Martin Şultsun portretinə ştrixlər
10:53 29-11-2014
CƏMİYYƏT
Martin Şultsun portretinə ştrixlər
Əvvəlki dövrlərlə müqayisədə son vaxtlar dünyada əsl siyasətçi qıtlığı müşahidə olunmaqdadır. Müasir dövrdə sözün həqiqi mənasında beynəlxalq aləmdə gedən prosesləri dərindən bilən, hadisələrin gedişinə istiqamət verən və bəzən də təsir edə bilən sanballı, nəhəng siyasətçilər, demək olar ki, çox azdır. Hərtərəfli biliyə, zəngin təcrübəyə, möhkəm xarakterə və güclü iradəyə malik olan siyasətçilərin azlığı və yaxud da siyasi arenadan kənarda qalması nəticəsində, əfsuslar olsun ki, son vaxtlar çox mühüm və nüfuzlu beynəlxalq qurumlara rəhbərlik siyasi baxımdan olduqca səriştəsiz, beynəlxalq münasibətlər sistemindən xəbəri belə olmayan, lakin siyasətlə məşğul olmaq həvəsinə düşən təsadüfi adamlara müvəffəq olur.
Götürək elə insan haqları və demokratik prinsipləri özünün əsas prioriteti hesab edən Avropa Parlamentinin Prezidenti Martin Şultsu. Onun Avropa Parlamentinə gəlişindən əvvəlki fəaliyyətinə nəzər saldıqda maraqlı faktlarla qarşılaşırsan.
Uşaq vaxtından futbolçu olmaq arzusu ilə yaşayan Şults sonradan spirtli içkiyə qurşanır və bu arzusuna çata bilmir. 26 aprel 2013-cü il tarixində "Financial Times" qəzetinə müsahibədə bunu o özü də etiraf edir: "Məktəb vaxtı futbol oynamaqdan başqa heç nə ilə məşğul olmurdum. Oyunlar zamanı dizimdən zədə aldım, dərslərdə də uğursuzluğa düçar oldum və depressiyaya düşərək içkiyə qurşandım".
Böyük Britaniyanın "Economist" qəzetinin 11 may 2013-cü il tarixli sayında Martin Şultsdan bəhs edən məqalədə onun Brüsseldə ali vəzifəyə can atması karikatura edilərək, Şultsun əvvəllər içki düşkünü olduğu qeyd olunur. Yazının bir yerində jurnalist Şultsu "islah olunmuş alkoqolik" kimi verir, sonradan isə həmin yazının sonunda qeyd edir ki, Şultsun ofisindən redaksiyaya zəng edərək bu ifadənin "içki içməyən" kimi verilməsini xahiş etmişlər.
Almaniyanın "Bild" qəzetində Martin Şultsun gənc yaşlarında işini məhz iş yerinə içkili vəziyyətdə gəldiyinə görə itirdiyi bildirilmişdir. Sonralar işsizlik müavinətindən məhrum edilən Şultsdan ailəsi və dostları üz döndərməyə başlayırlar. Bundan sonra Şults kitab ticarəti ilə məşğul olmağa başlayır və uzun müddət kitab mağazasının müdiri işləyir. Bir müddət sonra Şults Avropa Parlamentində fəaliyyətə başlayır.
Martin Şultsu xarakterizə edən məqamlardan biri də onun olduqca davakar, qalmaqallı, tez-tez lüzumsuz bəyanatlar verən bir insan olmasıdır. O, heç bir sağlam məntiqə sığmayan çıxışları, qeyri-adekvat fikirləri ilə "məşhurdur". Martin Şults özünə və emosiyasına nəzarət etməyi heç vaxt bacarmayıb. Elə bütün bunlara görə onun çıxış və bəyanatları tez-tez siyasi qalmaqallarla müşayiət olunur.
