Parlamentdə mühüm qanunlar qəbul olundu
10:54 29-11-2014
CƏMİYYƏT
Parlamentdə mühüm qanunlar qəbul olundu
Oqtay Əsədov: "Avropalılara bel bağlamaq olmaz"
"Beynəlxalq təşkilatlar və onların rəhbərliyinin açıqlamalarından belə aydın olur ki, onların Azərbaycanda tərəfdaşı qalmayıb. Məgər həbsdə olan 3-5 nəfərlə tərəfdaş olar?!" Bunu Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova deyib.
O, bildirib ki, Azərbaycan Avropa Birliyini və onun müvafiq qurumlarını özünə tərəfdaş hesab edir: "Ən böyük cinayət dövlətə xəyanət və onun maraqlarını satmaqdır. Kimsə hesab edirsə ki, alqı-satqı zamanı dövləti satırsa və bununla özünə yeni bir həyat qurmaq istəyirsə, biz buna imkan verməyəcəyik. Biz Martin Şultsla yox, beynəlxalq təşkilatlarla təmaslar yaradırıq. Biz ölkə daxilində və kənarda mövqeyimizi möhkəmləndirməliyik. Biz heç kimə təzyiq etmirik, hər şey qanun çərçivəsindədir".
Spiker Oqtay Əsədov da bildirib ki, bəzi beynəlxalq təşkilatların mötəbərliliyi yoxdur: "Artıq onlarda heç bir mötəbərlilik qalmayıb. Mən beynəlxalq təşkilatların rəhbərləri ilə təkbətək görüşürəm. Onlar ikili, təkbətək görüşdə başqa cür olurlar, sonradan fikirlərini dəyişirlər. Onlara bel bağlamaq olmaz. Ölkə başçısının da siyasəti də bundan ibarətdir ki, dövlətlərlə qarşılıqlı əlaqələr inkişaf etdirilsin".
Siyavuş Novruzov: "Allah eləməsin, belə hadisələr Azərbaycanda olsaydı..."
İclasda Avropa siyasi təsisatlarının Azərbaycana qarşı səsləndirdiyi tənqidi bəyanatlar müzakirəyə çıxarılan zaman deputat Zahid Oruc bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı xüsusi bir lobbi qrupu formalaşır.
Zahid Orucun sözlərinə görə, Avropa Birliyi, Avropa Parlamenti Azərbaycana qarşı qeyri-obyektiv münasibət sərgiləyirlər.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da həmkarına dəstək verib. O qeyd edib ki, Qarakənd səmasında Azərbaycan dövlət nümayəndələrini aparan helikopterin vurulmasınaın üzərindən o vaxt beynəlxalq təşkilatlar sükutla keçdilər.
Fazil Mustafa Qaraçuxur məscidinin yandırılmasını da pisləyib. O vurğulayıb ki, bu, Azərbaycana qarşı kəşfiyyat məqsədləri daşıyan addımlardır.
"Məscidlərdə təhlükəsizlik təmin olunmalıdır. Orlarada polis postları, kameralar qoyulmalıdır",-deyə Fazil Mustafa söyləyib.
Deputat Çingiz Qənizadə Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Azərbaycanda yaradılmış İnsan Haqları üzrə İşçi Qrupunu tənqid etməsinə münasibət bildirib.
Spiker Oqtay Əsədov isə deyib ki, Torbörn Yaqland İşçi Qrup fəaliyyətini bərpa edəndən sonra bir həftə müddətində bunu təriflədi: "Sonradan isə necə oldusa, o fikrini də dəyişdi".
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da ABŞ-da polisin qaradərili vətəndaşı, eyni zamanda oyuncaq tapança ilə oynayan uşağı öldürməsini də tənqid edib.
"Yaxşı olar ki, onlar öz daxillərindəki problemlərinə diqqət yetirsinlər. Allah eləməsin, belə hadisələr Azərbaycanda olsaydı, Qərb telekanalları, beynəlxalq təşkilatlar bütün günü bunu tənqid edəcəkdilər"
Deputat: "Əgər Allah məni Abramoviç yaratsaydı, gedib Avropadakıların ağzını tikərdim"
Milli Məclisin iclasında parlamentin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycandakı tolerantlıqdan, polietnik mədəniyyətdən danışıb. Modern.az saytı xəbər verir ki, deputat Qərb dövlətlərini də Azərbaycandan bu sahədə nümunə götürməyə də çağırıb.
