Avrasiya bataqlığının mifləri
Avrasiya bataqlığının mifləri

Kreml torpaqları qaytaracaq?

Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən faktiki zəbt edilməsi fonunda Gürcüstanda "beşinci kolon" mövzusu yenidən aktullaşıb. Həmin qrup hesab edir ki, əgər Rusiyaya güzəşt edəriksə, itirilmiş ərazilər qaytarılacaq.

publika.az-ın verdiyi xəbərə görə, Gürcüstanın "Qruziə Online" saytında gedən bir yazıda bu yanaşmanın səhv olduğunu göstərən yazı dərc edilib.
Yazının müəllifi Tengiz Ablotiya hesab edir ki, "güzəşt qarşılığında torpaqlar" yanaşması Gürcüstanda uzun illər yetişdirilsə də, səslənən arqumentlərinin heç bir əsası yoxdur. Müəllif ilk olaraq Gürcüstanın sabiq prezidenti Eduard Şevernadzenin Rusiya ilə bağlı mövqeyini xatırladır: "Abxaziyanın 1993-cü ildə itirilməsindən dərhal sonra Şevernadze hökuməti Rusiyameylli siyasət aparmağa başladı. Bu siyasət özünü güc strukturlarının Moskvanın razılığı ilə təyin olunmasında da göstərirdi. Məsələn, arxa cəbhədə işləyən təsərrüfatçı Vardiko Nadibaidze müdafiə naziri təyin edilmişdi. İqor Qiorqadze isə təhlükəsizlik naziri oldu. O, hətta gizlətmirdi ki, bütün bağları ilə Moskva bağlıdır və Gürcüstanda Kremlin gözləri rolunu yerinə yetirir. Bununla belə, bütün bunlar bizi ərazilərin qayıdışına bir addım da yaxınlaşdırmadı".
Fikrini əsaslandırmağa çalışan müəllif Rusiyanın 1990-cı illərdəki rəhbərliyi ilə indiki rəhbərliyi arasında da böyük fərq olduğunu qeyd edib: "Həmin vaxt Rusiya prezidenti Boris Yeltsin, xarici işlər naziri isə Andrey Kozırev idi. Onlar əsl liberal idilər. Amma indi Rusiyaya Putin rəhbərlik edir. Təsəvvür etmək olarmı ki, Putin torpaqları bizə qaytaracaq? Rusiyameylli siyasət ərazi məsələlərinin həllində heç bir irəliləyişə ümid vermir. Məsələn, Moldova bir neçə il əvvəl Rusiyaya tərəf döndü, amma Dnestyanı ərazi Kişnyov üçün daha yaxın olmadı. Eyni zamanda, Dnestryanı ərazi münaqişəsi gürcü-osetin, xüsusən gürcü-abxaz münaqişəsindən daha yumşaqdır. Orada etnik ziddiyyət yoxdur və çoxlu qan tökülməyib. Dnestryanı sakinlər Moldova pasportlarına malikdirlər, bütün dünyada Kişinyov aeroportu ilə gedirlər, Dnestryanı futbol komandaları Moldova çempionatı oynayırlar... Amma münaqişə həll edilmədi və moldavanlar yenidən Avropa vektoruna qayıtdılar".
T.Ablotiya qeyd edir ki, Gürcüstanın sabiq spikeri Rusiya meylli siyasətə əvəz olaraq Abxaziya və Cənubi Osetiyanın qaytarılmasına söz versə də, Rusiya hökumətinin məmurlarından bu barədə heç nə eşidilmir: "Burdjanadze nə qədər lazımdırsa çalxalana bilər. Amma Putin və Medvedev bir dəfə demədilər ki, Gürcüstandan nə tələb olunur, yaxud da Abxaziya və Cənubi Osetiyanı unudaraq "yeni reallıqlar"ı tanısınlar. Rusiya rəhbərləri üçün yalan demək bir fincan çay içmək kimidir. Amma onlar heç vaxt, hətta işarə ilə demədilər ki, Gürcüstanın Rusiya meylli vektoru ərazi məsələlərinin həlli üçün kifayət qədər əsas ola bilər. Bu barədə rus dünyasının əsas ideoloqu Aleksandr Duqin də həyasızcasına fikrini bildirib: Gürcüstan Rusiyaya itirilmiş əraziləri qaytarmaq üçün deyil, daha çox itirməmək üçün qayıtmalıdır".
