Xalq diplomatiyası, yoxsa xalqa xəyanət?!
Xalq diplomatiyası, yoxsa xalqa xəyanət?!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində atılan addımlardan biri də xalq diplomatiyası vasitəsilə münaqişənin həllinə nail olunması cəhdləridir. Xalq diplomatiyası dövlətin xarici siyasətinin formalaşmasında və həyata keçirilməsində ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Onun məqsədi digər ölkələrin ictimai rəyinə təsir göstərmək, öz ölkəsinin müsbət imicini formalaşdırmaq, xalqlararası dialoqa xidmət etmək, xarici auditoriyanı qarşılıqlı məlumatlandırma, anlaşma və təsir etmək yolu ilə öz ölkəsinin milli maraqlarının doğruluğuna inandırmaqdır. Hesab edilir ki, siyasi qüdrətindən, beynəlxalq sistemdəki yerindən asılı olmayaraq hər bir dövlətin buna ehtiyacı var.

Qərb dövlətləri demokratiya, vətəndaş cəmiyyəti və dövlət qulluqçusu olmayan şəxslərin qeyri-rəsmi səfərlərini də təşviq edir və xüsusilə münaqişə bölgələrində buna can atır. Bunun həm də xalqlar arsında körpü yaratmaq və münaqişələrin sülh yolu ilə həll olunması məqsədilə edildiyi deyilir. Əslində isə məqsədlərdən biri tərəflər vasitəsilə ictimai rəy formalaşdırmaq və dövlət rəhbərlərinin siyasi qərarlarına təsir və təzyiq göstərməkdən ibarətdir. Xalq diplomatiyası ənənəvi olaraq hökumətlərin xarici siyasət təşəbbüslərinə yardımçı funksiya daşısa da, hazırda media, transmilli korporasiyalar, qeyri-hökumət təşkilatları və nüfuzlu ictimai xadimləri də əhatə etməkdədir. Məqsəd başqa ölkələrin ictimaiyyətini məlumatlandırmaq və ona təsir etməkdən ibarətdir.
Fövqəldövlət hesab olunan ABŞ hal-hazırda xalq diplomatiyasından Soyuq müharibə dövründəkindən daha artıq istifadə edir, çünki ölkənin xarici siyasəti daha az strateji və daha çox hərbi xarakter daşıyır. Lakin ABŞ xalq diplomatiyası təmsilçilərinin əsas məqsədi Amerika dəyərlərinin bütün dünyada yayılması, tanıdılması və təbliğ olunmasıdır.
1950-ci ildə Avropa Kömür və Polad Birliyinin yaradılması xalq diplomatiyasının mühüm nailiyyətlərindən biri hesab olunur. Xalq diplomatiyası onilliklər boyu ABŞ xarici siyasətinin əsas vasitələrindən biri olmuşdur. Hələ 1940-cı ilin sonlarında bu ölkədə Xalq Diplomatiyası üzrə Məşvərət Komissiyası yaradılmışdır. Onun üzvləri prezident tərəfindən irəli sürülür və ABŞ Senatı tərəfindən təsdiq olunur. Xüsusilə, Soyuq müharibə dövründə bu məsələ öz aktuallığını onilliklər boyu saxlamışdır. 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu məsələ yenidən əhəmiyyət qazanmışdır. Fəal xarici siyasət tədbirləri həyata keçirən ABŞ beynəlxalq ictimaiyyət arasında öz nüfuzunu artırmaq, İraq və Əfqanıstana birbaşa hərbi müdaxiləsini əsaslandırmaq üçün xüsusilə Yaxın Şərqdə xalq diplomatiyasından geniş istifadə etməkdədir. "Amerikanın səsi", "Azadlıq" və "Azad Avropa" radioları, Fulbrayt Mübadilə Proqramı, İnternet və s. ABŞ-ın xalq diplomatiyasının həyata keçirilmə vasitələridir. Göründüyü kimi ABŞ bundan öz xarici siyasət tədbirlərini əsaslandırmaq və dünya xalqlarına təsir etmək üçün istifadə edir.
İran İslam Respublikası da bu sahədə geniş iş aparır. İslam Mədəniyyəti və Əlaqələr Təşkilatı bu sahədə əsas fəaliyyət göstərən təşkilatdır. Onun nəzdində İran Dostluq Assosiasiyası, Sədi Şirazi Mədəniyyət Fondu kimi təşkilatlar mövcuddur.
İsrail dövləti də Hasbara adlandırılan xalq diplomatiyasından istifadə edir. Onlar Fələstin fəallarının metodlarını araşdırır və ona qarşı əks-tədbirlər işləyib-hazırlayırlar. 2009-cu ildə ölkənin Xarici İşlər Nazirliyi internetdəki xəbər veb səhifələrinə israilyönümlü şərh yazdırmaq üçün könüllülər cəlb etmiş və bu işə 600 000 şekel (150 000 ABŞ dolları) vəsait ayırmışdır.
