İŞİD-lə bağlı sensasion iddia
İŞİD-lə bağlı sensasion iddia

Avropada və ABŞ-da bu terror təşkilatını daha çox sevirlər, nəinki Şərqdə

İŞİD terror təşkilatı Avropa və ABŞ-da daha çox nüfuza malikdir, nəinki İraq və Suriyada.
publika.az-ın məlumatına görə, İslam Dövləti ilə bağlı xüsusi araşdırma aparan Milan Universiteti bu qənaətə gəlib. Universitet iyul ayından oktyabr ayınadək sosial mediada paylaşılan 2 milyon yazını araşdırıb. Nəticədə məlum olub ki, Avropa və Amerikada İslam Dövlətinə müsbət münasibət Suriya və İraqdan daha artıqdır.
İtalyan araşdırmaçılar Suriyada qrupa pozitiv münasibətin 8, İraqda 19.7 faiz təşkil etdiyini bildirib.
Avropa ölkələrində isə İslam Dövlətini dəstəkləyənlərin sayı daha artıqdır. Belçikada bu göstərici 31, Britaniyada 24, Fransada isə 20.8 faiz təşkil edir.
Qətərdə qrupa 47, Pakistanda isə 35 faiz dəstək nümayiş etdirilir.
ABŞ-da Facebook və Tvitter-də İŞİD-ı 21.4 faiz ərəbdilli insanlar dəstəkləyir.
Londonda yerləşən Quilliam fondundan Erin Saltmanin dediyinə görə, müharibə təcrübəsi və terror əməlləri təhlükəsi altında olanların mövqeyi fərqlidir. O, təhlükədən uzaq olanların qrupun təbliğatına daha çox rəğbət göstədiyini deyir.
İslam Dövlətinə 35.6 faiz islamın müdafiəsi, 26.2 faiz proselitizm (dinin dəyişdirilməsi), 17.4 faiz insan isə dövlət quruculuğu baxımından dəstəkləyir.
32.8 faiz qrupun dindən siyasi vasitə kimi istifadə etdiyini, 28.9 faiz zorakılıq naminə, 17 faiz isə qrupun dini azadlıq da daxil edilməklə, azadlıq əleyhinə olduğunu bildirib.
Tədqiqatçılar amerikalıların başının kəsilməsi və ABŞ-ın İŞİD-ə qarşı hava hücumları kimi halların qrupun tərəfdarları və onun əleyhinə olanların sayını artırdığını deyir.
Sosial mediada fikir bildirənlərin 93 faizi Txitter, digərləri isə bloqlar, Facebook və sosial medianın digər platformalarından əldə edilib.
İŞİD terror təşkilatna qarşı mübarizə illərlə davam edə bilər. Bu sözləri isə ABŞ dövlət katibi Con Kerri deyib. İraqın şimal və qərb bölgələrində böyük ərazini, eləcə də Suriyanın şərqini ələ keçirən İŞİD-ə qarşı mübarizə səylərini müzakirə etmək üçün Brüsseldə 60 tərəfdaş ölkənin xarici işlər nazirlərinin toplantısında çıxış edən Kerri deyib ki, koalisiya qüvvələrinin hava hücumları terrorçuların səfərbər olması və hücumlar həyata keçirməsini qat-qat çətinləşdirib.
ABŞ dövlət katibi hava hücumlarının İraq təhlükəsizlik qüvvələrinin təlimləri başa çatana qədər edəcəyini bildirib.
Qeyd edək ki, avqust ayından bəri koalisiya qüvvələri İraq və Suriyadakı silahlılara qarşı mindən çox hava hücumu həyata keçirib.
Bu arada məlum olub ki, İŞİD terror təşkilatı Peşmərgə güclərindən böyük zərbə aldığı Kərkükdə hərbi rəhbərləri dəyişdirib. Məlumatı Kərkükün təhlükəsizlik müdiri Serhat Kadir açıqlayıb.
"İŞİD Tilverd və Dakukdakı məğlubiyyətlərdən sonra hərbi rəhbərlərini dəyişdirib. Yeni rəhbərlərlə əlaqədar əlimizdə hələ məlumat yoxdur. Ancaq təşkilatın Dakuk, Riyaz, Hevice, Zab və Ebasi bölgələrinin hərbi rəhbərlərinin dəyişildiyini bilirik", - o, deyib.
Serhat Kadir İŞİD-in bir hərbi rəhbərinin öldürüldüyünü, buna görə də dəyişikliklərin zəruri olduğunu bildirib.
Kürklərin "Rudaw" saytının əldə etdiyi məlumatlara görə İŞİD terror qruplaşmasının liderlərindən olan "Çeçen" ləqəbli Ömər Əl-Şişanini Kərkük bölgəsinə göndərib. Qeyd olunur ki, Şişaninin Kərkükə göndərilməsinin səbəblərindən biri təşkilatda "Kərkük valisi" adlanan şəxsin neft quyuları başda olmaqla əhəmiyyətli bölgələri ala bilməməsidir.
Xatırladaq ki, Ömər Əl-Şişaninin məhv edilməsi haqqında məlumatı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov "İnstaqram" səhifəsində 13 noyabrda paylaşmış və sübut olaraq bir şəkli yerləşdirmişdi. Lakin sonradan bu xəbər Gürcüstanda Pankisi ağsaqqalları, həmçinin Ömər Əl-Şişaninin qohumları tərəfindən rədd edilib.
Dünən həmçinin İŞİD lideri Bağdadinin tutulduğu iddia edilən həyat yoldaşı ilə bağlı təfərrüatlar bəlli olub. Livanın daxili işlər naziri Nihat əl Maşnuk Suriya-Livan sərhəddində saxlanılan Saca əl Duleyminin İŞİD lideri Əbubəkir əl Bağdadinin keçmiş arvadı olduğunu deyib: "Əl Duleymi üç dəfə evlənib və Bağdadi onun ikinci əri olub. Onların toyu 6 il öncə olub və evlilik 3 ay davam edib".
İddialara görə, hazırda Bağdadiin iki arvadı var və onlardan heç birinin adı Saca əl Duleymi deyil.
Əl Duleymi mart ayında "Əl Qaidə" ilə bağlantısı olan qrupların qaçırdığı13 rahibənin əvəzində həbsdən azad edilən 150 qadından biri olub.
Qeyd edək ki, daha öncə 8 yaşlı qız uşağı ilə birlikdə saxta sənədlə yaxalanan qadının Bağdadinin həyat yoldaşı olması barədə xəbərlər yayılmışdı. Daha sonra isə onun İraqda saxlanılan terrorçu Ömər Əbdülhəmid əl Dulaiminin bacısı olduğu üzə çıxıb.
Dünənki ən son məlumata görə isə Türkiyə ilə Suriya sərhədində Kobani şəhəri uğrunda İŞİD silahlıları ilə kürd-peşmergələri arasında döyüşlər davam edir. Tərəflər arasında baş verən atışma səsləri Şanlıurfada eşidilir. İraqdan gələrək Türkiyə ərazisindən keçən 156 kürd-peşmergəsi səhər saatlarında Ərbil şəhərinə geri qayıdıb.
Onlar yeni peşmergə qüvvələri il əvəz olunacaq. Kobani uğrunda döyüşlər sentyabr ayının ortalarından etibarən davam edir. Əvvəlcə İŞİD silahllıları şəhərin böyük hissəsi üzərində nəzarəti ələ keçirə bilsələr də, müttəfiq qoşunların avizərbələri nəticəsində onları geri çəkmək mümkün olmuşdu.
Murad İbrahimli