Zərdabın icra başçısının başı dərddə
Baş prokurorluq Lütfəli Babayevin iş adamları ilə mübahisəsini nəzarətə götürdü

Bir müddət əvvəl Bakıda "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov həbs edilib. Dünən Yasamal Rayon Məhkəməsində F.Nəsibov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, vətəndaşa qarşı 10 min manat miqdarında dələduzluqda təqsirləndirilir.
Qeyd edək ki, F. Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə "Koroğlu" metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.
Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib. Bundan sonra F.Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib. F.Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
"Unikal.org"un apardığı araşdırmaya görə, Zərdabın icra başçısı ilə bağlı narazılıq təkcə bu faktla məhdudlaşmır. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Lütfəli Babayevin bir sıra başqa iş adamları ilə də problemləri olub: "Mənim bildiyimə görə, Lütfəli Babayevi bir neçə iş adamı ilə də belə sövdələşmə edib, amma onların da pulunu qaytarmayıb. Həmin iş adamları əsasən rayonun abadlaşdırılması prosesində iştirak edənlərdir. Məlum məsələ böyüyəndən sonra prokurorluq da işə qarışıb və məsələnin böuüyəcəyi şübhəsizdir".
Mənbə onu da qeyd edib ki, baş prokuror Zakir Qaralov bu məsələni nəzarətinə götürüb. Bu səbəbdən də qarşıdakı dövrün Lütfəli Babayev üçün çox ağır olacağı qaçılmaz olacaq.
E.Rüstəmov