Müsavatda yeni təlatüm yarandı
11:09 05-12-2014
CƏMİYYƏT
Müsavatda yeni təlatüm yarandı
Növbədənkənar qurultayın çağırılması məqsədilə təşəbbüs qruplarının yaradılması Arif Hacılını dalana dirəyib
Dekabrın 3-də axşam saatlarında Müsavat Partiyasının qurultayının nəticələrindən və rəhbərliyin siyasətindən narazı üzvlərin yaratdığı İşçi Qrupunun növbəti toplantısı keçirilib.
"Unikal"ın məlumatına görə, toplantıda fraksiyanın yaradılması və növbədənkənar qurultayın çağırılması məqsədilə təşəbbüs qruplarının yaradılması haqqında qərar qəbul edilib. Bundan əlavə, növbədənkənar qurultayın çağırılması üçün təşəbbüs qrupuna Qubad İbadoğlu, fraksiyanın yaradılması üçün təşəbbüs qrupuna isə Tural Abbaslı rəhbərlik edəcək. Ancaq bu təşəbbüs qrupları ayrı-ayrılıqda deyil, bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
Amma gözlənilməz qərara Arif Hacılı tərəfdarlarından cavab gəlib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə açıqlamasında növbədənkənar qurultayın çağırılması üçün yaradılan təşəbbüs qrupunu "şəxsi istəklərin həyata keçirilməsi istiqamətində atılan addım" adlandırıb. G.Aslanlı bildirib ki, növbədənkənar qurultayın keçirilməsi partiyanın Nizamnaməsinə əsasən bütün hallarda Məclisin səlahiyyətindədir. Onun sözlərinə görə, belə təşəbbüs qrupunun yaradılması Müsavat partiyasının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır: "Bütün hallarda Müsavat Partiyasının sonuncu qurultayı demokratik və şəffaf şəkildə keçirilib. Qurultayın nəticələrini seçki komissiyasının bütün üzvləri tanıyıb və lehinə səs verib. Əgər kimlərsə belə olan təqdirdə növbədənkənar qurultayın keçirilməsini israr edirsə, bu şəxsi istəklərin həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, bu istiqamətdə yaradılan təşəbbüs qrupu da Müsavatçılıq ideyasına xidmət etmir."
"Unikal"ın məlumatına görə, bu hadisə Müsavatın yeni başqanı Arif Hacılını ciddi şəkildə narahat etməyə başlayıb. Belə ki, qurultay məsələsinin gündəmə gəlməsinə özü də münasibət bildirib. Arif Hacılı deyib ki, partiyanın növbədənkənar qurultayının keçirilməsi üçün heç bir zərurət yoxdur: "Müsavat 8 ildən çox idi növbəti qurultayını keçirə bilmirdi. Maraqlıdır ki, indi növbədənkənar qurultay tələb edən bəzi şəxslər 8 il partiyanın qurultayının keçirilməsinə maneçilik törətməklə məşğul olublar. Növbədənkənar qurultayın keçirilməsi qaydaları partiya nizamnaməsində aydın göstərilib. Bunun üçün azı 14 rayon, şəhər təşkilatının rəsmi qərarı, yaxud 40-dan artıq Məclis üzvünün müraciəti və ya Müsavat Partiyası başqanının müraciəti tələb olunur. Əgər bunlardan biri olarsa, onda bu məsələ Məclisin gündəliyinə salına bilər. Sonda isə Məclis növbədənkənar qurultayın keçirilməsi üçün qərar qəbul etməlidir. İndi növbədənkənar qurultaya təşəbbüs göstərənlərin Müsavatda bu sayda tərəfdarı yoxdur. Bu istəkdə olan azsaylı adamlar həmin prosedurların həyata keçirilməsi yolu ilə öz məqsədlərinə nail ola bilməzlər. Onların özləri də bunu bilir. Hesab edirəm ki, növbədənkənar qurultay çağırışları əslində onun keçirilməsi ilə bağlı deyil, məqsəd Müsavat Partiyasında 27 sentyabr qurultayından sonrakı müzakirələri uzatmaq və partiyada vəziyyətin tam sabitləşməsinə mane olmaqdır".
Müsavat başqanı onu da nəzərə çatdırıb ki, növbədənkənar qurultay keçiriləcəksə, indi onu tələb edənlər 27 sentyabr qurultayında aldıqları səsin heç yarısını da toplamaq imkanına malik deyillər: "Fraksiya isə yaranmayacaq. Çünki fraksiyanın yaradılması təşəbbüsçülərinin sayı həddən artıq azdır. Hətta qurultayda mənə səs vermədiklərini açıq bəyan edən partiya üzvlərinin əksəriyyəti fraksiya yaradılmasının əleyhinə çıxır. 10-15 nəfərlə hər hansı bir fraksiyanın yaradılması təşəbbüsü ilə çıxış edənlər bununla yalnız özlərinə ciddi ziyan vura bilərlər. Düşünürəm ki, onlar tərəfdarlarının, fraksiya yaratmaq istəyən şəxslərin siyahısını tutduqdan sonra bu fikirlərindən vaz keçəcəklər".
Hər halda, Qubad İbadoğlu Arif Hacılı ilə mübarizədən geri çəkilmədiyi ortadadır. Amma bu gedişatın partiya üçün müsbət bitməyəcəyi də danılmazdır. Ən yaxşı halda, partiya iki yerə bölünəcək. Pis variant isə odur ki, hərə bir tərəfə çəkilsin və ortada Müsavat deyilən bir şey qalmasın. Bax, bu variant da realdır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15