"Əlbəttə, Abxaziya və Cənubi Osetiyanı unutmağa çağırmıram. Əksinə , onların haqqında həmişə xatırlamaq lazımdır. Amma bu torpaqlar nəhəng ticarətin obyekti olmamalıdır. Anlamaq lazımdır ki, 20 faiz çox əhəmiyyətlidir, amma 80 faizi onlara - Avrasiya bataqlığına qurban vermək olmaz", - deyə yazı müəllifi bildirib.
Maraqlıdır ki, gürcü müəllifinin yuxarıda səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyəti üçün də yad deyil. Məsələn, Azərbaycanda da zaman-zaman bu cür fikirlər səslənir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olsa, yaxud da Moskvanın maraqlarına cavab verməyən enerji layihələrindən imtina etsə, Ermənistanın işğalı altında olan ərazilərin qaytarılmasına kömək edə bilər. Təbii ki, Azərbaycanda heç kim bu cür arqumentləri inanmır.
Kremlin Ukrayna ilə məşğul olan bölməsində həyata keçirilən kadr dəyişiklikləri prezident Vladimir Putinin ətrafında "şahinlər"in gücləndiyinin göstəricisi sayıla bilər. Bu sözləri isə rusiyalı politoloq Dmitri Oreşkin deyib.
Qeyd edək ki, Rusiyanın tanınmış "Vedomosti" qəzeti srağagünki sayında Rusiyanın "Novorossiya" layihəsinin müəlliflərinin Kremldəki postlarından uzaqlaşdırıldığını yazıb. "Novorossiya" layihəsindən çıxarılanlardan biri prezidentin köməkçisi, "boz kardinal" adlandırılan Vladislav Surkovun nəzarət etdiyi MDB, Abxaziya və Cənubi Osetiya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarədə çalışan Boris Rapoportdur. O, idarənin Donetsk və Luqansk "xalq respublikaları" ilə məşğul olan bölməsində çalışırdı. İdarənin "Xalq respublikaları" ilə iqtisadi münasibətlər üzrə bölməsində çalışan Vladimir Avdeyenko da vəzifədən uzaqlaşdırılıb. Rapoport və Avdeyenkodan başqa son vaxtlar idarənin beş-altı adi əməkdaşının da getdiyi bildirilir.
Politoloq D.Oreşkin hesab edir ki, kadr "islahatları" "şahinlər"in V.Surkova hücumu ilə bağlıdır. "Görünür, Surkova qarşı güc bloku mübarizə aparır. Putinin təyin etdiyi Surkovun münaqişədə daha az səmərəli olduğu hesab edilir", - deyə D.Oreşkin qeyd edib.
Politoloq indiki vəziyyətin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaqda çətinlik çəkir. Amma o əlavə edib ki, "Novorossiya" layihəsindən uzaqlaşdırılanların yerinə başqa insanlarını təyin edilməsi Kremldə güc blokunun qələbə qazandığı anlamına gələcək. Qreşkin hesab edir ki, proseslərin bu istiqamətdə inkişaf edəcəyi halda, vəziyyətin gərginləşməsini gözləmək olar.
Politoloq Valeri Xomyakov da həmkarı ilə razıdır. O hesab edir ki, Kreml administrasiyasında Ukraynanın şərqi üçün məsuliyyət daşıyan məmurların postlarından uzaqlaşdırılması tamamilə məntiqlidir. Politoloq "kadr islahatları"nın kökündə "xalq respublikaları" siyasətinin iflasının dayandığını vurğulayıb: "Vladimir Putinə bunun üçün ayrı təşəkkür etmək lazımdır. Heç kim, o cümlədən Ukrayna prezidenti Ukrayna xalqını bu cür birləşdirə bilməzdi".
Bir müddət əvvəl "Donetsk Xalq Respublikası"nın sabiq "müdafiə naziri" İqor Qirkin də etiraf etmişdi ki, separatçılar Kremldən idarə olunur. O, "vəzifə"sindən məhz Putinin köməkçisi V.Surkov tərəfindən kənarlaşdırıldığını bildirib.
Kənan Rzaquliyev