"Hafka"nın oğlunun rəhbəri olduğu səhmdar cəmiyyətlə bağlı şok iddialar
11:05 05-12-2014
CƏMİYYƏT
"Hafka"nın oğlunun rəhbəri olduğu səhmdar cəmiyyətlə bağlı şok iddialar
Kənan Məmmədovun "Azərintellekt"in sədri seçilməsi hansı ciddi qanun pozuntularına yol açıb?
Azərbaycanın futbol üzrə milli çempionatının sponsoru "Topaz"la bağlı müdhiş məqamlar ortaya çıxıb. Ölkədə "futbol qumarı"nın rəsmiləşdirilməsi nəticəsində ortaya çıxan "Topaz"la bağlı həmin ilginc iddialarda isə ölkənin tanınmış iş adamlarından birinin oğlunun da adı keçir.
Gəlin həmin iddialarla tanış olaq.
"Azərbaycanda futbol üzrə milli çempionatın sponsoru "Topaz"dı. Yəni "Topaz" markasının sahibi "Azərinteltek" QSC-di. Sponsorluq kənardan çox normal görsənə bilərdi. "Azərinteltek" QSC-nin təsisçilərini tanımasaydıq. "Təkrar biliyin anasıdı" prinsipinə sadiq qalaraq səhmdar cəmiyyətin təsisçilərinin siyahısını bir daha təqdim edirəm: "Baltech İnvestment" Məhdud Məsuliyyətli Cəmiyyəti, "İdeal Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti və Türkiyə Respublikasında qeydiyyatdan keçmiş İnteltek İnternet Teknoloji Yatırım və Danışmanlık Ticaret A.Ş. Şirkəti". Bunu hüquqşünas Mehman Muradlı bildirib.
Onun sözlərinə görə, "Azərinteltek"in təşkilati-hüquqi forması qapalı səhdar cəmiyyət olduğu üçün məcburən müşahidə şurası yaratmalı idilər: ""Azərİnteltek"də qanunun bu tələbinə hörmətlə yanaşaraq Məmmədov Kənan Hafiz oğlunu səhmdar cəmiyyətinin müşahidə şurasının sədri "seçiblər". Burda mütləq qeyd eləməyi özümə borc bilirəm ki, Kənan Məmmədov "Bakı" futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğludu.
Məhz bu hissədə "Topaz"ın Premyer Liqaya sponsorluq etməsi "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsini yada salır (bildirirəm ki, ixtisasca hüquqşunasam və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyəm. Bu səbəbdən qanunlara xüsusi marağım var). Həmin maddədə göstərilir ki, yaxın qohumların birgə işləməsinə yol verilmir. Haqlı olaraq sual verə bilərsiz ki, "Azərinteltek" QSC kommersiya qurumudu və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun bura nə aidiyyatı ola bilər? Qeyd etməyi özümə borc bilirəm ki, həmin qanunun 2.1.7-ci maddəsində göstərilir ki, yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləridi".
Hüquqşünas bir daha xatırladıb ki, "Topaz" markası Azərbaycan Premyer Liqasının sponsorudur: "Premyer Liqada çıxış edən "Bakı" futbol klubunun prezidenti və AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğlu Kənan Məmmədov "Topaz" markasının sahibi "Azərinteltek" QSC-nin müşahidə şurasının sədridi. Bunu qeyd etməkdə məqsədim oxuculara durumu tam çılpaqlığı ilə izah etməkdi. Nəticə çıxarmağı da sizin öhdənizə buraxmıram. Çünki… zaman-zaman Premyer Liqada oyunların alınıb-satılması haqqında mətbuatda informasiyalar gedib. Bu informasiyaların nə qədər doğru olub-olmadığını araşdırmaq bizim yox, hüquq-mühafizə orqanlarının işidi. Amma bu günə kimi bu cür informasiyaların yoxlanılması baş verməyib. Baxmayaraq ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsində cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri sırasında kütləvi informasiya vasitəsinin məlumatları da daxildi. Dəfələrlə bu cür informasiyalardan sonra AFFA rəhbərliyinə ünvanlanmış suallara ümumi şəkildə "araşdıracağıq", "məlumat verəcəyik" cavabları verilib. Hətta iş o yerə çatdı ki, AFFA UEFA-nın da tələbini nəzərə almadı. Belə ki, UEFA Azərbaycan Premyer Liqasında keçirilmiş bir sıra oyunların nəticələrinin şübhəli olduğunu əsas gətirərək, məsələnin araşdırılmasını tələb etmişdi. Şübhəli oyunlardan 3-ü isə "Azərinteltek" QSC-nin müşahidə şurasının sədri Kənan Məmmədovun atası Hafiz Məmmədovun prezidenti olduğu "Bakı"nın öz meydanında keçirdiyi və məğlub olduğu qarşılaşmalar idi. Həmin qarşılaşmaların hər üçündə "Bakı" öz qapısından üç top buraxaraq məğlub olmuşdu. O cümlədən zəif "Kəpəz"lə oyunda da. Bu da haqlı olaraq Premyer Liqanın keçirilməsində korrupsiya hallarının olmasına şübhələr yaradır!"
Hüquşünas gələcəkdə "Azərinteltek" QSC-nin sponsorluq etdiyi milli çempionatdan əldə etdiyi milyonlar barədə rəqəmli araşdırmanı oxuculara təqdim edəcəyini də anons verib.
İndi maraqlı olan hüquqşünasın ortaya atdığı bu iddialara qarşı tərəfin hansı münasibət bildirəcəyidir. Belə bir münasibət olarsa, onu da oxucularla paylaşacağıq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15