Keçmiş nazirin adı ətrafında yeni pul qalmaqalı
10:03 02-12-2014
CƏMİYYƏT
Keçmiş nazirin adı ətrafında yeni pul qalmaqalı
Füzuli Ələkbərovun federasiyasında səbir kasası doldu, dava salanlar var
Son vaxtlar sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi Cüdo Federasiyasında axsamaların olması barədə məlumat vermişdik. İdmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də böyük narazılıqlar yaratmışdı.
Hətta Cüdo Federasiyasının müxtəlif yarışlarda uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olmuşdu.
Füzuli Ələkbərovun qalmaqallı federasiyasında etiraz sədaları da baş qaldırmışdı. Etirazın səbəbi maaş problemi idi. Hələ ötən ayın əvvəllərində bildirilirdi ki, idmançılar iki aydır federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşın verilməməsinin səbəbi tam olaraq açıqlanmayıb. Onlara yalnız "bu yaxınlarda veriləcək, bir az səbr edin" deyilib.
İdmançılar da bu duruma etiraz ediblər. Çünki həmin vəziyyət onları həvəsdən salır. Bu da birmənalı olaraq onların məşq keyfiyyətinə təsir edir.
Məlumatlarda o da bildirilirdi ki, vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Füzuli Ələkbərovun özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu baş tutmayıb. Vurğulanırdı ki, maaş üzünə həsrət qalan idmançılar problemin tez zamanda həllini tələb edirlər.
Həmin məlumatlarda o da qeyd edilirdi ki, Cüdo Federasiyasının rəhbərliyi maaş problemini aradan qaldırmağa cəhd edir. Belə ki, qurumun bəzi üzvlərinin, hətta bəzi idmançıların maaşları ödənməyə başlanıb. Amma borcların çox az hissəsi qaytarılıb. Digərlərinə isə "səbr etmək" tövsiyə olunub. Ancaq deyəsən idmançıların səbr kasası dolub.
Yayılan bir başqa məlumata görə isə millinin idmançıları baş məşqçi Hacıağa Hacıəhmədovdan da şikayət edirlər. Bəzi adının çəkilməsini istəməyən idmançılar onun millinin baş məşqçi postuna yaraşmadığını deyib.
Cüdoçular Ağayar Axundzadəni Hacıağa Hacıməmmədovdan şükürlü sayıblar. Hətta keçmiş baş məşqçi Peter Zayzenbaherin yersiz yerə millidən uzaqlaşdırıldığını deyiblər. Çünki onun məşqçiliyi çox bəyənilib.
Xatırladaq ki, bir müddət əvvəl cüdo üzrə milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov və Ağayar Axundzadə arasında növbəti dəfə dava olmuşdu. Bu barədə 20 gün əvvəl KİV-də yayılan məlumatlarda bildirilirdi ki, cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaherin postundan getdikdən sonra Hacıağa Hacıəhmədov onun yerinə yeni təyin olunub; amma həmin vaxt bu təyinat iki məşqçinin arasını vurub. Belə ki, Ağayar müəllim əvvəlki postuna qayıtmağı hədəfləyibmiş.
Amma federasiyanın son qərarı onu razı salmayıb. Ağayar Axundzadə və Hacıağa Hacıəhmədov arasında dava düşüb.
Ağayar müəllim Hacıağa Hacıəhmədovu baş məşqçi postuna "xüsusi xahiş"lə getməkdə günahlandırıb. Bundan sonra iki həmkar arasında mübahisə düşüb. Amma hadisənin böyüməsinin qarşısını idmançılar alıblar. Bundan bir müddət sonra isə iki məşqçi arasında münasibətlər yenidən gərginləşib. Belə ki, Hacıağa Hacıəhmədovun milliylə məşqi zamanı Ağayar Axundzadə müdaxilə edib, göstəriş verməyə çalışıb. Bu hərəkət işini görməyə çalışan Hacıağa müəllimin heç də xoşuna gəlməyib.
Bu zaman onlar arasında mübahisə yaşanıb. Verilən məlumata görə, mübahisə edən tərəfləri yenə də idmançılar sakitləşdiriblər.
Maraqlıdır ki, Füzuli Ələkbərovun federasiyası son vaxtlar bu qurum daxilində baş verən iddiaların heç biri ilə bağlı rəsmi açıqlama verməyib. Yayılan xəbərlər nə təsdiq, nə də təkzib edilib. Bu da sabiq nazirin rəhbərlik etdiyi federasiya içərisində münasibətlərin gərgin olması və pul problemlərinin yaşandığı barədə dövriyyəyə buraxılan informasiyalarda həqiqət payının yüksək olduğunu söyləmək üçün əsaslar yaradır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15