Əbülfəz Qarayevin nazirliyinin müdhiş çarəsizliyi
09:00 04-12-2014
CƏMİYYƏT
Əbülfəz Qarayevin nazirliyinin müdhiş çarəsizliyi
Azərbaycandan xaricə axan on milyonlarla manatın qarşısı alınmır
"Regionlardan birinə gedib orada istirahət etməkdənsə, xarici ölkəyə getmək daha sərfəli olar. Hər halda bu cür daha ucuza başa gələr. Türkiyə və ya Gürcüstanda 1 həftəlik istirahət 200 manata mümkündür. Amma biz də ailəvi olaraq 200 manata hər hansı bölgədə 1 gün dincəlmək imkansızdır". Bunu "ans-press"-in "qaynar xətti"nə müraciət edən paytaxt sakini İsmət Abbasov deyib.
Onun sözlərinə görə, rayona gedib normal istirahət etmək mümkün deyil. Xidmətlərin bahalığından gileylənən paytaxt sakini artıq bir neçə ildir ki istirahət üçün qonşu ölkələrə üz tutduğunu deyir.
Xüsusilə turizm bölgələrində müştərilərin aldadıldığını deyən müsahib, bir neçə dəfə bu cür hadisələrin öz başına da gəldiyini söyləyir: "Restoranda ailəvi oturub nəsə sifariş vermək istədik. Ofisianta menyu gətirməyini istədim. O isə mənə əvəzində "Bizdə menyu olmur" deyə cavab verdi. Sonradan hesabı istəyəndə fantastik qiymət gəldi. Bundan sonra isə mənə hər şey aydın oldu. Sən demə işbazlar bu cür yolla müştəriləri mədəni formada soyurlarmış".
Bu gün İsmət kimi turizm bölgələrinə gedib müxtəlif yollarla aldanan insanların sayı az deyil. Bəzi işbazlar daha çox gəlir əldə etmək məqsədi ilə müştərilərin cibinə girməyə çalışırlar. Mütəxəssislər bu cür halların son nəticədə yerli turizmə mənfi təsir etdiyini deyirlər. Çünki istər yerli turistlər, istərsə də xarici turistlər xidmət keyfiyyətinin aşağı olduğu yerlərdə istirahət etmək istəmirlər. Yəni bir dəfə gələn bir daha həmin yerə getmir. Azərbaycan hər nə qədər gözəl, füsunkar təbiəti ilə fərqlənsə də, ölkədə turizmin səviyyəsi arzu olunan səviyyədə deyil. Məhz bu səbəbdən hər il minlərlə insan Misir, Yunanıstan, Türkiyənin müxtəlif adalarına və başqa xarici ölkələrə istirahətə gedirlər. Görəsən niyə insanlarımız Qubanı, Xızını, Lənkəranı, Masallını, İsmayıllını, Şəkini yox xarici tərcih edirlər? Səbəb isə çox sadədir. Azərbaycanda turizm sahəsində xidmət xeyli aşağıdır və əvəzində isə qiymətlər yuxarıdır.
Azərbaycanda təkcə yay turizminə deyil, qış turizminə də maraq azdır. Əslində insanlar Şahdağ və Tufandağa daha çox üz tuturlar. Son statistik məlumatlara görə, ötən il təqribən 100 minə yaxın insan şimal bölgəsinə gedib. Ancaq bu rəqəmlər turizm potensialı olan ölkəmiz üçün çox aşağı göstəricidir. Bu göstəricinin az olmasının bir səbəbi var ki, o da qiymət və xidmətin istənilən səviyyədə olmamasıdır. Hazırda yeni il ərəfəsində qış tətili istirahətini bölgələrdə keçirmək istəyənlər adambaşına minimum 150 manatından keçməlidir. Əlavə xərcləri də hesaba alsaq bir ailənin günlük istirahəti orta hesabla 500 manata başa gəlir. Bu isə Azərbaycan kimi ölkədə kifayət qədər yüksək qiymətdir. Həmin qiymətə Paris və London kimi şəhərlərdə istirahət etmək belə mümkündür.
