Oqtay Şirəliyevin səhiyyəsi ilə bağlı yeni sərt iddialar
09:01 04-12-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevin səhiyyəsi ilə bağlı yeni sərt iddialar
Azərbaycan həkimlərinin ehtiyac olmadan cərrahi əməliyyat aludəçiliyi dəhşətli faciələrə yol açır
Azərbaycan səhiyyəsində həll olunmamış problemlərdən biri də həkim-pasiyent münasibətlərindəki boşluqdur. "Pasiyentlərin hüquqları haqqında" Qanunun Milli Məclisdə hələ də qəbul olunmaması da vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən tez-tez "həkim səhvinin qurbanı" ifadəsini eşidir, həkimin böhtana uğraması və ya xəstənin haqlı olması söhbətlərinə şahidlik edirik.
Bütün hallarda həkim və xəstə hüquqları pozulur, Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyi isə həmişəki kimi məsələyə sadəcə, tamaşa edir. analitik.az saytı bu mövzuda tükürpədici şikayəti işıqlandırıb.
Bu il noyabrın 6-da qan xərçəngi diaqnozu ilə vəfat edən 60 yaşlı Sulazər xanımın oğlu Anar Hüseynov anasını həkimlərin səhlənkarlığı ucbatından itirdiyini deyib. O, anasını bu ilin oktyabrında şəhərin "Uniklinika" adlı tibb müəssisəsinə apardığını bildirir: "Orada xəstəmizi terapevt Mətanət Cəfərova qəbul etdi, müayinələrini etdirdik, həkim anamın pnevmoniya (ağciyərin iltihabı) olduğunu dedi və müalicə kursu yazdı. Dərmanlarını qəbul edən anamın bir həftə sonra vəziyyəti pisləşdi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna apardıq, orada ağciyərlərinin təmiz olduğunu dedilər. Amma öd kisəsinin əməliyyat edilməsini məsləhət gördülər. Ardınca xəstəmizi M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə apardıq. Anamı öd kisəsindən əməliyyat etdilər. Əməliyyatdan sonra bir neçə gün yaxşı idi, amma sonra vəziyyəti pisləşdi. Bütün bədəni şişmişdi. Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutuna apardıq, orada anamın qan müayinəsindən sonra qan xərçəngi - kəskin leykoz xəstəsi olduğunu dedilər. Xəstəmizə qan vurulsa da, lazımı tibbi müdaxilənin çox gec olduğunu bildirdilər. Anamı evə gətirdik, noyabrda onu itirdik. Anamın ölümündə lap əvvəl "Uniklinika"nın həkimi Mətanət Cəfərovanı, ardınca digər həkimləri təqsirli hesab edirəm. Bu qədər həkim anamın ağır xəstəliyi olduğundan necə şübhələnə bilməzlər? Anamın vaxtında diaqnozu doğru qoyulsaydı, bəlkə də onu belə tez itirməzdik. Əlimdə anamın müayinəsi və müalicəsinə dair bütün tibbi sənədlər var. Səhiyyə Nazirliyinə həmin həkimlərin məsuliyyətsizliyi ilə əlaqədar şikayət etmişəm. Həkimlərin fəaliyyətinin araşdırılmasını və cəzalandırılmasını tələb edirəm."
Mərhumənin ölümü ilə bağlı iddialara qarşı tərəf də münasibət bildirib. "Uniklinika"dan Mətanət həkimin sözlərinə görə, adı çəkilən xəstə ilə bağlı deyilənlərdə yanlışlıq var: "Həmin xəstənin diaqnozu pnevmoniya yox, kəskin bronxit olub. Bu səbəbdən ona müalicə yazmışam. Mən xəstənin yalnız qanda şəkərin miqdarı ilə əlaqədar müayinə nəticəsinə baxmışam. Digər qan müayinələrini etdirmək istəmədi. Xəstənin ultrasəs müayinəsini özüm etmişəm, daxili orqanlarında dəyişiklik görməmişəm. "Öd yollarında da hər hansı problem olmayıb. Hətta xəstə əməliyyata gedəndə maraqlandım, əməliyyat tərəfdarı olmadığımı dedim. Qarşılığında xəstə yaxınları məni yalnış diaqnoz qoymaqda təqsirləndirdilər. Xəstə öldükdən sonra oğlunun iştirakı ilə klinikada toplantı keçirildi. Həkimlərimiz xəstə yaxınını məlumatlandırdılar. Bir həkim kimi mənim etdiyim müalicə və diaqnozun səhv olmadığını dedilər. Mərhumənin oğlu bizdən xəstəxanamızdakı xərcini - 400 manatı geri tələb etdi, biz isə razılaşmadıq. Lazım olsa mən öz haqlarımı məhkəmədə də müdafiə etməyə hazıram."
Məsələ ondadır ki, mərhuməni bu qədər həkim müayinə edib və onun qan xərçəngi olduğundan şübhələnməyib. Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun(Qanköçürmə İnstitutu adı ilə tanınan) şöbə rəhbəri Mir Eldar Babayevə görə, leykoz xəstəliyinin aşkarlanması mürəkkəb işdir: "Amma yaxşı həkim qan müayinələrini doğru təhlil etsə, xəstənin şikayətlərini nəzərə alsa, ən azı xəstəlikdən şübhələnmək mümkündür. Bu səbəbdən çox zaman həkimlər xəstəyə doğru diaqnoz qoymurlar, nəticədə xəstənin müalicəsi də gecikir."
Mərhumənin ölümündə ən maraqlı məqamlardan biri xəstənin əməliyyatdan sonra vəziyyətinin lap pisləşməsidir. Adının çəkilməsini istəməyən cərrahın sözlərinə görə, leykoz xəstəsinin tronbositləri (qanı laxtaladan hissəsikləri) zəif olduğundan onun əməliyyat zamanı və ya sonrası daxili qanaxmaya məruz qalması mümkündür: "Belə xəstənin, əməliyyatdan sağ-salamat çixması da nadir hadisədir. Çıxandan sonra vəziyyətinin pisləşməsi isə onu göstərir ki, əməliyyat olunmamalı idi. Vəziyyətdə şübhəli məqamlar çoxdur. Xəstə yaxını mərhumənin tibbi ekspertizasını tələb etsə, xəstənin ölüm səbəbləri daha aydın ola bilər. Təəssüf ki, cərrahlarımız bəzən çox ehtiyac olmadığı təqdirdə də əməliyyatı həyata keçirirlər."
Bu cür hallara Oqtay Şirəliyevin nazirliyinin münasibətini bilmək, şübhəsiz ki, maraqlı olardı. Ən əsası nazirlikdən deyə bilərlərmi, ölkəmizdə bu cür ölümlər nə vaxtadək davam edəcək?!
Günel Əkbər
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26