İcra hakimiyyətinin şöbə müdiri həbs olundu
İcra hakimiyyətinin şöbə müdiri həbs olundu

İrşad Əliyevin adı korrupsiya ilə bağlı cinayət işində hallanır, onun həbsi gündəmdədir


Baş Prokurorluq dünən daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən "Unikal.org" saytına daxil olan məlumatda bildirilir ki, Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı "Avtotransyol" MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir."Unikal.org" məsələni daha detallı araşdırıb. Məlum olub ki, məsələ heç də keçmiş icra başçısının iddia etdiyi kimi deyil. Bu barədə bizi bilgiləndirən Əfqan Zeynalovun qohumları deyir ki, bütün prosesin başında icra başçısı İrşad Əliyev dayanıb: "Bizim əlimizdə konkret faktlar var. Əfqan Zeynalov baş verən cinayətdə heç bir rol oynamayıb. O, sadəcə qurbandır. İndi İrşad Əliyev özünü sudan quru çaxarmağa çalışır, halbuki bütün prosesə o özü nəzarət edib. Artıq iş baş prokurorluqda araşdırılır. Əfqan Zeynalov ifadəsində də İrşad Əliyevlə bağlı detalları qeyd edib".Mənbə iddia edir ki, artıq İrşad Əliyevin adı istintaq materiallarında öz əksini tapıb. Yəni, mümkündür ki, qısa müddətdə onun özü də istintaqa cəlb olunsun. Çünki hər hansı bir rayonda yüz minlərlə manat dövlət vəsaitinin xərclənməsi icra başçısının nəzarətindən kənar ola bilməz. Əgər o qədər vəsait mənimsənilibsə, icra başçısı ya özü bu maxinasiyanı həyata keçirib, ya da ona şərait yaradıb. Hər iki halda, İrşad Əliyevin əsas səlahiyyətli şəxs kimi məsuliyyətə cəlb olunması qaçılmazdır.
Elvin Rüstəmov