Yevda Abramov deyib ki, Qərb təsisatlarının Azərbaycanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı söylədikləri yalandır. Onun sözlərinə görə, Azərbaycan dövləti bütün milli, etnik və dini azlıqlara bərabər imkanlar yaradıb.
"Azərbaycan prezidenti milli azlıqların dini bayramlarında onlarla görüşür, onları təbrik edir. Prezident hər il Qırmızı Qəsəbəyə gəlib, orada yaşayanm yəhudilərlə görüşür. Obama və digərləri hansısa milli azlıqla görüşürmü?! Görünür ki, beynəlxalq təşkilatlar Azərbaycan prezidentinin liderlik keyfiyətlərindən qorxurlar. Onlar bizim prezidentin siyasəti qarşısında acizdirlər və bizim ölkənin inkişaf tempindən çəkinirlər".
Sonda Yevda Abramov zarafatyana bir fikir də səsləndirib: "Nə edim ki, Allah məni Abramov yaradıb, əgər Abramoviç yaratsaydı gedib Avropada onların ağzını tikib qayıdardım".
Vitse-spikerdən TV-lərə ittiham: "Tok-şoularda ailə problemləri çox qabardılır"
"Azərbaycandakı televiziya kanalları sanki bir-biri ilə yarışa girib. Bəzi tok-şoularda ailə problemləri çox açıq şəkildə cəmiyyətə nümayiş etdirilir".Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova ailə dəyərləri mövzusunda keçirilən tədbirdə deyib. O, qeyd edib ki, bu cür hallar yolverilməzdir:
"Bu cür verilişlər bizi inkişafa aparmır. Biz siyasi-ictimai mənada ayıqlığımızı qorumalıyıq".
"İşıq, qaz, su xidmət sahələri təcili özəlləşdirilməlidir"
Milli Məclisdə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkədə özəlləşdirməyə tətbiq olunan sahələrin sayı artır. Onun fikrincə, Azərbaycanda baytarlıq sahəsi artıq özəlləşdirilə bilər:
"Əvvəlki qanun layihəsində bu mümkün deyildi. Yeni təklif olunan dəyişikliyə görə, baytarlıq sahəsi özəlləşdirilməyə gedə bilər".
Deputat Zahid Oruc qanun əmlakların özəlləşdirilməsi probleminə toxunub. O qeyd edib ki, xüsusi ilə bölgələrdə bu sahədə problemlər hələ də qalır:
"Biz bu məsələni həll etməliyik. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vətəndaşlara torpaq üçün verdiyi sənədlər Reyestr Xidmətində tanınmır. Sadə camaat burada əziyyət çəkən tərəfdir. Özəlləşdirmənin ən mühüm problem budur. Kəndli evinin əmlak sənədini almaqda çətinliklə üzləşir. Əmlak Komitəsi səyyar xidmətlərə başlayıb. Bu, çox yaxşı addımdır. Bütövlükdə bu sistemi tətbiq etmək lazımdır. Vətəndaş öz əmlakını istifadə edə bilmir və özünü xarici ölkənin vətəndaşı kimi hiss edir".
Deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan bazar iqtisadiyyatına keçib və dövlətin bu xidmət sahələrini nəzarətdə saxlaması əlavə yükdür: "Dövlət bu yüklərdən azad olunmalıdır. Düşünürəm ki, işıq, qaz, su xidmət sahələri təcili özəlləşdirilməlidir. Dövlət bu məsələdə kənara çəkilsə, bu, imkan verəcək ki, ticarət mexanizmi daha yaxşı təşkil olunsun. Xarici ölkələrdə həbsxanaları belə özəl şirkətlər nəzarət edirlər".
Çingiz Qənizadə də əmlakların özəlləşdirilməsi ilə bağlı mövcud problemlərə toxunub. O qeyd edib ki, ona sənədləşmə ilə bağlı bir çox müraciətlər daxil olur: "Vətəndaşlar sənədlərin tələb edirlər və real sənədin verilməsini istəyirlər. Əmlak Komitəsi və Reyestr Xidmətinə yeni səyyar xidmətə görə təşəkkür edirəm. Bu yeni sistem insanların əlçatanlığına imkan yaradıb".
Sonda nəzərdə tutulan dəyişikliklər qəbul edilib.