Azərbaycanlıların ən çox üz tutduğu Türkiyədə bir həftəlik istirahət təyyarə bileti ilə birlikdə 400 manatadır. Montoneqro və Xorvatiyaya isə turların qiyməti təxminən 500 manatadır. Yesentuki şəhərində istirahət etmək isə 600 manata başa gəlir. Bu qiymətlərə xarici ölkələrdə istirahət etmək imkanı olan vətəndaş, təbii olaraq seçimini xaricdən yana edir.
Ekspertlər qeyd edir ki, xüsusilə bölgələrdə otel və istirahət zonalarının qiyməti xaricdəkindən qat-qat bahadır və bizdə xidmət sahəsi xarici ölkələrlə müqayisədə xeyli aşağıdır. Belə olan halda turistlərin Azərbaycandan ayağının kəsilməsinin səbəbi aydın olur. Çox pul verib əvəzində isə heç nə əldə edə bilməyən insan Gürcüstan və ya Türkiyə kimi qonşu ölkələrdə münasib qiymətə əla xidmət görür. Mütəxəssislər təklif edir ki, turizm sektorunda fəaliyyət göstərən şirkət, mehmanxana və otellərdə treninqlər keçirilməlidir. Ölkənin turizm sahəsində marketinq siyasətinin də düzgün qurulmasına ehtiyac var. Çünki, turizm artıq alver deyil, biznes sahəsi kimi qəbul olunur.
Azərbaycandan Gürcüstana təkcə bir ildə 1 milyon insan gedir. Hər turistin bu ölkədə ən azı 300 manat pul xərclədiyini nəzərə alsaq, onda deyə bilərik ki, hər il Azərbaycandan Gürcüstana 300 milyon pul axır. Azərbaycanlılar təkcə Gürcüstana deyil, Türkiyə və Rusiya kimi ölkələrə də səfər edirlər. Əslində Azərbaycan qonşu ölkərlə müqayisədə təbii şəraitinə və iqliminə görə heç də geri qalmır. Ölkəmizin turizm potensialı kifayət qədər yüksəkdir. Tarixi abidələrimiz, dənizimiz və dağ-meşə landşafımız xarici turistləri valeh edir. Ancaq xarici ölkələrdə xidmətin yüksək olması həmyerlilərimizin qonşu ölkələrə üz tutmasına səbəb olur.
Qardaş Türkiyədə dövlət büdcəsinin önəmli bir hissəsi turizm sektorundan gələn gəlirlər hesabına maliyyələşir. Türkiyədə turistin istirahəti üçün hər cür imkan, şərait yaradılır və güclü marketinq aparılır. Amma nədənsə bizim turizm sahəsində çalışan şirkət və otellər bu təcrübədən maraqlanmaq istəmirlər. Hər il milyonlarla pulumuz xarici ölkərə axır.
Əbülfəs Qarayevin Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilir ki, ölkədə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində mütəmadi olaraq monitorinq keçirilir. Məqsəd turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasıdır: "Bu monitorinqləri biz ilin bütün fəsillərində həyata keçiririk. Sahibkarlara imkan veririk ki, nöqsanlar aradan qaldırılsın, əks halda, ya həmin obyektlərin lisenziyası ləğv edilir, ya da qanun çərçivəsində işlərinə müəyyən məhdudiyyətlər qoyulur", deyə nazirlikdən bildirilib.
Amma ekspertlər hesab edirlər ki, Əbülfəs Qarayevin nazirliyi turizm sektorunda köklü müsbət dəyişikliklər etmək, qiymət və xidmət baxımından cəlbediciliyə nail olmaq iqtidarında deyil. Bu isə hər il on milyonlarla manatın dövlət büdcəmiz əvəzinə başqa ölkələrin "cibinə" axmasına gətirib çıxarır.
Bəs bu duruma nə vaxt son qoyulacaq? Bax bunu heç kim bilmir. Deyəsən, elə Əbülfəs Qarayevin nazirliyinin özü də!
İlqar Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15