə nişan aparıbmış və onu həmkarlarının birinin gənc dişi iti ilə evləndirmək niyyətində imiş: "Sahibi həmin dişi iti həftədə bir gün bu evə gətirməliydi. Qonaq otağı da məhz onun üçün nəzərdə tutulmuşdu. Dostum sevimli köpəyini it yox, it cildinə girmiş insan sayırdı".
Qeyd edək ki, sözügedən Bakı sakini Azərbaycan paytaxtında müşahidə edilən yeni trendə üstünlük verən minlərlə insandan biridir. Artıq paytaxt sakinləri itə, pişiyə və ya meymuna hansısa hədiyyə almaq barədə xəbər eşidəndə elə də təəccüblənmirlər. Ev heyvanları üçün hədiyyələrin və aksesuarların satıldığı xüsusi ticarət şəbəkəsi də yaranıb. Hələlik Bakıda xüsusi olaraq heyvan əşyaları satılan bir mağaza olmasa da, heyvan aşiqləri ehtiyaclarını onlayn ticarət ilə məşğul olan alverçilərin hesabına ödəyirlər. Bəziləri isə xaricə gedənlərdən heyvan aksesuarları alıb gətirməyi xahiş edir. Məsələn, itlərinə və pişiklərinə brilyant daşlar düzülmüş xaltalar, bahalı qış geyimləri, ayaqqabılar, bəzəkli sancaqlar alırlar.
Əvvəllər bu işlə əsasən varlı ailələr məşğul idi. Bu, varlı ailələrin bir növ özünü ifadə etmə vasitəsi idi. Bu ailələrdən 1990-cı illərin sonlarında qərbə oxumaq üçün gedən uşaqlar oralardan özləri ilə it-pişik aşiqliyi də gətirdilər. Valideynləri də uşaqlarını dəstəklədilər. Hər halda, onların ingilisdilli balaları kənddə-kəsəkdə qalmış qohum-əqraba uşaqlarından nə iləsə seçilməli idilər. Həm də Qərbdə oxuyan uşaqların həyat tərzi də onlarınkına oxşamalı idi. Qərbdə it-pişik saxlamayan ev yoxdur və Amerika mətbuatının yazdığına görə bu gün başlanan "qara cümə"də amerikan ailələrinin 52%-i ev heyvanlarına hədiyyə alacaq.
İndi Bakıda bu trendə Avropa həyatına ideal kimi baxan, avropalılara oxşamaq istəyən orta sinif təmsilçiləri də qoşulublar. Orta sinif təmsilçiləri Bakıda mənzil şəratində it-pişik saxlamağın çox baha başa gəldiyini vurğulayırlar. Bakının Yasamal rayonunda yaşayan Aysel adlı gənc qızın bildirdiyinə görə, paytaxtda kiçik bir pişiyə baxmaq üçün ildə 700 manat xərcləmək lazım gəlir: "Təsəvvür edin, kiçik bir pişiyə həftədə 7 manatlıq xüsusi yemək almaq lazımdır. Təkcə ildə 365 manat buna gedir. Bundan əlavə, pişik üçün xüsusi vitaminlər almaq lazımdır ki, dişləri və tükü tökülməsin. Aksesuarları Almaniyadan gətirirlər, biri 30-40 manata başa gəlir. Pişik geyimlərinin də qiyməti çox bahadır. Məsələn bir pişik ayaqqabısı 200 manata başa gəlir. Ona görə də mən başını buraxdım".
"Unikal" isə ekspertlərin belə bir qeydini xatırladır ki, Bakıda ev şəraitində müxtəlif heyvanlar saxlamaq sadə vətəndaşlar üçün çox çətindir. Bunu bir qədər yuxarıda sadəcə pişiyin saxlanılma xərcləri də göstərir. Bəhs edilən 700 manat əksər sadə azərbaycanlıların heç bir aylıq maaşı deyil.
Müşahidələr göstərir ki, bizdə əsasən normal biznesi olan, bir də əlbəttə ki, müəyyən məmurlar heyvan saxlamağa meyllidirlər. Hətta bir müddət əvvəl bəzi məmurların öz ekzotik heyvanlarını Bakı zooparkında saxlatdırdığına dair məlumat da KİV səhifələrinə ayaq açmışdı.
Bundan başqa, indiyədək bir çox məmurların müxtəlif hevanların vurğunu olduğuna dair də zaman-zaman məlumatlara rastlanıb. Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin göyərçinlərə, yaxud hazırki nəqliyyat naziri Ziya Məmmədovun delfinlərə, "Azərenerji" rəhbəri Etibar Pirverdiyevin dəvələrə marağı heç kimə sirr deyil.
Məmurlarımızın olduqca yüksək qiymətə xaricdən meymun, timsah və buk imi digər heyvanlar aldıqlarına, onların saxlanılmasına isə külli miqdarda pul xərclədiklərinə dair də iddialar var.
İki il əvvəl KİV-lər yazmışdı ki, hətta şirlərə vurğunluğu olan nazirlərimizdən biri Afrikadan gətirdiyi heyvanları rayonlardan birində təhlükəsiz yerdə saxlatdırır. Bu heyvanın qidalanması üçün gün ərzində iki qoyun qurban verilir.
Bir sözlə, bəzi məmurlarımızın "heyvan sevgisi" aşıb-daşır. Onlar vətəndaşların maraqlarının qorunması, onların rifah halının yaxşılaşdırılması üçün xəsislik etsələr də, heyvanlara kifayət qədər səxavətlə pul xərcləyirlər. Necə deyərlər, "varlığa nə darlıq?!"
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17