Ukraynada yeni hökumət quruldu
Ukraynada yeni hökumət quruldu

Donetskdə rusiyayönümlü üsyançılar hava limanı uğrunda döyüşləri təktərəfli olaraq dayandırdılar

Ukrayna Ali Radası yeni hökumətin tərkibini təsdiqləyib. "unian.net" saytının verdiyi məlumata görə, Pavel Klimkin xarici işlər və Stepan Poltorak müdafiə naziri olaraq parlament tərəfindən ayrı-ayrı, hökumətin digər üzvləri isə ümumi səsvermədə təsdiqlənib.
Hökumət Ukrayna parlamenti tərəfindən təsdiqlənməsindən sonra and içərək işinə başlayıb.
Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:
Vyaçeslav Kirilenko - mədəniyyət naziri və baş nazirin humanitar məsələlər üzrə müavini
Gennadiy Zubko - baş nazirin regional siyasət üzrə müavini
Valeriy Voşevski - baş nazirin infrastruktur üzrə müavini
Andrey Pivovarski - infrastruktur naziri
Anna Onişenko - dövlət naziri
Aleksandr Pavlenko - kənd təsərrüfatı naziri
İqor Jdanov - gənclik və idman naziri
Sergey Kvit - təhsil və elm naziri
Arsan Avakov - daxili işlər naziri
Pavel Pavlenko - ədliyyə naziri
Pavel Rozenko - ictimai siyasət naziri
Vladimir Demşisin - enerji və kömür sənayesi naziri
Yuri Stets - informasiya siyasəti naziri
Pavel Klimkin - xarici işlər naziri
Stepan Poltorak - müdafiə naziri
Yeni qurulan kabinetdə prezident Pyotr Poroşenko tərəfindən imzalanan fərmanla Ukrayna vətəndaşlığı alan Litva vətəndaşı Ayvaras Abramaviçus iqtisadiyyat naziri, Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili səhiyyə naziri, Ukrayna əsilli ABŞ vətəndaşı Natalya Yaresko isə maliyyə naziri postunu tutub.
Köhnə kabinet üzvlərindən olan Kvit, Avakov, Pavlenko, Poltorak və Klimkin yeni kabinetdə də yer alıb.

Odessada terror:
mağaza partladıldı

Ukraynada hərbi vəziyyət isə gərgin olaraq qalır. Belə ki, dekabrın 3-nə keçən gecə Ukraynanın Odessa şəhərində terror aktı həyata keçirilib.
Xarici mətbuatın məlumatına görə, partlayış Ukrayna simvolikası satılan mağazada törədilib.
Mütəxəssislərin sözlərinə görə, naməlum şəxslər 200 qram trotil ekvivalentində olan partlayıcı qurğunu mağazanın pəncərəsinin altında yerləşdiriblər. Partlayış nəticəsində binanın divarlarından biri uçub, pəncərələr qırılıb. Yaxınlıqdakı evlərə və maşınlara da ziyan dəyib.
Hadisə baş verən zaman mağazada ancaq oranın sahibəsi olub. Qadın yaralanmayıb. Mağazada kamera quraşdırıldığından, təhqiqatçılar cinayətkarların tez bir zamanda tapılacağına ümid edirlər.

Üsyançılar
atəşkəs elan etdi
Ukraynanın şərq vilayəti Donetskdə isə rusiyayönümlü üsyançılar hava limanı uğrunda döyüşləri təktərəfli olaraq dayandırıblar. Özlərini Donetsk Xalq Respublikası elan edən qurumun parlament rəhbəri Andrey Purqin bu barədə açıqlama verib.
Purqin qeyd edib ki, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün qarşı tərəf ağır hərbi texnikanı, o cümlədən, "Qrad" tipli silahları sərhəddən geri çəkməlidir. Üsyançıların bu barədə rəsmi Kiyevlə dekabrın 9-10-unda görüşləri gözlənilir.
Atəşkəs qərarına ilkin reaksiya Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerinidən gəlib: "Xəbərlə bu gün səhər tanış oldum. Bu, çox yaxşı xəbərdir. Məlum olduğu kimi Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha da genişləndirib. Bu, Avropa Birliyinin Rusiyanın bir hissəsinə qarşı tədbiq etdiyi sanksiyalarının təsiridir. Biz, eyni zamanda, Ukraynada müxtəlif sektorlarda islahatları da dəstəkləyəcəyik".
Ukrayna hökuməti ilə üsyançılar arasında atəşkəsə dair rəsmi protokol sentyabrın 5-ində Belarusun paytaxtı Minskdə bağlanmışdı. Həmin gündən etibarən tərəflər qarşılıqlı olaraq tez-tez atəşkəsi pozublar.

NATO Ukrayna
ordusu üçün xüsusi təyinatlılar
hazırlayacaq
"NATO Ukrayna ordusunda xüsusi təyinatlı qrupların yaradılmasına kömək edəcək". Bu barədə Ukraynanın NATO-dakı səfiri İqor Doldov bildirib.
Onun sözlərinə görə, xüsusi təyinatlıların yaradılması hərbi alyansın Ukraynaya yardımının əsas istiqamətlərindən biri olacaq.
"Mən sizə konkret layihə ilə bağlı kiçik bir sirr açacağam. Söhbət NATO-nun Ukrayna ordusunda xüsusi təyinatlı qüvvələrinin yaradılmasına edəcəyi yardımdan gedir. Biz hazırda bunun üzərində işləyirik", - o, ukraynalı jurnalistlərə açıqlamasında deyib.
O, NATO-nun Ukraynaya hərbi dəstəyinin zamanla yeni formalarının ortaya çıxa biləcəyini vurğulayıb.

Şok iddia: Moskva müharibə üçün arxa
cəbhəni "təmizləyir"
"Rusiya zəbt edilmiş Krımın Herson vilayəti ilə sərhədində hərbi mövcudluğunu gücləndirir və tatarlara yarımadanı tərk etməyi məsləhət görür". Bu sözləri "Azadlıq" radiosuna müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov deyib.
"Krım tatarlarına təklif edirlər ki, bu ərazini tərk etsinlər. Səbəb isə çox aydındır. Çünki onlar ehtiyat edirlər ki, hərbi hərəkətlər olacağı halda Krım tatarları Ukrayna güclərinə kömək edəcəklər", - M.Cəmilov bildirib.
Kənan Rzaquliyev