Lakin bugünkü Azərbaycan reallığından çıxış etsək, xalq diplomatiyasının münaqişənin həllinə fayda gətirəcəyi real görünmür. Xalq diplomatiyası Qarabağ münaqişəsinin həllində nə Azərbaycan xalqına, nə də ölkə hakimiyyətinə heç bir kömək edə bilmir. Xalq diplomatiyasının məqsədi qarşı tərəfi məlumatlandırmaq və ona təsir etməkdir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikası xalqının qanuni nümayəndəsi kimi Azərbaycan Prezidenti çıxış edir və yalnız onun xalqın adından danışmaq və danışıqlar aparmaq səlahiyyəti vardır. Xalq diplomatiyası adı altında xalqın adından separatçı danışıqlara gedən heç bir şəxsə bu hüquq verilməmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Qərbin təhriki ilə bir sıra ictimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri Ermənistana və Dağlıq Qarabağa səfərlər etmişlər. Lakin təəssüf hissilə qeyd etmək lazımdır ki, erməni ictimaiyyətinin nümayəndələri Qarabağ məsələsində daha çox ideoloji hazırlıqlı və milli maraqlara sadiq görünürlər. Azərbaycan nümayəndələrinin onlara təsir imkanları sıfra bərabərdir. Bu, daha çox özlərini liberal dəyərlərə sadiq göstərməyə çalışan bir qrup erməni və azərbaycanlıların görüşüdür. Həmin səfərlərin Ermənistan və Dağlıq Qarabağ ermənilərinə hansısa təsir göstərəcəyi inandırıcı deyil.
Səbəb bunlardır:
Ermənilərin bu məsələdə özlərini qalib hesab etməsi və Azərbaycan nümayəndələri ilə qalib kimi davranmaları;
Azərbaycanın etnik baxımdan rəngarəngliyi və milli azlıqlara münasibətdə tolerantlıq, demokratiklik. Azərbaycan tərəfindən daha çox milli azlıqlardan olan şəxslər bu işə cəlb olunurlar, onlara isə Qərb dövlətləri yüksək məbləğdə qrantlar verir, eyni zamanda separatizm hissləri aşılayır;
Qrant ayıran xarici təşkilatlardan bəzilərinin bilavasitə və ya bilvasitə erməni diasporası və ya ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirilməsi. Onlar Ermənistana nisbətən Azərbaycandan daha mötədil (loyal) şəxslərin bu işə cəlb olunmasında maraqlıdırlar və xalq diplomatiyası çərçivəsində tərbirlər təşkil olunarkən bu amil nəzərə alınır;
Münaqişənin həll olunması üçün Azərbaycandan daha çox güzəşt gözlənildiyi üçün millətçi, vətənpərvər şəxslərin bu prosesdən kənarda saxlanılması;
Dağlıq Qarabağı de-fakto müstəqil dövlət kimi tanıtmaq üçün səfərlərin Azərbaycan ərazisindən deyil, Ermənistan ərazisindən Qarabağa keçməklə həyata keçirilməsi;
Ermənistan xüsusi xidmət orqanlarının bu işdə fəal iştirakı.
Lakin xalq diplomatiyasının məqsədi Qafqazda gələcəkdə üç respublikanın iştirakı ilə hətta konfederasiya yaratmaq belə ola bilər. Məqsəd düşmən obrazının silinməsi və dostluq münasibətlərinin qurulmasıdır. Lakin bu mümkünsüzdür:
Dağlıq Qarabağ əraziləri işğal altındadır, əhali məcburi köçkün şəraitində yaşayır. Azərbaycan xalqı müharibənin ağır nəticələrini öz üzərində hiss edir;
Rusiya münaqişənin saxlanılmasında maraqlı tərəf kimi çıxış edir və dialoqda maraqlı deyil, əksinə, tərəflərin sülhə yaxınlaşmasının qarşısını istənilən vasitə ilə almağa hazırdır;
Ermənistan özü faktiki olaraq münaqişədə siyasi iradəyə malik olmadığı üçün erməni xalqının inandırılması belə nəyisə həll etmir;
ideoloji baxımdan ermənilər ifrat millətçilik və şovinizm mövqeyindən çıxış edirlər;
hazırkı dünyada kütləvi informasiya vasitələri, internet resurslarından istifadə və s. vasitəsilə də xarici auditoriyaya müəyyən dərəcədə təsir etmək mükündür, bunun üçün münaqişə bölgəsinə birbaşa səfərlər etməyə ehtiyac yoxdur;
Ermənistanda hakimiyyətdə olan destruktiv qüvvələr Qarabağ problemindən istifadə etməklə öz hakimiyyətlərinin müddətini uzatmağa çalışırlar. Onlar erməni xalqına təlqin etməyə çalışırlar ki, Azərbaycan və Türkiyə tərəfindən xarici təhlükə qalmaqda davam edir və ölkəni bu vəziyyətdə yalnız Qarabağ müharibəsində vuruşmuş şəxslərin idarə etməyə haqqı və qüdrəti çatar. Demokratik, qərbyönümlü qüvvələr hakimiyyətə gələrsə ermənilərin ümumxalq işinə güclü zərbə dəyə bilər.
Yuxarıda deyilənləri nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın regional və beynəlxalq nüfuzunun artması, onun hərbi-siyasi, iqtisadi baxımdan güclü dövlətə çevrilməsi, əhalinin rifah halının yaxşılaşması erməni ictimaiyyətinə ən yaxşı nümunə, təsir vasitəsidir. Bundan başqa, Azərbaycana aid müxtəlif seminarların təşkili və orada xarici vətəndaşların (xüsusilə ictimai rəyə təsir imkanı olan jurnalistlərin, ictimai xadimlərin, tanınmış və ya perspektivli gənc alimlərin, yazıçıların, mədəniyyət xadimlərinin iştirakı, kütləvi informasiya vasitələrində təbliğatın gücləndirilməsi, azərbaycanlıların qədim, mədəni, sülhsevər və demokratik ənənələrə yaxın düşüncə tərzinə malik xalq kimi göstərilməsi).
Bundan başqa, gənclərdən ibarət könüllü qrupların yaradılması və onların təbliğat işində yaxından iştirakı xalq diplomatiyasının sistemli, rasional şəkildə həyata keçirilməsinə yardım edə bilərdi.
Elşad