Vahid Əhmədov şəhid ailələrinin problemini qaldırdı: "Hökumətə məktub göndərəcəyik"
Şəhid ailələrinin Milli Məclisin qarşısında aksiya keçirərək qaldırdığı problemi parlamentin iclasında deputatlar müzakirəyə çıxarılıb.
İclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar:
"Təbii ki , onlar üçün evlər tikilir, maşınlar verilir. Şəhid ailəri, Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini həll etmək lazımdır.
Oqtay müəllim qanunvericilik baxımından nə lazımdırsa, onu da həll edək. Eyni zamanda bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bura bir daha gəlməsinlər".
Deputat Vahid Əhmədov isə şəhid ailələri və Qarabağ əliləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsinin problem olaraq qaldığını söyləyib
"Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər".
Spiker Oqtay Əsədov isə bildirib ki, məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil:
"Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik".
Qənirə Paşayeva: "Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar..."
"Əmək müqaviləsi olmadan çalışan və ya sənədləşmədə əmək haqqı azaldılaraq göstərilən minlərlə insanın gələcəyi zərbə altındadır və biz hökumət və qanunverici orqan olaraq bunun qarşısını almaq üçün təbirləri daha da sərtləşdirməliyik".
Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında Əmək Məcəlləsində dəyişikliklərlə bağlı müzakirələr zamanı çıxışında deyib. O, bildirib ki, Azərbaycanda əmək müqavilələrinin bağlanması məsələsi və özəl sektorda bir sıra müəssisələrdə işçilərin real əmək haqlarının gizlədilərək az göstərilməsi məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır.
"Əmək haqları olmadan çalışdırılan işçinin əmək hüquqlarının pozulmasının müdafiəsi də sonra çox çətin olur. Səlim Müslimov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduğu zaman özü də bu problemin çox ciddi olduğunu və bunun qarşısının alınması istiqamətində işlərin daha da sürətlənəcəyini bildirmişdi. Bu sahəyə cavabdeh qurumlar, nəzarəti həyata keçirməli olan qurumlar öz işlərini daha da artırmalıdırlar və bu məsələyə nəzarət mexanizmlərini daha da ciddiləşdirməlidirlər".
Millət vəkili bildirib ki, bu problem minlərlə insanın gələcəyini zərbə altına qoyur: " Biz pensiya sistemində islahatlar apararaq fərdi uçot sisteminə keçmişik. Bəs müqaviləsiz işləyən adamlar necə pensiya ala biləcəklər? Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar... Və ya sənədlərində əmək haqları real göstərilməyən, gizlədilərək, tamam azaldılaraq göztərilən minlərlə insanın gələcəyi nə olacaq? Təsəvvür edin, bu insanlar sabah pensiyaya çıxanda necə olacaq, onlar nə qədər pensiya alacaqlar? Biz bu problemin ağırlığını ciddi düşünməliyik və sərt mübarizə tədbirləri görülməlidir. Dövlətdən büdcəsindən nə qədər pul gizlədilir, daha doğrusu nə qədər pul yayındırılır. Eyni zamanda dövlətlə bərabər, minlərlə insanımızın ən ağrılı problemidir bu və təcili şəkildə bu istiqamətdə sərt mexanizmlər işə salınmalıdır".
Deputat deyib ki, bu gün hətta əmək müfəttişliyinin cərimə tətbiq etdiyi müəssisələrdən cərimələrin ödənilməsi faizləri ürəkaçan deyil.
"Cərimələrin ödənilməsi ilə bağlı mexanizmlər gücləndirilməlidir. Eyni zamanda təxminən 263 əməkdaşla müfəttişliyin on minlərlə müəssisə və qurumlara bu istiqamətdə nəzarət mexanizmləri də çətindir. Ona görə işçilərin sayı da artmalıdır və əmək müqaviləsiz işçi çalşdıranlara və ya işçilərin əmək hüquqlarını pozanlara qarşı mübariz daha da sərtləşməlidir".
Milli Məclis yaşayış minimumu qanununu qəbul etdi
Milli Məclisin iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanun layihəsi də qəbul olunub.D eputatlar "2015-ci il üçün yaşayış minimumu haqqında" "2015-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Milli Məclisin 2015-ci il üçün xərclər smetası haqqında", "Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında" layihələrə də səs veriblər.
Bundan başqa, Mehriban Alışanovanın Hesablama Palatasının auditoru təyin edilməsi məsələsi də səsə qoyularaq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26