Tağı Əhmədovun yeni vəzifə almasının sirri Keçmiş
Tağı Əhmədovun yeni vəzifə almasının sirri
Keçmiş "metro şefi" ilə bağlı maraqlı iddia

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib. Bu barədə Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib.

O, bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub. "Bəli, məlumat düzdür. O, artıq işə başlayıb", - deyə Salatın Əhmədova bildirib.
Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.
Tağı Əhmədov yeni vəzifə alması barədə ilk açıqlamasında buna görə çox sevindiyini bildirib: "Mən hər zaman bu dövlətə, bu xalqa xidmət etmişəm və bundan sonra da belə olacaq. Yeni Azərbaycan Partiyası mənim üçün çox doğmadır".
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov da Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun bu təşkilatın Aparat rəhbəri təyin olunması ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, Tağı Əhmədovun YAP üçün xidmətləri böyükdür: "Tağı Əhmədov Bakı Metropolitenin rəisi vəzifəsindən azad olunandan bəri bizdə Aparat rəhbəridir. Prezident məsləhət bilib onu vəzifədən çıxarıb, yerinə də başqasını təyin edib. Onun YAP-a xidməti və sədaqəti göz qabağındadır".
Tağı Əhmədovun uzun illər çox yüksək postda çalışdığı və az qala nazir səviyyəsində maddi imkanlara və təsir imkanlarına malik olduğu halda indi YAP rayon təşkilatında ikinci-üçüncü dərəcəli vəzifəyə razılaşması maraq doğurur. Bəzi mənbələr istisna etmirlər ki, bu, əslində tamam başqa səbəblərlə bağlıdır.
Söhbət hansı səbəblərdən gedir?
Birinci: ola bilər, Tağı Əhmədov belə bir posta razılaşmaqla onun "vurulmasında" əməyi olan iqtidariçi dairələrə hələ də hakimiyyətlə möhkəm bağlarının qaldığı mesajı göndərmək istəyir. Sabiq metro "şef"i göstərməyə çalışır ki, o, heç də iqtidarın yüksək dairələrinin gözündən düşməyib. Bunu biz Misir Mərdanovun təhsil naziri postundan çıxarıldıqdan sonra böyük bir sevinclə Elmlər Akademiyasında institut direktoru vəzifəsinə getməsi zamanı da müşahidə etmişdik. Bir qayda olaraq, yüksək vəzifələrdə çalışanlar vəzifədən uzaqlaşdırıldıqdan sonra qat-qat aşağı postlarda çalışmağa razılaşırlar, təki bununla öz rəqiblərinə hakimiyyətin gözündən tamamilə düşmədiklərini nümayiş etdirə bilsinlər.
İkinci: belə iddialar da var ki, bu siyasi vəzifə təyinatını Tağı Əhmədovun gələn il parlament seçkilərində iştirak edəcəyinə dair yayılan məlumatlarla da əlaqələndirmək olar. İstisna edilmir ki, Metropolitenin keçmiş rəisinin YAP-da yeni vəzifə alması onun 2015-ci ildə hakim partiya xətti ilə Milli Məclisə üzv seçilməsi istiqamətində bir hazırlıqdır.
Xatırladaq ki, 66 yaşlı Tağı Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışmışdır. Bu ilin əvvəllərində Metropoliten rəhbərliyindən kənarlaşdırılan Əhmədov vəzifəsini itirdikdən sonra mətbuata verdiyi açıqlamalarında bunu təbii qarşıladığını demişdi.
Günel Əkbər