Misal üçün, onun İtaliyanın ovaxtkı baş naziri S.Berluskoni haqqında dediyi sözlər, İsrail Knessetindəki çıxışı, Böyük Britaniyanın Avropa İttifaqındakı rolu barədə söylədiyi fikirləri bu ölkələrin rəhbərliyi, parlament üzvləri və ictimaiyyəti tərəfindən kəskin reaksiyaya səbəb olmuş və beynəlxalq səviyyədə ciddi qalmaqal yaratmışdır. Hətta iş o yerə çatmışdır ki, Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı Qodfri Blum onu nasizmin təşviqində günahlandırmışdır.
Şults Azərbaycanla, Türkiyə ilə bağlı heç bir həqiqətə uyğun olmayan qərəzli fikirlərin müəllifi kimi də tanınmışdır. O, həm də özünü islamofobiya ideyaları ilə tanıdan bir adamdır. Yeri gəlmişkən, Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının Avropa institutlarına inamının rekord səviyyədə aşağı olduğu dövr məhz Şultsun Avropa Parlamentinə rəhbərlik etdiyi illərə təsadüf edir.
Ekspertlərin fikrincə, Martin Şults siyasi vəzifələrə çox iddialı bir insandır. Öz fəaliyyətini guya yalnız Avropa dəyərlərinin təntənəsi işinə həsr etdiyini bildirən Şults, əslində Avropa Parlamentinə seçkilər zamanı bütün cəhdlə deputatlıq işini kənara qoyub Avropa Komissiyasının sədri vəzifəsinə can atmışdır. Belə ki, o, ikinci dəfə Avropa Parlamentinin sədri vəzifəsinə seçilərkən əslində qarşısına başqa məqsəd qoymuşdu: Avropa Parlamentindən getmək və Avropa Komissiyasının rəhbəri kreslosuna yiyələnmək. Lakin o, buna müyəssər olmadı.
Martin Şultsun maliyyə sahəsində işləri də ürəkaçan deyil. Belə ki, Almaniyanın ARD televiziyazının "Report Mainz" proqramının 29 aprel 2014-cü il buraxılışındakı jurnalist araşdırmasına əsasən Avropa parlamentinin deputatları plenar və komitə iclaslarında iştirak edərlərsə və ya ən azından qeydiyyatdan keçərlərsə bunun müqabilində 304 avro gündəlik müavinət əldə edirlər. Martin Şults isə nə etməsindən və harada olmasından asılı olmayaraq ilin 365 günü müavinət alır-istər Brüsseldə və ya Strasburqda parlamentin sessiyasına rəhbərlik etsin, istər ailəsi ilə birgə sakit həftəsonu keçirsin və ya Sosial Demokrat Partiyasının iclaslarında iştirak etsin. Bu isə ilə vergisiz təxminən 110000 avro edir. (Özünün illik gəliri isə təxminən 200000 avrodur).
Burada belə bir əsas məqamı diqqətə çatdırmaq lazımdır ki, Martin Şults Avropa Parlamentinə rəhbərlik etdiyi dövrdə Avropa İttifaqına üzv olan dövlətlərdə insan haqlarının kobud şəkildə pozulması ilə bağlı petisiyalara, demək olar ki, baxılmayıb və ən maraqlısı da ondan ibarətdir ki, Almaniyadan gələn şikayətlər isə ümumiyyətlə qəbul olunmur. Bunun əvəzində Şults digər ölkələrdə baş verən hadisələrə qərəzli, ikili standartlara söykənən və başqa ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilə cəhdi kimi qiymətləndirilə bilən mövqe nümayiş etdirir. Əgər Şultsun Avropa Parlamentinə sədrliyinin birinci dövrünün əvvəlində, eləcə də yenidən sədr seçilərkən etdiyi çıxışlarda qarşıya qoyduğu məqsədlərə nəzər salsaq, görərik ki, o, Avropada işsizliyin azaldılması, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi, demokratik dəyərlərin qorunması və digər məsələləri prioritet hesab edir. Lakin reallıqda bu məsələlər nəinki öz həllini tapmamışdır, hətta bu problemlər artmaqda davam edir.
Elvin Səmədov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15