Müsavat rəsmən iki yerə parçalandı
09:02 04-12-2014
CƏMİYYƏT
Müsavat rəsmən iki yerə parçalandı
Yeni başqan Arif Hacılıya asi düşən Qubad İbadoğlu yaratdığı təşkilatı rəsmi şəkildə elan etdi
Xəbər verdiyimiz kimi, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarları geri çəkilməyərək yeni təşkilat yaradıblar. Belə ki, Müsavat Partiyasının üzvü, bu təşkilatın başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yeni hərəkatın yaradılması barədə bəyannaməsi yayımlanıb.
" Unikal"ın məlumatına görə, "Azərbaycan Demokratiya və Rifah" hərəkatı barədə bəyannamə bu quruluşun lideri Qubad İbadoğlu tərəfindən mətbuata ötürülüb.
"Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının yaradılması haqda bəyannaməBakı şəhəri, 03 dekabr 2014-cü il tarixli bəyannamədə qeyd olunur: Bir əsrdə 2 dəfə müstəqillik qazanmış Azərbaycan birinci cəhddə özündən asılı olmayan səbəblər ucbatından müasirləşməyə, mütərəqqi Avropa və İslam dəyərlərinə əsaslanan uzun inkişaf yolunda davam edə bilmədi, demokratik və azad bir ölkə kimi dünyaya inteqrasiya prosesi yarımçıq qaldı.
İkinci müstəqillik dövründə cümhuriyyətçilərin edə bilmədiklərini reallaşdırmaq üçün mühüm addımlar atan demokratik hakimiyyətə daxili və xarici anti-Azərbaycan qüvvələrinin dəstəklədiyi silahlı qiyam imkan vermədi. Mövcud hakimiyyət isə Azərbaycanda demokratik və açıq cəmiyyət quruculuğuna, avro-atlantika məkanına inteqrasiyaya, neft gəlirlərinin ədalətli bölüşdürulməsinə, azad sahibkarlığın inkişafına və milli iqtisadiyyatın şaxələndirilməsinə əngəlləyici təsirlərini göstərməkdədir. Demokratik institutların zəiflədilməsi, xüsusilə də müstəqil vətəndaş cəmiyyətinin və azad mətbuatın sıradan çıxarılması məqsədilə hakimiyyət tərəfindən aparılan ardıcıl və sistemli siyasətin nəticəsi olaraq insanlarda gələcəyə ümid azalıb, biganəlik və inamsızlıq geniş vüsət alıb.
Odur ki, biz aşağıda adları qeyd olunan təşəbbüskarlar sələflərimizin qoyduqları hədəflərə çatmaq, ərazilərinə tam nəzarət edən suveren, demokratik dövlət qurmaq, fundamental azadlıqlara əsaslanan mülki cəmiyyət formalaşdırmaq, yüksək rifahı təmin edən azad iqtisadiyyata nail olmaq, Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq kmi taleyüklü proseslərin aparıcı qüvvəsinə çevrilmək məqsədi ilə "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının yarandığını elan edirik.Hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir. Bu məqsədlə ölkənin ictimai həyatında daha yaxından iştirak etmək, demokratik prosesləri gücləndirmək üçün Hərəkat qarşısına aşağıdakı vəzifələri qoyur:
- Ölkənin siyasi, iqtisadi və ictimai həyatının müxtəlif sahələrində liberal islahatların aparılmasını özündə təcəssüm edən proqram və konsepsiyalar işləmək;
- Siyasi motivlərlə həbs olunmuş məhbusların azad edilməsi, siyasi, ictimai fəaliyyətə görə təqiblərə birdəfəlik son qoyulması, vətəndaşların sosial, iqtisadi, mülki və siyasi hüquqlarının Avropa standartlarına uyğun şəkildə bərqərar olması uğrunda fəaliyyət göstərmək;
- Ölkədə vətəndaş sülhünün və ictimai həmrəyliyin yaradılmasına, dialoqun təşkilinə yardım etmək;
- Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına, eləcə də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmaq;
- Vətəndaş cəmiyyətinin əsas elementi olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılmasına çalışmaq;
- İqtisadiyyatın liberallaşdırılması, azad sahibkarlığın inkişafı, neft gəlirlərinin ədalətli bölüşdürülməsi və səmərəli idarəedilməsi yolu ilə ölkə vətəndaşlarının layiqli və təminatlı sosial müdafiəsinə nail olmaq və rifahını yüksəltmək .
Siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanları yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacaq.
Bu təşkilat yaranan andan etibarən Müsavatın hazırkı rəhbərliyi əl-ayağa düşməyə başlayıb. Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatı yaratmasına münasibət bildirərkən deyib ki, bu təşkilatın yaranmasına heç bir zərurət yoxdur: "Belə düşünürəm ki, "Azərbaycan Demokratiya və Rifah" Hərəkatının yaradılması ancaq tapşırıq ola bilər. Yoxsa, buna nə ehtiyac vardı?..". N.Sadıqlı bildirib ki, Müsavat Partiyasının Nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur: "Bu hərəkatın yaradılması da təbii ki, Nizamnamənin əleyhinədir. Partiyanın içindən çıxan şəxslərin yaratdığı qurumların axırını zaman-zaman görmüşük. Məni maraqlandıran odur ki, onlar bu qurumun yaranmasına nə ehtiyac görürlər? Nə ilə bağlıdır bu qurum? Onlar sözlərini Müsavatda açıq-aşkar deyə bilirlər. Nə problemləri varsa da, həll olunur. Buna görə də bu qurumun yaradılmasının əleyhinəyəm".
"Unikal"ın məlüumatına görə, Qubad İbadoğlunun tərəfdarları da boş dayanmayıblar. Bəyannaməni imzalayanlardan biri, Qubad İbadoğlunun yaxın tərəfdarı Vurğun Əyyub deyib ki, yeni hərəkat başqan seçkisindən sonra baş verən narazılıqların nəticəsi olmasa da, bu hadisələrə bağlılığını inkar etmir: "Partiyada demokratik dəyərlərə sadiqlik yolundan sapmalar gözə çarpır. Partiyanın yeni rəhbərliyi isə bu iradları diqqətə almır". Vurğun Əyyub onu da əlavə edir ki, hərəkata təkcə müsavatçılar yox, müxtəlif siyasi partiya üzvləri, hətta bitərəflər də qoşula bilər. Onun dediyinə görə, hərəkat Müsavat Partiyasından "haqsız yerə çıxarılan müsavatçıları" da bir araya gətirəcək. "Azərbaycanda son illərdə REAL Hərəkatı təcrübəsi var. Hərəkat kimi yaranıb sonradan özlərini siyasi partiya elan etdilər. ADR-in də belə bir məqsədi varmı" sualının cavabında Vurğun Əyyub bildirir ki, indidən proqnoz vermək mümkün deyil: "Ölkədə gedən proseslər, siyasi qüvvələr arasında olan münasibətlər, partiya daxilində demokratik idarəetmə kimi amillər var. Bunları nəzərə almadan gələcək üçün proqnoz vermək çətindir". Hərəkatın yaradılması ilə bağlı bəyannaməni imzalayanlar arasında Adil Qeybulla, İbrahim İbrahimli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü də var.
Arif Hacılı yeni təşkilatla bağlı tənqidi fikirlər səsləndirilməsinin Qubad İbadoğlunun xeyrinə işlədiyini gördüyü üçün fərqli taktika seçmək qərarına gəlib. Belə ki, o müavinlərinə yeni təşkilatın əleyhinə danışmamalarını tapşırıb. Belə ki, partiya başqanı Arif Hacılının müavini Elman Fəttah Teleqraf.com-a açıqlamasında yeni hərəkatın yaradılmasına münasibət bildirib. Hələ hərəkatın bəyənnaməsi ilə tanış olmadığını deyən E.Fəttah qeyd edib ki, Müsavat Partiyasından kənarda müsavatçıların QHT yaratması və ya ictimai təsisatlar təyin etmələrinin onlar üçün xüsusi əhəmiyyəti yoxdur: "Bu, ictimai təsisatdır. Müsavat üzvü olan və ya olmayan bütün vətəndaşların hansısa hərəkat yaratmaq hüququ var. Məsələn, mən özüm NİDA Vətəndaş Hərəkatının üzvüyəm. Bizim yeni hərəkatla bağlı hər hansı narahatlığımız yoxdur".
Amma bütün bunlara baxmayaraq, Qubad İbadoğlu və tərəfdarlarının yeni təşkilat yaratmaları Müsavatın rəsmən parçalanmasının sübutudur. İlkin variantda bu təşkilatı ictimai xarakterli yaratsalar da, növbəti ildən partiyaya çevriləcəyi və Müsavatı iki yerə böləcəkləri şübhəsizdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15